Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mənim muskuluma baaax!” – Araz qırağındakı təlimlərin pərdəsinin bərisində baş verənlər

“Mənim muskuluma baaax!” – Araz qırağındakı təlimlərin pərdəsinin bərisində baş verənlər

Tarix: 22 Oktyabr 2022 20:44

Bu günlərdə İran ordusunun Araz qırağında keçirdiyi təlimlər zamanı çəkilmiş videolar internet resurslarında, sosial şəbəklərdə geniş yayılır. Əsasən təblğat, acıqvermə, hədəbiçmə səciyyəsi daşıyan videolarla yanaşı, təlimlər zamanı yer alan olaylar zamanı çəkilmiş komik videolar da vardı.

Onlardan birində çiynində "Stinger" tipli "yer-hava" raketləri buraxan qurğu tutmuş hərbçi, bir də olduqca yüksək səslə bəlağətli nitq irad başqa bir zabit görünür. Ətrafdakı 4-5 adamın şahidliyi ilə "şərti düşmən" tərəfə buraxılacaq raket tətiyi çəkilərkən uçmadı, raketçi əsgər onu tez yerə buraxdı və ətrafdakılar özlərini gülməli şəkildə yerə atdılar ki, partlayan raketin qəlpələrin tuş gəlməsinlər. O nə bağırış-çağırış idi, bu nə özünü yerə sürtmək idi - çox gülməliydi.

Bu kimi başqa videolar da vardı və onlar o pafosun, möhtəşəm və əzəmətli görünməyə çalışmaların fonunda məzəli görünürdü. Hiss olunurdu ki, hərbi təlimlərin az qala hər anını videolentə almaq, bundan öyünmək, başqalarını qorxutmaq üçün istifadə etməyə çalışanlar şou göstərərkən əl-üzlərinə bulaşdırırlar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, başqa dövlətlər də bu cür hərbi təlimlər keçirir, amma onlardan heç biri poliqona təlimdə iştirak edən hərbçilər qədər də kameraman gətirmirlər. Parad deyil, təntənəli mərasim deyil, hərbi təlimdir, səs-səmirsiz məşqini et, çəkil get.

İndi necə oldu? Birincisi, cida çuvaldan çıxdı, məlum oldu ki, türk-müsəlman düşməni olan Ermənistandan başqa bütün qonşuları ilə münasibətləri pis olan, yumşaq desək, yaxşı olmayan İran "əsas düşmən" yerinə müsəlman-şiə ölkəsi olan Azərbaycanı qoyub, onun sərhəddə keçirdiyi təlimlər sırf anti-Azərbaycan xarakteri daşıyır və bu, molla rejiminin əzələ nümayişindən başqa bir şey deyil. (Cümlənin əvvəlindəki "türk-müsəlman düşməni olan Ermənistan" ifadəsi sözgəlişi işlədilmir, həm 1905-ci, həm də 1918-ci illərdə ermənilərlə azərbaycanlılar arasında baş verən savaş məhz ermənilər tərəfindən "erməni-müsəlman davası" adlandırılıb).

İkincisi, təlimlərdə çəkilən və paylaşılan videolardan göründü ki, İran ordusu qeyri-peşəkar hərbçilərdən təşkil olunub, müasir dövrün hərbi standartlarından geridə qalıb. Bunu təlimlər barədə səhih xəbərlər verən mənbələrin dedikləri də təsdiq edir. Bu geriliyin əsas səbəbi odur ki, İran uzun illərdir Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalardan əziyyət çəkir, öz ordusunu müasir texnoloji qurğular və cihazlarla, hərbi "nou-xau"nun yeni nailiyyətləri ilə təchiz edə bilmir. İranlı generallar bu boşluğun yerini bağıra-bağıra səsləndirdikləri şüarlarla, çəkdikləri kliplərlə, oxuduqları mahnılarla doldururlar.

Əslində, Arazın bir qolunun dayaz suyunu pantonlardan keçməyə ehtiyac yox idi, deputat Siyavuş Novruzovun sözü ilə desək, Arazı velosipedlə də keçmək mümkündür. Ancaq İran "şərti düşmən"ə 1970-ci illərdən qalmış köhnə tanklar nümayiş etdirməyi üstün tutdu. Əvəzində təlimlər zamanı iranlı hərbçilərin hədəfləri düzgün müəyyənləşdirə bilməmələri, öz texnikalarını hədəf götürüb dağıtmaları halları baş verdi. Hətta deyilənə görə, dayaz suda iki tank da batırıblar. Amma bunu göstərən video əldə yoxdur.

Bir də İran generalitetinin, hətta ali dini rəhbərliyin fəxr etdikləri dronlar var. Onların real döyüşdə uğurla sınaqdan çıxdığını bəyan edən fərmandehlər eyni zamanda İranın Rusiyaya Ukraynada istifadə etmək üçün "Şəhid" adlanan kamikadze-dronlar vermədiyini bildirirlər. ABŞ və Ukrayna tərəfi isə qeyd edir ki, İran dronları gerçəkdən Ukrayna ərazisində gedən müharibədə istifadə olunur və onlar ard-arda sıradan çıxarılır.

Yenə paradoksal bəyanatlar var. İranın dronları hansı real savaşda istifadə olunur ki, İran rəhbərliyi onun effektiv silah olunmasıyla fəxr edirlər, eyni zamanda Ukraynada "Şəhid" dronlarının istifadə olunduğunu niyə danırlar? Aydın məsələdir ki, ikincinin səbəbi əlavə sanksiyalara məruz qalmaq qorxusudur. O zaman, demək, dronlara görə fəxr etmək məsələsi də ikinci plana keçməlidir.

Başqa sözlə, müasir dünyada yüksək hərbi texnologiyalara, müasir hərbi texnikaya malik olan dövlətləri köhnə texnikalarla və şou xarakterli hərbi təlimlərlə təəccübləndirmək mümkün deyil. Bu da Qafanda yarımçıq tikilidə konsulluq açmaq deyil ki, Türkiyə prezidenti Ərdoğanın iştirakıyla Zəngilan aeroportunun açılışına cavab olsun deyə İranln XİN rəhbəri tez-tələsik Qafana yollansın və "biz də Ermənistanla müttəfiqik" mesajı versin.

Siyasət və diplomatiya uşaq kimi öcəşməyi, "yaxşı, gününü görərsən" deyə təhdid etməyi sevmir, problemləri soyuqqanlı şəkildə müzakirə edib çözməyi, qarşılıqlı anlaşmanı sevir. Çox təəssüf ki, cənub qonşularımız "mənim muskuluma baaax, dəmir kimidir e" deyə öyünmək yolu seçiblər.

Milli.Az


Etiketlər:  Mənim muskuluma baaax Araz qırağındakı təlimlərin pərdəsinin bərisində baş verənlər


RƏYLƏR