Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2022 23:34
"Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin məndən pul alması ilə bağlı yayılan məlumat doğrudur".
Sonxeber.net xəbər verir ki, bu sözləri bakupost.az -a açıqlamasında Zəngilanın sabiq icra başçısı İlham Hüseynov bildirib.
"Bəli, o, məndən 10 min pul alıb. Amma onun cüzi hissəsini qaytarıb, qalanı qalıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmişəm".
Pulun hansı məqsədlə alındığı barədə sualımıza isə sabiq icra başçısı belə cavab verib.
"Lazım olanda hüquq-mühazifə orqanları bu barədə açıqlama verəcək".
Qeyd edək ki, son parlament seçkiləri vaxtı İlham Hüseynov Anar Əsədlinin seçki qərargahının sədri olub.
Əlavə edək ki, AY Partiyasının sədri A.Əsədlidən mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov da şikayət edib. Belə ki, Partiya sədri Oqtay Qasımova 150 min dollar borclu olduğu və həmin pulu qaytarmadığı üçün ikinci DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ünvanlayıb.
AY Partiyanın mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı ilkin məlumatda isə partiya sədri A. Əsədlinin polisə çağırılmasına səbəb kimi "təşkil edilən şikayət" göstərilib. Həmçinin əlavə olunub ki, həmin şikayətlər əsasında AY Partiyaya təzyiq göstərmək istəyirlər: "AY Partiya bəyan edir ki, bu hərəkətlərlə partiyanı, onun başqanını, funksionerlərini və üzvlərini siyasi fəaliyyətdən, yürüdüyü yoldan döndərmək mümkün olmayacaq".