Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niyə bizdə qadın partiya sədrləri yoxdur? - İLGİNC SƏBƏBLƏR

Niyə bizdə qadın partiya sədrləri yoxdur? - İLGİNC SƏBƏBLƏR

Tarix: 25 Oktyabr 2022 21:15

Sosial Tədqiqatlar Mərkəzinin (STM) apardığı sorğudan məlum olub ki, respondentlərin 51.1 faizi ölkədə qadın liderli partiyaların olmasını istəyir.

Apardığımız araşdırmalardan məlum oldu ki, hazırda Azərbaycanda qeydə alınan partiyaların heç birinin sədri qadın deyil.

Doğrudur, bəzi siyasi qurumların, partiyaların idarə heyətlərində, mərkəzi aparatlarında xanımlara rast gəlmək mümkündür. Amma onların arasında partiya sədri yoxdur.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Azərbaycanda yalnız 1990-cı illərdə qadın partiya sədri kimi liberal demokratların lideri Lalə Şövkət Hacıyeva nüfuz qazanmışdı. Amma sonradan o da yaşının çoxluğu ilə əlaqədar partiyasını xələflərinə əmanət edib istirahətə çəkildi.

Bəs indi niyə qadınlarımız siyasi partiya liderliyinə can atmırlar? Qadınların öz yaxalarını siyasi proseslərdən kənarda tutmalarının səbəbi nədir? Mental dəyərlərin bu məsələyə təsiri çoxmu böyükdür?

Politoloq Yeganə Hacıyeva bildirib ki, Azərbaycanda qadınlar həmişə cəmiyyətin yüklədiyi kəsim olub:

"1990-cı illərin əvvəllərindəki siyasi proseslərdə qadınların rolu böyük idi. Bu gün siyasi partiya liderliyində qadınlar təmsil olunmasa belə, həmin qurumların daxilində icraçı qismində daha çox qadınları görmək mümkündür. Yəni, indi də siyasi proseslərdə əsas yük qadınların çiyninə düşür".

Xanım siyasətçinin fikrincə, qadınların siyasi partiyalarda rəhbərlik təşəbbüsündə olmamasının bir neçə vacib səbəbi var:

"Bilirsiniz, bizim cəmiyyətimiz dünyanın əksər ölkələrində olduğu kimi, çirklidir. Bütün dünyada hər kəsin uğurunun arxasında bir ssenari var. Bundan başqa, cəmiyyətlər şəxs haqqında uydurulmuş ssenarilər də ortaya atırlar. Bunu əsasən cəmiyyətdə rəqib qruplar irəli sürür. Bir nəfərin uğurunu qısqanan qruplar uğurun ssenarisini həmin insanınkı kimi deyil, öz təsəvvürləri kimi ortaya atırlar. Yəni çirkli adamlar uğurlu qadınları çirkləndirməyə çalışır. Bu da qadınların siyasi mühitdən uzaq durmasına gətirib çıxarır. Bunları gördükdən sonra azərbaycanlı qadınlar gücləri çatdığı qədər öndə olmamağa çalışıblar. Qadınlar siyasətlə bağlı qərar verəndə təkcə özlərini yox, ailələrini, yaxın çevrələrini də nəzərə almalı olurlar. Əgər bizim qadınlar avropalılar kimi onun haqqında deyilənləri rahat həzm edə bilsəydilər, o zaman onların siyasi sferada da aktivliyini görmək mümkün olardı. Hətta onlar partiya rəhbərləri və daha yüksək postlarda təmsil olunardı".

Politoloq Fərhad Mehdiyev yuxarıda qeyd etdiyimiz suallara aydın şəkildə cavab vermək üçün ölkədə bir sıra sorğuların, intervyülərin aparılmasını vacib sayır:

"Azərbaycanda niyə qadın mərkəzli və qadınların siyasi partiyaların rəhbərliyində təmsil olunmamasının dəqiq səbəblərini ancaq sosial sorğularla, intervülərlə müəyyənləşdirmək mümkündür. Mənim bu barədə şəxsi mülahizələrimi ifadə edə bilərəm. Mənim hipotezim budur ki, bizdə qadınlar siyasi həyata bir o qədər maraq göstərmirlər. Mental dəyərləri də burada bir versiya kimi irəli sürmək mümkündür. Amma bu da şəxsi yanaşma olacaq. Məsələn, Türkiyədə yalnız bir partiyanın sədri qadındır. Söhbət Meral Akşenerdən gedir. Uzun müddət kişilərin rəhbərlik etdiyi Doğru Yol Partiyasına da bir müddət Tansu Çillər rəhbərlik edib. Səbəblərdən biri Şərq toplumu olmağımızla bağlı ola bilər. Bəli, qadınların ictimai vəzifələr tutması ilə bağlı müsəlmn ölkələrində göstəricilər aşağıdır. Rusiyanın özündə də qadınlar siyasi sferada daha az təmsil olunurlar. Amma Skandinaviya ölkələrində bu göstəricilər yuxarıdır. Məncə, burada milli dəyərlər amili də önəmli rol oynayır. Bizdə qadınların siyasi partiya rəhbərliyində niyə təmsil olunmaması ilə bağlı yeni bir aşadırma aparılmalıdır. Amma bu da maliyyə və vaxt tələb edir".

Milli.Az


Etiketlər:  Niyə bizdə qadın partiya sədrləri yoxdur İLGİNC SƏBƏBLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ