Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2022 17:50
"Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilməlidir"
Yer kürəsi bütün canlılarındır. Bizimlə bərabər itlər də yaşayır. Son illərdə itlərin peyvəndlənməsi, onların qorunmasına diqqət artırılıb. Paralel olaraq isə məhəllələrdə, küçələrdə sahibsiz itlər çoxalıb və insanlara, xüsusən uşaqlara ciddi təhlükələr yaradırlar.
Son vaxtlar it dişləmələri, it hücumuna məruz qalma halları hədsiz çoxalıb. Səbəb odur ki, heyvansevərlərin yerli-yersiz hay-küyü səbəbindən itləri artıq "JEK"lər, digər qurumlar yığdıra, azdıra, həyətlərdən uzaqlaşdıra bilmirlər. Məsələn, bir statistika: təkcə Qazaxda son üç ayda 700 nəfəri it dişləyib!
Sonxeber.net xəbər verir ki, apa-nın məlumatına görə, sonuncu belə hadisə Qazax şəhərindəki küçələrdən birində baş verib. Gündüz saatlarında küçə ilə hərəkət edən yaşlı qadına sahibsiz itlər hücum edib. Yaxınlıqdakı şəxslər qadını küçə itlərinin əlindən alıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirib, tibbi yardım göstərilib. Sakinlərin sözlərinə görə, Qazax rayonunda sahibsiz itlərin sayı günbəgün artmaqdadır. Sakinlər sahibsiz itlərin artmasının səbəbi kimi rayon ərazisində məişət tullantıları qablarının azlığını göstərirlər. Belə ki, toplanan tullantılar həm də itlərin yem mənbəyi rolunu oynayır, nəticədə sahibsiz itlər parklarda, bağlarda kütləvi şəkildə artaraq təhlükə mənbəyinə çevrilir. Belə vəziyyət təkcə Qazaxda deyil. Məsələn, Abşeron rayonunun Ceyranbatan, Müşfiq, Masazır qəsəbələrində, Xırdalan şəhərində sahibsiz itlər hazırda sürü ilə dolaşır. Çoxu da peyvəndlənməyib, birkalanmayıb.
Bəli, heyvanlarla qəddar davranmaq olmaz, günahdır. Bəs onlar insanların həyatına təhlükə yaradırsa, buna bir əncam çəkilməli deyilmi? Sivil ölkələrdən nümunə gətirilirsə, orada heyvan sığınacaqları kifayət qədərdir və küçələrdə sürü ilə dolaşan, insanlara təhlükə yaradan hallar müşahidə edilmir. Bəs biz nə edək, insanları, uşaqlarımızı it hücumlarından necə qoruyaq?
Dünya ölkələrinin təcrübəsinə baxsaq, xüsusilə inkişaf etmiş ölkələrdə işlək mexanizmlər tətbiq olunur. Hətta insanların hüquqları kimi, heyvanların da hüquqları qorunur. Bir çox ölkələrdə onlarla ictimai birlik, QHT, ayrı-ayrı fəallar istər ev, istərsə də küçədə yaşayan heyvanların pis rəftara məruz qalmaması, işgəncə görməməsi və yaxud sadəcə ac qalmaması üçün işlər görür. Maraqlı bir faktı nəzərinizə çatdıraq. Tayvanın bir çox şəhərlərində müxtəlif problemlər yaradan sahibsiz itləri tutmaq üçün dronlardan istifadə edilməyə başlanıb. Tayvanın Taynan şəhərində tətbiq edilən izləmə sistemi üçün də xüsusi komanda yaradılıb. Taynan Heyvan Sağlamlığını Təftiş və Mühafizə Bürosundan verilən açıqlamaya görə, pilotsuz uçuş aparatları sahibsiz itlərin ən çox gəzdiyi əraziləri müəyyən edir, daha sonra həmin məntəqələrə işçilər göndərilir və itlər toplanır. Daha sonra toplanan itlərə xüsusi təlimlər keçirilir və sığınacaqlara aparılır. Taynan Kənd Təsərrüfatı Şurasının 2019-cu ildə apardığı araşdırmaya görə, ölkədə 155 min sahibsiz itin olduğu təxmin edilir. Bu itlərin 19 mini Taynanda, 20 mini isə Pinqtunq şəhərində yaşayır. Ölkəmizdə də son illər heyvansevərlərin sayı artmaqdadır. Sevindirici haldır ki, artıq küçələrdə itlər və pişiklər üçün su və qida qabları qoyulur. Bununla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi hücum halları da az deyil. Bu, müdafiə xarakterlidir, ya həqiqətən heyvanların aqressivləşməsi ilə bağlıdır, bunu yalnız araşdırma nəticəsində öyrənmək olar.
Vəkil Turan Abdullazadə qeyd edir ki, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər: "Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilməlidir. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanmalıdır. Göründüyü kimi, müvafiq qanunvericilik bazası mövcud olsa da, Azərbaycan Respublikasında heyvan hüquqları kifayət dərəcədə qorunmur. Düşünürəm ki, heyvan hüquqlarının müdafiəsi sahəsində həm qanunvericilik aktlarına dəyişiklik edilərək heyvanlara qarşı zorakılıq aktları məsuliyyətin dərəcəsi ağırlaşdırılmalı, cərimənin məbləği artırılmalı, həm də əməli-maarifləndirici tədbirlər gücləndirilməlidir. Vətəndaşları isə bu cür hadisələrə qarşı həssas davranış nümayiş etdirməyə dəvət edir, habelə heyvanlara qarşı rəhmsiz davranış gördükləri təqdirdə dərhal videoçəkiliş edərək aidiyyəti qurumlara və şəxslərə göndərmələrini tövsiyə edərdim. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir. 31 may 2007-ci il tarixli "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Ev heyvanlarının mühafizəsi haqqında" 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyasının 3.1-ci maddəsinə əsasən heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz. Həmin konvensiyaya əsasən, heyvanlar üçün sığınacaq dedikdə, çoxlu sayda heyvan saxlanıla biləcək qeyri-kommersiya xarakterli yer nəzərdə tutulur. Əgər milli qanunvericilik və ya inzibati tədbirlər buna imkan verirsə, belə sığınacaq sahibsiz heyvanları da qəbul edə bilər. Sahibsiz heyvan dedikdə, küçədə, yaxud sahibinin evindən kənar ərazidə yaşayan, sahibinin nəzarəti altında olmayan ev heyvanı nəzərdə tutulur. Sahibsiz heyvanların tutulması, saxlanılması və onların həyatına son qoyulmasına dair bu konvensiyada nəzərdə tutulmuş prinsiplərdən istisnalar yalnız xəstə heyvanların sayına nəzarət üzrə milli proqram çərçivəsində labüd olduğu hallarda edilə bilər. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən heyvanlarla rəhmsizcəsinə davranılması nəticəsində onları şikəst və ya tələf etdikdə, bu, məsuliyyətə səbəb olur. Günümüzdə heyvanlara qarşı münasibətdə "hüquqi nihilizm"in ( boşluğun, etinasızlığın) şahidi oluruq. Təəsüflər olsun ki, heyvan hüquqlarının qorunması sahəsində qanunvericilik baxımından əməli tədbirlər tam olaraq görülməmiş, mütəmadi qanunvericilik səviyyəsində kompleks aktlar qəbul olunmamışdır".