Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 08:39
Rusiya lideri Vladimir Putinin "Valday" diskussiya klubunda Azərbaycan və Ermənistan arasında sülh sazişi, Qarabağ ermənilərinin taleyi və s. ilə bağlı mövqeyi ciddi şübhələr yaradıb. Xüsusilə Ermənistan politoloq və siyasi cameəsinin "Vaşinqton variantı" deyə təsnifləndirdiyi ABŞ-ın təklif etdiyi sülh sazişi ilə bağlı Putinin ötəngünkü açıqlaması 10 noyabr bəyanatının ruhuna zidd olmaqla bərabər, Rusiyanın prosesə mənfi mənada təsir edəcəyi ehtimallarına yol açıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, ancaq Putinin eyhamları ilə reallıqları və İrəvanın hazırkı canatımını müqayisə etmək prosesi anlamaq üçün xüsusilə vacibdir.
1. Putinin sözlərindən belə çıxdı ki, "Vaşinqton variantı" adlandırılan sülh təklifi Ermənistanın maraqları baxımından daha qeyri-münasibdir, Rusiya isə "Ermənistan hakimiyyəti və erməni xalqının razı olduğu" daha fərqli yanaşmaya baxa bilər.
Nəzərə alaq ki, Putinə sualı erməni politoloq Aleksandr İsgəndəryan vermişdi və "Vaşinqton variantı" terminini də o işlətmişdi, Putin onun istilahına istinad etdi. Digər tərəfdən, "Vaşinqton variantı" ilə Qarabağın tamamilə Azərbaycanın yurisdiksiyasına veriləcəyini də İsgəndəryan səsləndirdi.
"Vaşinqton variantı" deyə, ortaya atılan "ehtimali sülh sazişi" haqda heç bir mənbə yoxdur və orda nələrin nəzərdə tutulduğu da məlum deyil. Məlum olan bu variantın Qərb tərəfindən təklif edilməsidir. Demək, "Vaşinqton variantı" adlı mücərrəd sənəddə birmənalı olaraq Blinken-Makron cütlüyünün "zəhməti" var. ABŞ Dövlət katibi Entoni Blinken və Fransa Prezidenti Emmanuel Makron Ermənistan üçün daha acınacaqlı sülh sazişi təklif edir?
Əgər belədirsə, Ermənistan baş naziri niyə israrla sülh sazişinin "Qərb versiyasına" qaçır və bu barədə vaxtaşırı olaraq erməni hakimiyyətindən mediaya informasiyalar sızır? Ermənistan hakimiyyəti niyə öz varlığını daha ciddi zərbə altında qoyacaq sazişə meyil etsin?
2. Praqa görüşündən Bakının o qədər də razı qalmadığı, bu dördtərəfli görüşdə İlham Əliyevə təsir etməyin mümkün olmadığı, buna görə də dördlüyün eyni gündə ikinci dəfə, gecə saatlarında görüşdüyü, nəticənin isə Makronun Bakıya və Rusiyaya qarşı səsləndirdiyi ittihamlarda əksini tapdığını bildirmişdik. Əliyevə təsir etməyin mümkün olmadığını anlayan Makron görüşdən dərhal sonra Bakı və Kremli suçlayan məşhur açıqlamasını vermişdi.
İlham Əliyev də Praqa görüşündən sonra məhz Astanada Ermənistan baş nazirinin xəyanətlərini, 10 noyabr bəyanatının icrasından yayınmaq üçün oyun qurduğunu, regiona "mülki missiya" adı ilə kənar qüvvələri daşıdığını və Rusiyanın maraqlarını baltaladığını dedi. O toplantıda Putin üzbəüz-, Paşinyan isə Əliyevin yanında əyləşmişdi.
İlham Əliyev 10 noyabr bəyanatının dəqiqliklə yerinə yetirilməsini tələb edir. Bu halda
a) Ermənistanın hərbi qüvvələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır;
b) Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən "maneəsiz yol" (!) açılmalı və bu yola Rusiya Sərhəd Xidməti nəzarət etməlidir.
Qarabağ artıq həll edilmiş məsələdir və burda "Vaşinqton", "Moskva" və yaxud "Brüssel" variantının olub-olmaması önəmli deyil.
İndi ən vacibi, Qərbin əsas maraq dairəsində olan Ermənistandan açılacaq yoldur, bu yolun necə açılması və kimin nəzarətində olmasıdır.
10 noyabr bəyanatının tələbləri ilə bu yol dəhliz statusundadır və Rusiya Sərhəd Xidmətinin birbaşa zaminliyi ilədir; "Brüssel", "Praqa", "Vaşinqton", "Tehran" isə bu dəhlizin açılmasına imkan verməmək və bunun Rusiya sərhədçilərinin nəzarətinə keçməməsi üçün çalışır.
Bu məqamda Azərbaycanla Rusiyanın maraqları tam-tamına üst-üstə düşür. Bakı həm 10 noyabr bəyanatının hər bir bəndinin yerinə yetirilməsinə nail olur, həm də Laçını rus sülhməramlıların nəzarətinə verdiyi kimi, rus sərhədçilərin nəzarətində də Naxçıvana dəhliz alır.
Digər tərəfdən, sərhədin delimitasiyası da önəmlidir və Putin ötən gün bunu xüsusi vurğuladı. "Vaşinqton" (Blinken-Makron) 1991-ci il Almatı sənədinə əsaslanmaqda israr edir, Ermənistan isə bundan ruhlanaraq, 1929-cu il 18 fevralda Azərbaycandan qopardığı torpaqlarla sərhədin çəkilməsinə çalışır.
Ancaq Rusiya MN-in arxivində olan xəritələr var axı! Bu xəritələrlə delimitasiyaya yardım edə biləcəyini Rusiya bir neçə dəfə dilə gətirmişdi və təəssüf ki, son vaxtlar bu bəyanatlar səsləndirilmir. Üstəlik, anklavlar məsələsini də unutmaq olmaz və Ermənistan bu prosesi də ən yaxşı halda "gələcək onilliklərə" saxlamağı hədəfləyir.
Rusiyanın vasitəçiliyi ilə imzaladığı kapitulyasiyada isə Ermənistan bir çox "şansdan" məhrumdur.
Putinin "Valday"dakı ümumi nitqi və zarafatları bir daha Rusiya liderinin İQ səviyyəsini ortaya qoydu: heç bir söz havaya deyilmir, hər sözün hədəfi və siyasi məqsədi var.
Putin Qərbin Azərbaycan-Ermənistan sülhündə həlledici olmasına və "Vaşinqton variantı"na imkan verməyəcəyini dolayısı ilə dedi: Putin atəşkəsə nail olub; Putin 10 noyabr sazişi ilə tərəfləri ortaq məxrəcə gətirib; Putin 11 yanvar və 26 noyabr bəyanatları ilə bölgədəki iqtisadi maraqlarını təmin edib və indiki sanksiyalar vaxtı Zəngəzur dəhlizi ilə Rusiyanın bir böyük nəqliyyat-kommunikasiya dəhlizi əldə etməsi şansını əldən verməyəcək.
Fikrimizcə, "Valday"da 31 oktyabrdakı görüşün nəticələrinə Ermənistan cəmiyyətinin hazırlanması mesajı vardı - yəni "Vaşinqton" pisdir, "Moskva" (və yaxud "Soçi") yaxşıdır.
Putin Vaşinqtonu qabaqlamaq və nəqliyyat dəhlizi üzərində hökmünü saxlayacaq saziş üçün 31 oktyabra ciddi hazırlaşıb.