Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2022 17:57
Tanınmış hidroloq alim, coğrafiya elmləri doktoru, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Dissertasiya şurasının üzvü Rəna Mirtağı qızı Qaşqay vəfat edib.
Bu barədə İnstitutdan məlumat verilib.
Qeyd edək ki, R. Qaşqay 1938-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə coğrafiyaçı ixtisası üzrə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini bitirib.
1959-cu ildən etibarən Azərbaycan EA Coğrafiya İnstitutunun Hidrologiya şöbəsində laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb, 1986-cı ildən 2022-ci ilin oktyabr ayınadək Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinə rəhbərlik edib.
1966-cı ildə Moskva şəhərində "Böyük Qafqazın su balansı (Azərbaycan daxilində)", 2009-ci ildə "Azərbaycan çayları axımının formalaşması, keçməsi və istifadəsinin coğrafi aspektləri" adlı namizədlik dissertasiyalarını müdafiə edib.
Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib, Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.
Əsas elmi fəaliyyəti Azərbaycan çaylarının axınına həsr edilib. Onun tərəfindən çayların formalaşması və onların çoxillik tərəddüdləri aşkar edilib. Çayların qida mənbələrinin (yeraltı, səth) qanunauyğunluqlarını müəyyən edib, onların qarşılıqlı əlaqələri nəticəsində respublika ərazisində hidroqrafik rayonlaşma aparıb və ayrı-ayrı yüksəklik qurşaqlarının, təbii vilayətlərin, iqtisadi rayonların və s. su ehtiyatlarını hesablayıb. Çay sularının formalaşmasında iştirak edən yeraltı suların müəyyənləşdirilmə metodikasını işləyib.
Üç monoqrafiya və 60-dan artıq elmi məqalənin müəllifidir. Bunlardan "Azərbaycan SSR-in su balansı" (həmmüəlliflə, 1979), "Azərbaycan SSR-in su ehtiyatları" (həmmüəlliflə, 1989) və s. göstərmək olar. İnstitutda hazırlanan "Konstruktiv coğrafiya" (3 cild) monoqrafiyasının, eləcə də "Azərbaycanın təbii şəraiti və təbii ehtiyatlar" atlasının əsas müəlliflərindəndir. "Azərbaycan Respublikasının fiziki coğrafiyası" (2015), "Naxcıvan MR-nın fiziki coğrafiyası" (2018), "Türk dünyasının fiziki coğrafiyası" (2019) monoqrafiyalarında "daxili sular" bölmələrinin müəllifidir.
Coğrafiya İnstitutu və Su Problemləri İnstitutlarının elmi və elmi-texniki şurasının və akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olub.