Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 08:56
Belarusda son günlər ölkənin Milli Elmlər Akademiyasının (BMEA) və onun struktur bölmələrinin 44 əməkdaşı saxlanılıb.
Bu barədə "Naşa Niva" məlumat yayıb.
Nəşrin məlumatına görə, saxlanılmalar bir sıra akademik institutlarda və azı biri Milli Elmlər Akademiyası Rəyasət Heyətinin aparatında həyata keçirilib.
Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları telefonları yoxlayıb, fotoqalereyaları və teleqram kanallarına abunəlikləri incələyiblər. Bəziləri saxlanılaraq dindirilmək üçün komitəyə aparılıb, digərlərinə isə xüsusi xidmət orqanları ilə əməkdaşlıq təklif olunub. Azı altı nəfər Akrestsinadakı müvəqqəti saxlama məntəqəsinə göndərilib.
Akademiya əməkdaşlarının sözlərinə görə, bəzi institutlarda DTK əməkdaşları insanların öz iş kompüterlərində hansı linkləri açdıqları barədə məlumat toplayıblar.
"Azadlıq" radiosunun Belarus xidmətinin BMEA-dakı mənbələri bu məlumatı təsdiqləyib. Milli Elmlər Akademiyasının rəhbərliyi "profilaktik danışıqların" aparıldığını və saxlanılanların əksəriyyətinin sərbəst buraxıldığını bildirib.
Belarus Milli Elmlər Akademiyasına müxtəlif təşkilati-hüquqi formalı 109 təşkilat, o cümlədən 6 dövlət birliyi, 46 idarə, 50 unitar müəssisə, 4 açıq səhmdar cəmiyyəti və Belarus Respublika Əsas Tədqiqatlar Fondu tabedir.