Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mənsum İbrahimovdan sonra bir neçə Məcnunlar da oldu, amma...”

“Mənsum İbrahimovdan sonra bir neçə Məcnunlar da oldu, amma...”

Tarix: 5 Noyabr 2022 11:05

"İnsanda öncə eşq, sevgi olmalıdır. Eşq olanda bütün uğurlara çatmaq, nailiyyətləri əldə etmək asan olur. İstər işinə, istər ailənə, istər xalqına, vətəninə sevgin olmasa sən necə yaşaya bilərsən? Bütün bu sevgilər birləşir və insan sənətini və insanları sevir. Biz heç vaxt düşünməməliyik ki, bu həyat mənə verilibsə, onu istədiyim kimi yaşayacağam. Xeyr! Bu həyatı yaşayacaqsan, istədiyin kimi də yaşaya bilərsən. Amma sən əhatəni, çevrəni, yaxınlarını, xalqını nəzərə almalısan. Hər bir sənətkar hansısa xarici ölkəyə gedib musiqimizi təmsil edəndə səhnəyə çıxıb oxumazdan əvvəl görkəmi insanlara onun haqda haqda məlumat verir. Sən hansı ölkədən gəlmisənsə onun nümunəsisən. Bunları biz hər zaman yadımızda saxlamalıyıq".
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, "Şöhrət" ordenli sənətkar Şəkinə İsmayılova deyib. O, daha sonra əlavə edib.

"Dünyanın 50-yə yaxın ölkəsində muğamımızı təmsil və təbliğ etmişəm. Orada bir Azərbaycan qadını olaraq səhnəyə çıxmışamsa, belə bir məsuliyyətli iş mənim boynuma düşübsə mən necə ona məsuliyyətsiz yanaşa bilərdim?! Ən gözəl sevgi xalqın sənə olan sevgisidir. Xalq səni necə qəbul edirsə əlbəttə ki, sən həmin insansan. Çünki hər bir şeyi həyatda qazanmaq olar. Bəzən deyirlər ki, pul hər şeyi həll edir. Pul hər şeyi həm həll edir, həm də həll etmir. Müəyyən bir zirvəyə gəlib çatırsan. Oraya gəlmək də çətindir, qalmaq da. Muğam sənətini bizim kişi xanəndələrimizlə yanaşı qadınlarımız da yürüdüblər. Xanım sənətkarlarımızı unutmaq olmaz. Əgər bu gün bizim muğamımız dünyaya səs salıbsa burada xanım ifaçılarımızın da çox böyük rolu var. Bu gün missiyamız da bizə gələn xanım xanəndəlik məktəbini tələbələrimizə ötürməkdir. Bu sənət yaşamalıdır. Mən sənətə gələndə o vaxtkı dövr başqa idi. İndi atalar, analar qızlarının sənətdə olmasına sevinir. Amma mənim vaxtımda valideynlər də qızlarının bu sənətə gəlməsinə narazı idilər. Nə yaxşı ki, gözəl insanlar, o istedadı görən böyük şəxsiyyətlər var idi. Opera səhnəsinə yeni gəlmişdim. Rəşid Behbudov kimi böyük sənətkarın nəzərini cəlb etmək elə böyük bir xoşbəxtlik idi ki. Çünki o dövrdə çox gənclər istəyərdilər ki, Rəşid Behbudov onları da getdiyi səfərlərə aparsın" deyə sənətkar bildirib.
 
Xalq artisti opera səhnəsində oynadığı obrazlardan da danışıb.

"Opera səhnəmizin neçə yaşı varsa oradan 30 il mənim ömrümə yazılıb. Fəxr edirəm ki, bu 30 il mənə qismət olub, orada elə böyük sənətkarlarla səhnə bölüşmüşəm ki, hərəsi bir tarixdir, kitabdır. Leyli kimi ilk dəfə səhnəyə çıxanda mənim tərəf müqabilim, Məcnun rolunun ifaçısı böyük sənətkarımız Canəli Əkbərov olub. Mən teatra gələndə orada 3 böyük xanım xanəndə-Rübabə Muradova, Zeynəb Xanlarova və Nəzakət Məmmədova Leyli obrazını ifa edirdilər. 17 il fasilədən sonra mən teatra gəlmişdim. O illərdə olan Məcnunlara da mənimlə tərəf müqabili olmaq maraqlı idi. İkinci dəfə Arif Babayevlə, daha sonralar isə Baba Mahmudoğlu, Alim Qasımov, Mənsum İbrahimovla tərəf müqabili olmuşam. Mənsum İbrahimovdan sonra bir neçə Məcnunlar da oldu, amma yaradıcılığımın elə bir dövrünü yaşayırdım ki, mən özüm seçim edirdim. Mənsum İbrahimovdan sonrakı Məcnunlarla səhnəyə çıxmadım" deyə xanəndə bildirib.

Milli.Az


Etiketlər:  Mənsum İbrahimovdan sonra bir neçə Məcnunlar da oldu amma


RƏYLƏR