Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2022 08:24
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 177 (oğurluq) və 178 (dələduzluq) maddələrinin Konstitusiyanın 25-ci maddəsinin I hissəsi baxımından və Cinayət Prosessual Məcəlləsinin 318-ci və 391.8-1-ci maddələri əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Gəncə Apellyasiya Məhkəməsinin müraciəti elan olunub.
Plenum iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi əvvəlki ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair müvafiq protest olduğu təqdirdə, işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.