Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 07:36
"Hər iki komanda son üç oyunda ardıcıl qələbə qazanmışdı. Yaxşı formada olan komandaya qarşı oynadıq. Diqqətli olmalıydıq".
Bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Moldova ilə səfərdə keçirilən yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib:
"Bu gün yeni müdəfiə xətti ilə oynayırdıq. Mərkəzdə çıxış edən Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk çox yaxşı oyun keçirdilər. İlk hissədə əla futbol oynadıq, bir çox qol imkanları yaratdıq. Artıq ikinci hissənin son 10 dəqiqəsində oyunu xeyrimizə bitirə bilərdik. Komandanın oyunundan razı qaldım. 90 dəqiqə ərzində mübarizəni dayandırmadıq. Yeganə narahatlığım son dəqiqələrdə qol buraxmağımız oldu. Hərçənd buraxdığımız qolda situasiyanı daha yaxşı idarə edə bilərdik. Şahruddin çox yaxşı oyun keçirdi. Futbolçularım çox istəkli idilər. Belə davam etməliyik".
De Byazi Şimali Makedoniya ilə noyabrın 20-də keçiriləcək yoldaşlıq matçı haqda da danışıb: "Çox çətin rəqibdir, yaxşı futbolçuları var. Albaniya millisində çalışarkən onlarla qarşılaşmışıq. Komandanı çox yaxşı tanıyıram. Uğurlu nəticə əldə etmək üçün daha yaxşı oyun keçirməliyik".