Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mövsümün əvvəlində heç nə həll olunmur'' - Qurban Qurbanov

''Mövsümün əvvəlində heç nə həll olunmur'' - Qurban Qurbanov

Tarix: 6 Oktyabr 2019 23:24

 "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Sabah"la oyundan (2:0) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Həm çempionat, həm avrokubok oyunlarına çıxırıq. Futbolçularda istək həddən artıq çox olmalı idi. Həm fiziki, həm psixoloji yorğunluq var. Avrokubokdan sonra çempionata köklənmə problem ola bilərdi. Amma çox aktiv göründülər. “Sabah”a uğurlar arzulayıram. Asan qələbə olmadı. Çox istəkli rəqib gördük. Şükür olsun ki, 3 xal qazandıq.
 
- Rəqib hücumçular belə zəifdir ki, 7 oyunda cəmi 1 qol buraxmısınız?

- Xeyr. Belə yanaşmaq istəməzdim. Bəzən bu cür period olur. Çox nadir hallarda baş verir. Qol buraxmamaq istəyi çoxdur. Bu gün də qapımız qarşısında təhlükəli epizodlar oldu. Rəqib hücumçular barədə belə fikir səsləndirmək istəməzdimş. Hər oyun müdafiəçilərimiz çox çalışırlar, bəzən də qapıçı qurtarışlar edir.
 
- Mahir Mədətovun durumu necədir?

- Topuq hissəsi şişib. Gördüyümüz qədər yaxşı deyil. Sabah rentgen müayinəsindən sonra dəqiq bilinəcək. Onun belə zədə almasını istəməzdik. Zədədən yeni qayıtmışdı və formasını bərpa edirdi. Ancaq futboldur, belə şeylərə hazır olmalıyıq.
 
- Hakimliklə bağlı nəsə demək istəmirsiniz? Oyunboyu dördüncü hakimə etirazlarınız oldu...

- Oyunboyu narazılıq bildirmədim. İkinci sarı vərəqə zamanı etirazım oldu. Amma sonra ona yaxınlaşıb, danışdım. Oyunun əvvəlində iki “sarı” verilməsi məni özümdən çıxardı. Futbolda belə şeylər normaldır. Gənc hakimlər var. Onlara uğurlar arzulayıram.
 
- Çempionat oyunlarına futbolçuları necə motivasiya edirsiniz?

- Mövsümün əvvəlində heç nə həll olunmur. Əlimizdə şans varsa, xal ehtiyatını artırmağa çalışmalıyıq. Heç bir komanda ilboyu eyni səviyyədə qala bilmir, hər hansı müddət problemlə üzləşir. Nə qədər imkan varsa, maksimum hazır olmalı və xallar qazanmalıyıq. Futbolçular getdikcə daha da peşəkarlaşır. Mənim söz ehtiyatım o qədər də çox deyil. Sadəcə, futbolçularla dialoqdayıq, həmişə bir yerdəyik. Bacardığımız qədər yaxşı nəticələr qazanmaq istəyirik.
 
- Sizə “Traktor Azərbaycan”ın forması hədiyyə olundu. Bu komandanı izləyirsinizmi?

- Bu gün aparıcılarını izlədim, futbolçusuna şeir deyirdi. Oyunlarını yox, amma qollarına baxıram. Onların vəziyyəti ilə maraqlanıram.
 
- Gələcəkdə onlarla yoldaşlıq oyunu keçirmək mümkün ola bilərmi?

- Hər şey mümkündür. Sadəcə, bu, o halda olur ki, hər iki komandanın uyğun vaxtı olsun. Bizim hazırda zamanımız yoxdur. İndi bu barədə düşünməmişik.
 
- Moskva “Spartak”ının baş məşqçisi təyin olunacağınızla bağlı xəbərlər var...

- Deyəsən, xəbər çıxdı ki, yeni baş məşqçiləri müəyyənləşib. Belə yazılara o qədər də önəm verməyək.
 
- Fasilədən necə istifadə edəcəksiniz?

- Minimum bir yoxlama oyunu keçirmək istəyirik. Amma ola bilər ki, bu, heç 90 dəqiqə olmasın. Ayın 12-nə planlaşdırırıq. Məşqin əvəzinə belə oyun keçirə bilərik.
 
- Beqoviçlə müqavilə qışa qədərdir. Onu daha uzun müddət saxlamaq mümkün olacaqmı?

- Gücümüz çatan qədər müqavilə bağlamışıq (gülür). Qışda nə olacağını görəcəyik. Komandaya tez uyğunlaşdı. Pozitiv insandır, sanki bir neçə ildi burdadır. Heç düşünmürük ki, ingiltərədən gəlib, çox sadə və peşəkardır. Qalmasını istəyərik.
 
- Onun qapıda sərgilədiyi futbol səviyyəsində hücum oyunçusuna ehtiyac hiss edirsinizmi?

- Bu gün oyunçularımdan razıyam. Qeye də özünə gəlir, Mahir yaxşı çıxış edir. Beqoviç səviyyəsində axtarmaq üçün o çempionatlara getmək lazımdır. Bu da bəlkə 10 ildən bir alınar. Əlimdə olanlardan razıyam. Ola bilər ki, çox yaxşı futbolçu gəlsin, amma kollektivə ziyan versin. İndi kollektiv çox mehriban, istəklidir və hamı bir-birinə hörmətlə yanaşır. Mənim üçün daha önəmlisi budur. Hər xəttə əlavə futbolçu istərdim. İmkan olduqca transferlər edirik. Bəlkə də, gələcəkdə belə oyunçu da olacaq.
 
- 6 ildir avrokuboklarda qrup oynayan “Qarabağ”n Beqoviçi saxlamağa gücü çatmaz?

- Yox (gülür). Bilmədim nə cavab verim. Həyatdır, bilmək olmaz.

 


Etiketlər:  Mövsümün əvvəlində heç həll olunmur Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ