Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron Tunisdə də “erməniliyindən” qalmadı...

Makron Tunisdə də “erməniliyindən” qalmadı...

Tarix: 22 Noyabr 2022 09:06

Elşad Həsənov: "Makron məlum qərəzli siyasi addımları ilə bütün körpüləri yandırdı"

Məlum olduğu kimi, Tunisin Cerba şəhərində davam edən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində 18 noyabr 2022-ci il tarixində baş tutmuş Nazirlər iclası zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən təxribat xarakterli və sözügedən Təşkilatın üzvlərinin guya Azərbaycana qarşı mövqe tutmaları ilə bağlı təhriflərlə dolu bəyanat səslənib.

Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, Cerba Zirvə Görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyilə Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunub: "Lakin sənəd layihələrinin müzakirəsi mərhələsində bir neçə üzv dövlətin müdaxiləsi nəticəsində ölkəmizə qarşı sözügedən ifadələr mətnlərdən çıxarılaraq, layihələrə Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib. Bununla belə, sənədin yekun layihəsində hələ də Təşkilatın mandatına aid olmayan və Ermənistanın siyasi təbliğat vasitələrinə təhrik imkanı verən müəyyən elementlər qalmaqdadır. Sənədlərin razılaşdırılması prosesi çərçivəsində Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu müddəalara etiraz edən ölkələrə qarşı Fransa tərəfindən əlavə siyasi təzyiqlər və diplomatik praktikadan kənar çəkindirmə addımları atılıb. Bu təzyiqlərə baxmayaraq, 18 noyabr 2022-ci il tarixində keçirilmiş Beynəlxalq Frankofoniya Təşkilatına üzv dövlətlərin Nazirlər İclası zamanı bəzi üzv dövlətlər bir daha söz alaraq qətnamə layihəsinin müvafiq bəndlərinə etiraz etdiklərini və sənədin qəbuluna razı olmadıqlarını bəyan edib. Bununla belə, etirazlara məhəl qoyulmadan, qərar qəbuletmə prosedurları pozularaq və üzv dövlətlərin mövqeləri nəzərə alınmadan, sənəd layihəsinin Zirvə Görüşünə təqdim edilməsi üçün təsdiqləndiyi bildirilib. Bu məqamda qərara etiraz edən nümayəndələr konfrans zalını tərk edib".

Görünən odur ki, Fransa prezidenti Emmanuel Makron yenə də öz "erməniliyini" etdi. Çünki Tunisin Cerba şəhərində Azərbaycanın əleyhinə köklənmiş bu prosesin "memarı" Makron oldu. Bir həftə əvvəl Makron Prezident İlham Əliyevə zəng edərək Frankofoniya konfransından öncə bizim Prezidentimizlə danışmaq istədiyini bildirib, Azərbaycan-Ermənistan normallaşmasına bundan sonra da səy göstərəcəyini deyib. Bizim Prezident isə bütün səylərin balanslı, obyektiv və tərəfsiz olmalı olduğunu xatırladıb. Hələ həmin günlərdə Makronun niyə məhz Frankofoniya konfransından əvvəl İlham Əliyevlə danışmaq istəməsi suallar doğurmuşdu. Çünki Makron Paşinyanla hər ikitərəfli görüşündən əvvəl Bakıya telefon açmır. Görünən budur ki, Cerba konfransından əvvəl Prezident İlham Əliyevdən eşitdiyi prinsipial "bütün səylər tərəfsiz və ədaətli olmalıdır" fikrinə görə öz aləmində Azərbaycandan növbəti qisasını almaq üçün tam antiazərbaycan məzmunlu sənədin müzakirəyə çıxarılmasına nail olub. Hətta Fransa hökumətinin Azərbaycanı müdafiə edən bəzi ölkələri hədələdiyi barədə məlumatlar var. Makron-Paşinyan tandeminin bir düşmənçiliyini də belə gördük. Bizim üçün hansısa Frankofoniya sənədinin kəsəri, təbii ki yoxdur. Vacib və önəmli olan odur ki, Fransanın nəinki tərəfsiz vasitəçi olması mümkünsüzdür, artıq heç bundan söhbət belə gedə bilməz.

"Ona görə bu pislikləri edir ki, dünya siyasi arenasında ölkəsinin adına yaraşan layiqli yer tuta bilmir"

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, bütün bunlar onu göstərir ki, dünya siyasi arenasında özünə yer tapa bilməyən Makron Azərbaycana yönəlik hər cür pisliklərə rəvac verir: "Bu, xüsusən Praqada dördtərəfli görüşdən sonra özünü daha qabarıq göstərməyə başladı. Belə ki, yerli telekanallara müsahibə verən Makron Azərbaycanın ünvanına hədyanlar səsləndirməyə başladı. Daha sonra Fransa Senatı Azərbaycanla bağlı iftira xarakterli qətnamə qəbul etdi. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa müstəqil dövlətin daxili işinə qarışır. Separatçı ünsürlərə birbaşa dəstək verir. Bu da dünya praktikasında olmayan bir hadisədir. Qarabağdakı separatçıların "müstəqilliyini" Ermənistanın özü tanımayıb. Fransa Senatının timsalında Makran ermənidən çox erməniliyini göstərir. Bununla Makron özünün siyasi fiqur kimi məhvinə səbəb olacaq. Makron ona görə bu pislikləri edir ki, dünya siyasi arenasında ölkəsinin adına yaraşan layiqli yer tuta bilmir. Rusiya-Ukrayna müharibəsində vasitəçi olmaq istədi, amma alınmadı. Hər iki tərəf onu qəbul etmədi. Makronin riyakarlığı həm də Türkiyənin liderliyi ilə bağlı olan qısqanclığıdır. O, Türkiyəyə qarşı bir şey edə bilmədiyi üçün bu ölkənin ən yaxın müttəfiqi Azərbaycana qarşı əlindən gələni edir. Bütün bunların nəticəsidir ki, Tunisin Cerba şəhərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının tədbirində Azərbaycanla bağlı növbəti məkirli siyasətini həyata keçirməyə cəht etdi. Həmin tədbirdən əvvəl Makron Prezident İlham Əliyevlə telefonla danışaraq bir növ öz iradəsini sırımaq istəsə də, buna nail ola bilməyib. Makron öz aləmində belə tədbirlərlə Azərbaycana təzyiq göstərmək istəyir. Ancaq tam əksinə olaraq özünü siyasi baxımdan biabır edir, Fransanın mövqeyini heçə endirir. Bütün bunlar o deməkdir ki, Fransanın bundan sonra hansısa vasitəçilik təşəbbüsü bəri başdan fiasko ilə üzləşəşək. Ən azından ona görə ki, Makron məlum qərəzli siyasi addımları ilə bütün körpüləri yandırdı".


Etiketlər:  Makron Tunisdə erməniliyindən qalmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ