Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2019 11:36
Bakı. Samir Əli - Trend:
Tərtərdə yerləşən sort-sınaq məntəqəsində yunan texnologiyası əsasında becərilmiş pambıq sahəsində yığıma start verilib. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev, təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin rəhbərlərinin, yerli fermerlərin iştirakı ilə keçirilən tədbirdə yeni texnologiya əsasında aparılan becərmənin üstün tərəfləri barədə iştirakçılara məlumat verilib.
Nazirlikdən Trend-ə bildirilib ki, layihəyə 2019-cu ilin mayında start verilib. Layihənin icraçıları Yunanıstyanın “BİOS AGROSYSTEMS” şirkəti, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzidir. Təcrübə sahəsində Yunanıstanın “Christina”, “Prime 1004”, ABŞ-ın “PRG 9811”, “PRG 9048”, Türkiyənin “BA 440”, “Flash”, “Lima”, “Carisma” sortları ilə yanaşı “Gəncə 110”, “Gəncə 114”, “Gəncə 160” və “Gəncə 182” sortları becərilir.
Rəfail Quliyev bildirib ki, Tərtər rayonu ərazisində 6 hektar sahədə becərilmiş pambıq sortları müxtəlif xüsusiyyətlərinə görə fərqlənir: “Sortlar əsasən məhsuldarlığına, lif çıxımına, xəstəliklərə qarşı dözümlülüyünə, vegetasiya dövrünə görə bir-birindən fərqlənir. Üstün cəhətləri olan sortların həm yerli şəraitə uyğun becərilməsi, həm də bu sortlar əsasında yeni pambıq sortlarının yaradılması istiqamətində təcrtübələr aparılır. Bu sahədəki pambıq toxumluq məqsədilə becərilir və apardığımız ilkin müşahidələr göstərir ki, texnoloji xəritəyə uyğun becərmə aparıldığı təqdirdə bu sortlar çox yüksək məhsuldarlıq verə bilər”.
Nazirliyin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, pambıqçılıq üzrə elmlər doktoru Ələddin Tağıyev və digərləri tədbir iştirakçılarına yeni sortların xüsusiyyətləri, texnoloji xəritəyə uyğun becərmənin aparılması qaydaları və s. barədə geniş məlumat veriblər.
Tədbirə qatılan fermerlər üçün pambığın becərilməsi mövzusunda geniş təlim keçirilib. Təlimdə pambıq yığımı dövründə görülməli olan işlər, yığım başa çatan sahələrin təmizlənməsi, yeni mövsümə hazırlıq işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin