Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həkim məsləhəti” - tibb üzrə fəlsəfə doktoru, cərrah-transplantoloq Dr. Mircəlal Kazımi

“Həkim məsləhəti” - tibb üzrə fəlsəfə doktoru, cərrah-transplantoloq Dr. Mircəlal Kazımi

Tarix: 8 Oktyabr 2019 10:36

Bakı. Trend:

“Həkim məsləhəti” rubrikamızda Mərkəzi Gömrük Hospitalının həkimi, tibb üzrə fəlsəfə doktoru, cərrah-transplantoloq Dr. Mircəlal Kazımi öd daşı xəstəlikləri ilə bağlı sualı cavablandırıb.

Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda öd daşı xəstəlikləri çox geniş yayılıb. Öd kisəsində daşı olan hər xəstə mütləq əməliyyat olunmalıdırmı? Öd daşından qurtulmaq üçün nə etmək lazımdır? Hansı hallarda əməliyyat, hansı hallarda müalicə üsullarından istifadə olunmalıdır?

- Doktor, cərrahi xəstəliklər arasında ən çox rast gəlinəni öd kisəsi əməliyyatlarıdır. Bu əməliyyatlar əksər hallarda öd kisəsində olan daşlara görə, bəzi hallarda öd kisəsinin polipi və yaxud daş olmadan öd kisəsinin iltihabına görə olunan əməliyyatlardır. Hər öd daşı olan xəstəyə öd kisəsi əməliyyatı etmək, yəni xolesistektləmə lazımdırmı?

- Bu sual daha çox verilən suallardandır. Təəssüflər olsun ki, öd kisəsi daşına görə əməliyyat olunan xəstələrin sayı çoxdur. Əslində tibbi olaraq hər öd kisəsi daşı olan xəstələrə əməliyyat göstəriş deyil. Öd kisəsinin daşı olub kliniki simptomları olarsa, belə xəstələrin əməliyyat olunmaqları məsləhətdir. Amma öd kisəsində daşı olub ağrılardan şikayət yoxdursa, əməliyyat məsləhət deyil. Qeyd edim ki, burada əsas məqam pasiyentin bu xəstəliklə yanaşı digər xəstəliyinin olub-olmamasıdır. Məsələn, əksər xəstələrin, xüsusən də şəkərli diabetdən əziyyət çəkən xəstələrin öd kisəsində daşlar olur. Bu, müxtəlif səbəblərlə: həyat tərzi ilə, metabolik proseslə bağlıdır, amma şəkərli diabetdən əziyyət çəkən xəstələrin öd kisəsində daşın olması özü də əməliyyata ayrıca göstərişdir. Yəni burda öd kisəsi daşının kliniki simptomlarının olması şərt deyil. Şünki şəkərli diabeti olan xəstələrdə öd kisəsi ağrılarını ilkin mərhələlərdə xəstələr hiss etməyə bilərlər. Amma öd kisəsində daşı olan şəkərli diabet xəstələri gecikmiş mərhələlərdə: öd kisəsinin iltihabı olduğu zaman, öd kisəsində qanqrena, abses olduğu zaman əlamətlər özünü göstərir. Bu da əməliyyatın fəsadını və əməliyyatın gedişatını çətinləşdirir. Ona görə də məsləhət görərdim ki, öd kisəsində daşı olan şəkərli diabet xəstələri zamanında xolesistektləmə əməliyyatına məruz qalsınlar. Təbii ki, bu əməliyyatın professional və ixtisaslaşmış tibb müəssisələrində olunması məsləhətdir. Öd kisəsi əməliyyatları laparoskpopik üsulla, yəni bağlı, qapalı üsulla icra olunur. Biz öd kisəsi əməliyyatını 2 və ya 3 dəlikdən icra edirik və nəticə etibarilə xəstə əməliyyatdan sonra bir gün xəstəxanada qalır və ertəsi gün normal işinə, sosial həyata qayıdır.

Öd kisəsinin digər problemlərindən biri də öd kisəsinin polipləridir. Öd kisəsi polipləri 15-20 faiz hallarda bədxassəli xəstəliyə-xərçəng xəstəliyinə çevrilə bilər. Ona görə də, öd kisəsində polipləri olan xəstələr müşahidə altında olmalıdır. Onlar xüsusi göstəriş nəticəsində əməliyyat olunurlar.

Belə ki, öd kisəsində olan poliplərin sayı, ölçüsü, onun artma istiqamətində olması öd kisəsində əməliyyatın aparılmasına göstəriş ola bilər. Amma onu da qeyd etmək lazımdır ki, hər öd kisəsində polipi olan xəstənin əməliyyata göstərişi də yoxdur. Lazımsız yerə xəstələr əməliyyat olunmamalıdır. Bu qərarı vermək üçün təbii ki, professional, bu sahədə ixtisaslaşmış tibb müəssisəsi və həkimlərə müraciət etsələr, xəstələr üçün daha yaxşı olar. Öd kisəsi daşının, poliplərinin müayinəsi və diaqnostikası çox sadədir. Belə ki, bəsit ultrasəs müayinəsi vasitəsi ilə öd kisəsində olan problemlər ortaya çıxa bilər. Mənim məsləhətim odur ki, şəkər xəstəliyi olan xəstələr 6 aydan bir ən azından ultrasəs müayinəsindən keçsinlər, digər xəstələrimiz isə, xüsusilə də, polipləri olan xəstələr həkimə müraciət edib öz müşahidə taktikalarını təyin etdirsinlər.
Öd kisəsində problemi olan xəstələr 2 qismə bölünür. Bu, öd kisəsinin vəziyyətindən asılıdr. Kəskin öd kisəsi iltihabı – kəskin xalisistit zamanı ağrılar daha şiddətli olur. Bu xəstələrdə sağ qabırğaaltı nahiyədə ağrıların olması bəzi hallarda xəstənin sarılığının əmələ gəlməsinə səbəb olur. Çünki öd kisəsində olan daşların riskləri və ehtimalı var ki, bu daşlar öd kanalına düşsün, düşdüyü zaman isə xəstələrdə mexaniki sarılığın əmələ gəlməsinə səbəb olur. Amma xroniki öd daşı xəstəliyi olan xəstələrdə köp, sağ qabırğaaltı nahiyədə ağrı, ağızda acılıq hissi, həzm olunmama, bəzi hallarda isə ishal şikayətləri müşahidə olunur. Bunun ən rahat və ucuz müayinə üsulu USM, qanın biokimyəvi analizlərinin nəticəsinə görə bu əlamətləri ortaya qoymaq mümkündür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Həkim məsləhəti tibb üzrə fəlsəfə doktoru cərrah transplantoloq Mircəlal Kazımi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ