Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 22:09
Rəsmi Bakının "yumşaq güc" tətbiq etməsi Ermənistanı, Rusiyanı və erməni separatçı-terrorçuları küncə sıxışdırıb, çıxılmaz vəziyyətə salıb... Beynəlxalq siyasi iradə mərkəzləri də hazırda "erməni nağılları"na, yalançı gözyaşlarına əhəmiyyət vermir, Azərbaycanın tələbləri və şərtləri ilə barışmaqdan başqa variant qalmayıb...
Azərbaycan artıq hərəkətə keçib. Rəsmi Bakı Azərbaycan ərazilərində törədilən özbaşınalıqlara, hərbi, iqtisadi, ekoloji və s. cinayətlərə qarşı qətiyyətli addımlar atmağa başlayıb. Hələlik, erməni separatçı-terrorçular və onların "sülhməramlı" rus himayədarları Azərbaycanın yalnız "yumşaq gücü" ilə üzləşiblər. Və nəticə çıxartmasalar, tezliklə Azərbaycanın daha sərt gücü ilə də qarşılaşmalı olacaqlar.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, hazırda Laçın dəhlizi qapalıdır. Yolu bağlayan Azərbaycan cəmiyyətinin təmsilçilərinin tələbləri konkret və sadədir. Azərbaycanın təbii sərvətlərinin erməni separatçı-terrorçular və rus "sülhməramlılar" tərəfindən talanması dayandırılmalıdır. Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus "sülhməramlılar" ETSN-in və Azergoldun mütəxəssislərinə faydalı qazıntı yataqlarında araşdırma aparmaq imkanı yaratmalıdırlar. Və rus "sülhməramlılar"ın komandanı, general-mayor Andrey Volkov Azərbaycan cəmiyyəti təmsilçiləri qarşısına gələrək, bu tələblərin icrasına tam təminat verməlidir.
Hələlik hər hansı anlaşma əldə olunmayıb. Ona görə də, Laçın dəhlizinin hələ uzun müddət qapalı qala biləcəyi qətiyyən istisna deyil. Ermənistanın və erməni separatçı-terrorçuların insan hüquqları və təhlükəsizlik kimi faktorlardan manipulyasiya etmək cəhdləri isə tamamilə məntiqsiz və mənasızdır. Çünki Azərbaycan öz pozulan suveren hüquqlarını müdafiə edir və hər hansı zorakılığa da qətiyyən əl atmır.
Ermənistan Xarici İşlər Nazirliyinin və Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçuların "genosid nağılları" isə indiki situasiyada olduqca gülünc görünür. Bunu dünyada erməni diasporunun rüşvəti ilə bəslənən bir neçə nəfərdən başqa heç kim ciddiyə almaz. Ona görə də, rəsmi İrəvanın BMT-yə, ATƏT-ə müraciət etməsi, eləcə də, ermənilərin Ermənistandakı ABŞ, Fransa və Rusiya səfirlikləri qarşısında toplaşması da mənasızdır. Yəqin ki, həmişə demokratiyadan, sərbəst toplaşma və söz azadlığından danışan beynəlxalq qurumlar və dövlətlər Azərbaycan cəmiyyəti təmsilçilərinin analoji hüquqlardan istifadə edib, dinc aksiya keçirtməsinə qarşı çıxa bilməzlər. Əks halda, özlərinin davamlı təbliğ etdikləri dəyərlərə qarşı çıxmış olarlar.
Göründüyü kimi, həm rəsmi İrəvan, həm də erməni separatçı-terrorçular hazırda çıxılmaz vəziyyətə düşüblər. Üstəlik, anlaşılan odur ki, bu dəfə erməni diasporu da onlara kömək edə bilməyəcək. Əslində, son vaxtlar erməni diasporunun beynəlxalq qurumlara və dövlətlərə təsirinin də elə bir ciddi önəminin qalmadığı aydınlaşmağa başlayıb. Hətta erməni diasporunun fəaliyyətinin iflasa uğradığını iddia etməyə əsas verən faktlar da kifayət qədərdir.
Məsələn, xarici işlər naziri Ararat Mirzoyanın "böyük diplomatik qələbə" kimi təqdim etdiyi ATƏT-in rəsmi İrəvanın Ermənistana göndərdiyi iddia olunan "müşahidə qrupu"nun fəaliyyəti sıfırlandı. Rəsmi Bakı ATƏT-in bu məsələdə mövcud prosedurlara zidd şəkildə davrandığını əsas gətirərək, bu qurumun 2023-cü il büdcəsini təsdiqləməkdən imtina etdi. Nəticədə, ATƏT həmin "müşahidə qrupu"nun özfəaliyyətlə məşğul olduğunu və bu quruma aid olmadığını rəsmən bəyan etdi.
Digər tərəfdən, rəsmi İrəvan Ermənistanın təhlükəsizliyi və Cənubi Qafqazda sülh prosesinin inkişafı üçün Avropa Birliyinin mülki müşahidə missiyasının böyük əhəmiyyət daşıdığını bəyanlamışdı. Hətta Paşinyan hakimiyyəti həmin mülki müşahidə missiyasının mandatının qeyri-müəyyən müddətə uzadılmasında israr edirdi. Ancaq erməni diasporu bu məsələni də rəsmi İrəvanın maraqları çərçivəsində həll edə bilmədi. Avropa Birliyinin xarici siyasət və təhlükıəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel həmin mülki müşahidə missiyasının iki aylıq mandatının uzadılmayacağını bəyan etdi.
Ancaq erməni diasporunun və Paşinyan hakimiyyətinin beynəlxalq uğursuzluqları yalnız bunlarla məhdudlaşmır. Belə ki, ABŞ-da fəaliyyət göstərən erməni diasporunun son günlərə qədər böyük lovğalıqla təbliğ etdiyi "nailiyyət" də artıq öz əhəmiyyətini itirib. Belə ki, erməni diasporu bəzi amerikalı konqresmenlərin rüşvətlə ələ alması sayəsində ABŞ-ın 2023-cü il üçün hərbi büdcəsinə Azərbaycan və Türkiyəyə qarşı bəzi düzəlişlərin əlavə edilməsinə nail olmuşdu. Və həmin düzəlişlər təsdiqlənsəydi, ABŞ Türkiyəyə F-16 döyüş təyyarələri sata bilməyəcəkdi, Azərbaycana isə hərbi yardımların göstərilməsi qadağan olunacaqdı.
Son məlumatlara görə, ABŞ Konqresinin Nümayəndələr Palatası ermənipərəst konqresmenlər tərəfindən 2023-cü ilin hərbi büdcəsinə təklif olunan Azərbaycan və Türkiyə əleyhinə düzəlişləri ləğv edib. Belə ki, 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyəti Qanunu (NDAA) layihəsinə 350 nəfər səs verib. Və indi ABŞ Azərbaycana hərbi yardım göstərə, Türkiyəyə isə döyüş təyyarələri sata bilər.
Göründüyü kimi, Ermənistan Cənubi Qafqazda, erməni diasporu isə bütün dünyada aciz duruma düşüb. Daha nə Ermənistan, nə də erməni diasporu beynəlxalq siyasi iradə mərkəzləri üçün elə bir önəm daşımır. Belə anlaşılır ki, bütün dünyada "erməni faktoru"nun iflası, "ermənizm"in çöküşü dövrü artıq başlayıb. Və belə vəziyyətdə bəzi erməni deputatların Azərbaycanın Qarabağ regionunda baş verənlərə daha realist yanaşması tamamilə başadüşüləndir.
Məsələ ondadır ki, Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı-terrorçular Ermənistan hakimiyyətindən Laçın dəhlizinin açıqlması üçün Azərbaycana qarşı bütün təzyiq imkanlarından istifadə etməyə çağırıb. Baş nazir Nikol Paşinyanın partiyasını təmsil edən erməni deputat Qaqik Melkonyan isə Ermənistanın Laçın dəhlizi ilə bağlı məsələyə qarışa bilməyəcəyini vurğulayıb: "Qarabağ ermənilərinin Ermənistan hakimiyyətindən nə istədiuklərini anlaya bilmirəm. İndi Ermənistan Azərbaycana müharibə elan etməlidir? Qarabağdakı əhalinin təhlükəsizliyini təmin etmək Rusiya sülhməramlı qüvvələrinin işidir".
Belə anlaşılır ki, rəsmi Bakı Ermənistanı və erməni separatçı-terrorçuları çıxılmaz vəziyyətə sala bilib. Üstəlik, erməni diasporu da beynəlxalq səviyyədə iflasa uğramış durumdadır. Yəni, "erməni nağılları"na, yalançı gözyaşlarına dəstək veriləcəyi də artıq qətiyyən inandırıcı görünmür. Yeganə çıxış yolu kimi yalnız Azərbaycanın tələbləri və şərtləri ilə barışmaq qalıb.