Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atamı yaddan çıxarıblar''

''Atamı yaddan çıxarıblar''

Tarix: 21 Dekabr 2022 11:45

"Atamın səhhətində heç bir dəyişiklik yoxdur, ayaqları, ağrıyır, tutulur, gəzə bilmir. Yuxuları ərşə çəkilib, iştahı ümumiyyətlə yoxdur. Başında, ürəyində bir sıra xəstəliklər əmələ gəlib. Ən çox onu üzən səbəb nazirliyin ona qiymət verməməsidir. Yay ayında xəstə olub, xəstəxanada yatanda yalandan yazdılar ki, guya bizə kimsə maddi yardım edib. Heç kim bizim müraciətimizə cavab vermədi, hamısı yalandır. Bütün bu söz-söhbətlər atama pis təsir edir. Deyir ki, kaş heç bu sənətə gəlməzdim, filmlərdə çəkilməzdim, axırım da bu oldu da. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm, səsimə səs verən olmayıb".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib. O, daha sonra əlavə edib.

"Dərmanlarını almaqda çətinlik çəkirik. Hamısı da bahalı dərmanlardır. Həkimə getmək, həkimdən gəlmək hamısı puldur. Xalq artisti fəxri adına görə aldığı 180 manatla və cüzi pensiya ilə dolanırıq. Bu pul kommunal xərcləri heç ödəmir. 1-2 sənət dostundan başqa heç kim zəng edib maraqlanmır. Atamı yaddan çıxarıblar. Nə nazirlik, nə də ki, üzv olduğu Kinematoqrafçılar İttifaqından bir dəfə də olsun zəng edib maraqlanmayıblar. Atam da hamıdan küsüb, nə verilişlərə gedir, nə jurnalistlərlə danışır, nə də ki, sənətə həvəsi qalıb. Elə bil ki, əvvəlki insan deyil. Sənətkarı sənətdən uzaqlaşdırıb, həvəsdən saldılar" deyə sənətkarın qızı bildirib.

Aytən Həsənova bildirib ki, xalq artisti Şəfiqə Məmmədova sənətkar xəstəxanada yatarkən yanına gəlib.

"Avqust ayında xalq artisti Şəfiqə Məmmədova xəstəxanaya gəldi, ayaqüstü maraqlanıb, çıxıb getdi. O vaxtdan bu günə qədər hələ bir dəfə də olsun maraqlanmayıb. Bu gün eşitdim ki, yenidən Kinematoqrafçılar İttifaqının sədri seçilib. Lap yaxşı, böyük sənətkarımızdır, amma ittifaqına üzv olan sənətkarların vəziyyəti ilə ən azından qiyabi də olsa maraqlanmalıdır. Şəfiqə xanımdan xahiş etdim ki, atamın təqaüd məsələsini həll edin. Mənə söz verdi ki, təqaüd məsələsini həll edəcəm, hər şey yaxşı olacaq, amma heç bir zəng də etmədi" deyə sənətkarın qızı Aytən Həsənova deyib.


Etiketlər:  Atamı yaddan çıxarıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ