Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 21:02
"Rusiya hərbçiləri etirazçılara qarşı zor tətbiq etsələr, bu, avtomatik Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bölgədəki son geosiyasi gəlişmələrə diqqət çəkib:
"Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri sabah Moskvada görüşməli idilər. Ermənistan hakimiyyəti bu görüşdən imtina edib.
Bunun səbəbi nədir?
Başda Baş nazir Nikol Paşinyan olmaqla erməni rəsmilər Ermənistanı Qarabağla birləşdirən yolda baş verənlərə görə Rusiyanı ittiham etməyə başlayıblar. Onların məntiqinə görə, Rusiya hərbi kontingenti yolu zor gücünə açmalıdır.
Yolda Azərbaycan vətəndaşlarının etiraz aksiyası 11-ci gündür davam edir və qarşıdurma yoxdur. Rusiya hərbçiləri etirazçılara qarşı zor tətbiq etsələr, bu, avtomatik Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Azərbaycanla münasibətləri gərginləşdirməkdən çəkinir. Çünki sözdə də olsa, Kreml Azərbaycanı "strateji tərəfdaş" adlandırır".
Elxan Şahinoğlunun fikrincə, Ermənistan hakimiyyəti nazirlərin üçtərəfli görüşündən zəif tərəf görüntüsü yaratmamaq üçün imtina edib:
"Erməni nazir görüşdə iştirak etsəydi belə, bu, Ermənistanla Qarabağı birləşdirən yolda heç bir dəyişikliyə səbəb olmayacaqdı. Azərbaycan bu və ya digər şəkildə yola nəzarətdən imtina etməyəcək. Ermənistan hakimiyyəti erməni cəmiyyətində tam nüfuzdan düşməmək üçün görüşdən imtinaya qərar verib.
Bəs Ermənistan hakimiyyətinin indiki vəziyyətdə alternativi nədir?
"Ermənistanla Qarabağı birləşdirən yolu BMT və ATƏT nəzarətə götürsün" - bu Paşinyanın təklifidir. Bunun reallaşmayacağını özü də anlayır. Birincisi, buna Azərbaycan razılaşmaz, ikincisi, Rusiya öz hərbçilərini bölgəyə ona görə göndərməyib ki, BMT və ATƏT qüvvələri ilə bölüşsün. O biri tərəfdən, ATƏT-in ümumiyyətlə hərbi kontingenti yoxdur".