Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvandan növbəti feyk: “terrorçu sayı” azaldı...

İrəvandan növbəti feyk: “terrorçu sayı” azaldı...

Tarix: 5 Yanvar 2023 12:46

Ermənistan növbəti dəfə İkinci Qarabağ savaşında Azərbaycan tərəfdə "vuruşan" terrorçularla bağlı açıqlama yayıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu dəfə Ermənistan İstintaq Komitəsinin sədri Arqişti Karamyan yerli televiziyaya müsahibəsində deyib ki, Azərbaycan Ordusunda "döyüşən" 300 terrorçunu qeydə ala biliblər.

2020-ci il - çox da uzaq keçmiş deyil ki, təhrif edəsən. Həmin zaman Ermənistan və Ermənistana cani-könüldən dəstək verməyə çalışan Makronla Bəşər Əsəd bu haqda danışmışdı, indi erməni mediası onların havaya atdığı sözlərdən "istinad kimi" istifadə edir. Ancaq Ermənistan həmin zaman inadla və israrla "2 min terrorçu"dan danışırdı, iddia edirdi ki, Azərbaycan Ordusunun tərkibində 2 min terrorçu var. Noldu, 2 ildən sonra 300-ə niyə düşdü bu say?

Azərbaycan 2020-ci il Vətən savaşını yalnız ordu gücünə apardı, qismən səfərbərlik elan etdi. Qismən səfərbərlik kifayətdir ki, Azərbaycan öz silahlı qüvvələrinin şəxsi heyətinin sayını 400 minə çatdırsın.

Aşağı-yuxarı 400 minlik nizami ordunun - bir-biri ilə onlarla təlim keçmiş, döyüş taktikasını mənimsəmiş, koordinasiyalı hücum əməliyyatları məşq etmiş peşəkar hərbçilərin içində başıpozuq, nizam-intizamsız 300 terrorçu niyə olmalıdır? Bu 300 say nəyi dəyişə bilər, hansı köməyi edə bilər Azərbaycanın 400 minlik Ordusuna?

İkinci Qarabağ savaşı zamanı hərbi komissarlıqların qapısında onminlərlə gənc döyüşə getmək üçün yatırdı - Solovyovun çaşmağı, sonra da əsəbiləşib, öz komandasına ağır sözlər deməyi yadınızdadırmı? Guya ermənilərin hərbi komissarlıqların önündə savaşa getmək üçün növbəyə durduğu haqda yalançı bir təbliğat aparmaq istəyirdi, efirə görüntülər veriləndə bəlli oldu ki, o gənclər azərbaycanlılardır, əllərində də Azərbaycanın bayrağı!

Solovyov da rüsvay oldu, onun yalançı təbliğatı da suya düşdü...

Döyüşmək, Vətən uğrunda canından keçməyə hazır onminlərlə gənci qapıdan qaytaran ordu rəhbərliyi 300 terrorçunu pulla gətirib ordunun içinə soxar?

Bu yalan və iftiranı Ermənistan öz terrorçu dəstələrini ört-basdır etmək üçün uydurmuşdu və indi də davam etdirir. Dəhşət də ondadır ki, Ermənistan Liviyadan, Suriyadan, Fransadan, Rusiyadan döyüşmək üçün Ermənistana gələn "erməni əsilli" şəxslərin mövcudluğunu nəinki inkar edir, hətta bundan təbliğat kimi bəhrələnirdi. Ermənistanın və erməni diasporunun Liviya və Suriyadan pul qarşılığında adam gətizdirib, Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarında döyüşə göndərməsi terror fəaliyyəti, terrorçuların xidmətindən istifadə etmək deyilmiş, ancaq Azərbaycan öz torpaqlarını azad edirsə, deməli, ordusunun içində 300 terrorçu varmış?

Nə qədər həyasız millət olmalısan ki, bunu iddia edəsən!

Yaxşı, bəs niyə müharibədə darmadağın edilən erməni hərbçilərin kabusu "Yaşma", "052"-dir? Niyə məhz Azərbaycan XDQ-nin adı gələndə dəli olurlar? İndi də postda "Yaşma" gəlir" deyən kimi, silah-sursatı da atıb-qaçırlar! Niyə erməni hərbçilərdən birinin kabusu "300 terrorçu" deyil, Azərbaycanın qurd kimi igidləridir?

Ermənistan İstintaq Komitəsi müharibədəki məğlubiyyətin səbəbini axtara-axtara 10 mindən çox qorxaq, fərari müəyyən etmişdi, onlara aid 11 mindən çox cinayət işi qaldırmışdı! Müharibədə "hərbi mövzuda" 1600 cinayət işinin indiyə qədər cəmi 160-nın tamamlandığını da Karamyan deyir, qalan proseslər davam etdirilir. 70 zabit haqda cinayət işi açılıb, 17 min hərbçi dindirilib!

Bu, hələ rəsmən elan etdikləri rəqəmlərdir.

Öz içlərində bu qədər fərari, qorxaq, hərbi nizamnaməni icra etməyən hərbçi tapıb çıxarıblar, müharibədəki məğlubiyyətin "səbəbini" guya aydınlaşdırmaq istəyirlər, Azərbaycan Ordusunda da 300 terrorçunu "yeri gəlmişkən" aşkarlamaqda fayda görürlər.

Ermənistan ordusunda 10 mindən çox fərariyə qarşı Azərbaycan Ordusunda bircə fərari də yox idi; bütün döyüş ərzində Azərbaycan Ordusu bir addım da geri çəkilmədi, bircə yaşayış məntəqəsi "əldən-ələ" keçmədi, Azərbaycan Ordusu üçün yalnız qələbə, yalnız irəli getmək vardı!

Çünki Azərbaycan Ordusu, Azərbaycan hərbçiləri, Azərbaycan gəncliyi və bütövlükdə Azərbaycan xalqı öz torpağı üçün - 30 il işğalda qalan əraziləri üçün savaşa girmişdi!. Heç bir qüvvə Azərbaycan xalqını sındıra bilməzdi - necə ki, Ermənistan terrorçu-hərbi rəhbərliyinin savaş gedən ərazidən 100 kilometr kənarda yerləşən dinc şəhərlərə gecə, insanların yatdığı zaman raketlər atması və mülki insanları qətlə yetirməsi gözlədikləri effekti vermədi, əksinə, Azərbaycan xalqı hədəfinə doğru daha da birləşdi!

Nə terrorçu axtarılmalıdır, nə də "Bayraqdar" şişirdilməlidir - 44 günlük savaşın qalibi Azərbaycan Ordusudur!

Bu Ordu savaşın nəticələrinə də nəzarət edir!..


Etiketlər:  İrəvandan növbəti feyk terrorçu sayı azaldı


RƏYLƏR