Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pravoslavlar Milad bayramını qeyd edir - FOTO

Pravoslavlar Milad bayramını qeyd edir - FOTO

Tarix: 7 Yanvar 2023 08:08

Yanvarın 7-də pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.

Bu bayram yanvarın 6-dan, Müqəddəs axşamdan başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq süfrəyə 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada canlı alov - şam yanır. Müqəddəs axşamın ən əsas yeməyi kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Amma üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir. Kutyada birləşdirici vasitə kimi bal və ya siropdan istifadə olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.

Bununla əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadətlər yerinə yetirilir.

Bakı Yeparxiyasının katibi arximandrit Aleksi (Nikonorov) Milad ibadətindən əvvəl jurnalistlərə müsahibəsində deyib: "Bu gecə bütün pravoslav xristianlar, şərq xristianları İsa peyğəmbərin mövludunu bayram edirlər. Bu, xristianların səbirsizliklə gözlədikləri ən sevimli və uğurlu bayramlarından biridir. Bu günün nə demək olduğunu biz İncildə oxuyuruq. Lakin bu bayramın mahiyyətini anlamaqdan ötrü mələklərdən eşitdiyimiz sözlərə müraciət etmək lazımdır. Onların Milad gecəsi çobanlara tərənnüm etdikləri mahnıda bu sözlər yer alır: Göylərin Rəbbi olan Allaha həmd olsun, Yer üzündə sülh və insanlara mərhəmət olsun.

Milad bayramı həmişə sülhlə assosiasiya edilib. Lakin tarixə, İsa peyğəmbərin doğulduğu dövrə, bu günə baxsaq görürük ki, Yer üzündə sülh həmişə az olub və az olaraq qalmaqdadır. Sülhə müharibələr, əhval-ruhiyyə şərik çıxır. Biz istər-istəməz sual veririk: Bəs bu bayram nə gətirib, mahnı nə idi, mələklər sülhün əvəzində nə veriblər? Bu suala cavabı bizim ənənəmiz verir. Deyilir ki, sülhü insan hər şeydən əvvəl özündə, öz qəlbində axtarmalıdır. Bu sülhü insan öz yaxınlarına, əhatəsində olan hər kəsə arzulamalıdır. Əgər sülh eqoistlik üzərində qurulubsa, Yer üzündə sülh mümkün deyil. Buna görə də bugünkü bayramda mən hər kəsə təkcə özü üçün deyil, başqa insanlar üçün də sülh, ədalət axtarmağı arzu edirəm. Əziz həmvətənlər, bayramınız mübarək".


Etiketlər:  Pravoslavlar Milad bayramını qeyd edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ