Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət başçısı: Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır

Dövlət başçısı: Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır

Tarix: 9 Yanvar 2023 13:09

Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir.

Onu da bildirməliyəm ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.

Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq".

Milli.Az


Etiketlər:  Dövlət başçısı Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ