Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Talıbovun şirkətində işçisi oğurluq etdi: ''Maaş o qədər az idi ki...'' – Təfərrüat

Talıbovun şirkətində işçisi oğurluq etdi: ''Maaş o qədər az idi ki...'' – Təfərrüat

Tarix: 10 Yanvar 2023 07:54

"Cahan Holdinq" Kommersiya İttifaqının tərkbində olan "AVM" MMC-nin elektronika mağazasında satıcı işləmiş Hüseyn oğurluqda ittiham olunub.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Hüseyn 3 avqust 2020-ci ildə MMC-nin elektronika mağazasında satıcı kimi işə düzəlib.

Daha sonra 2021-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin aprel ayına qədər olan müddətlərdə mobil telefonların satış bölməsindəki dolabdan 7 ədəd mobil telefon və 1 ədəd planşeti oğurlayıb, "Cahan Holdinq" Kommersiya İttifaqının tərkibində olan MMC-yə 15020 manat məbləğində maddi ziyan vurub.

İstintaq orqanı tərəfindən Hüseynin barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası, qardaşı və bacısı ilə birlikdə yaşayır: "2016-cı ildə ailə həyatı qurmuşam və həmin nikahdan bir qız, bir oğlan övladım var. 2014-2020-ci illər arasında Azərbaycan Ordusunda gizir rütbəsində işləmişəm.

2020-ci ilin iyul ayında hərbidə nizamnamə qaydalarını pozduğuma görə, ordu sıralarından azad olundum. Hərbi sahədə işlədiyim dövrdə bankdan adıma 15000 manat məbləğində kredit götürmüşdüm. 2020-ci ilin avqustunda MMC-də elektronika mağazasında satıcı kimi işə başladım. Həmin mağazada mobil telefon, televizor, kompüter, fotoaparat, idman malları, soyuducu, soba və digər məişət avadanlıqlarının satışı aparılırdı.

Mağazada səs sistemləri, kompüter və kompüter aksessuarlarının satışı bölməsində satıcı işləyirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, işə başlayanda 250 manat kart vasitəsilə, 50 manat əlavə ödəniş, satışdan asılı olaraq isə ayda 180-200 manat miqdarında faiz alıb: "Ümumilikdə aylıq maaşım 480-500 manat məbləğində olurdu. 2021-ci ilin martında işlədiyim mağazada müdiriyyət dəyişildikdən sonra maaşım azaldı. Həmin vaxtdan 300 manat əməkhaqqı almağa başladım. Bu məbləğ kreditini ödəməyə kifayət etmədi və məhkəmə tərəfindən banklara borclu olduğum pulu ödəməyim üçün yaşadığım ünvana bildirişlər göndərildiyindən işlədiyim mağazadan oğurluq etmək qərarına gəldim.

Pulu ödəyə bilmədiyim üçün təxminən 2021-ci ilin iyun ayından işlədiyim mağazadan iş yoldaşım İlhamın cavabdehliyində olan mobil telefonların satış bölməsində olan dolabın içərisindən müxtəlif vaxtlarda, müxtəlif markalı mobil telefonlar oğurladım. İlk dəfə götürüdüyüm telefonu "İnstagram" sosial şəbəkəsində "Naxçıvan" elanları səhifəsində satışa qoydum. Həmin vaxt mağazadan "İphone 12" markalı mobil telefonu oğurlamışdım.

Nahid adlı şəxs mənə zəng vurdu və görüşərək telefonu ona satdım. Sonradan oğurladığım telefonları artıq elanlar səhifəsinə qoymadım. Ayrı-ayrı vaxtlarda və ünvanlarda Nahidə satdım.

"İphone 12" markalı bir ədəd mobil telefonu Nahidə 1200 manata satmışdım. Bundan sonra mağazadan götürdüyüm daha 5 ədəd "İphone 12" markalı telefonları ümumilikdə 6 ədəd telefonu təxminən iyun-avqust ayından başlayaraq Nahidə telefon mağazasında sataraq pulumu aldım.

Telefonların hər birini təxminən 1000-1200 manat aralığındakı qiymətə satmışam. Həmin telefonların satış qiyməti mağazada 2100 manatdan çox olub. Bankdan dayanmadan mesajlar gəldiyinə görə təcili pul lazım olduğundan həmin telefonları dəyərindən aşağı-ucuz qiymətə satmışam".

Hüseyn deyib ki, 2022-ci ilin yanvarında bir ədəd "Samsung S21" markalı telefonu şəhərdə "Sev-al" ətriyyat mağazası ilə üzbəüz telefon satış mağazasına 1100 manata satıb:"Aprel ayında bir ədəd "Samsung Tab S7" markalı planşeti 800 manata Bakı şəhərində internet vasitəsi ilə tanımadığım şəxsə satdım. Həmin malların satış qiyməti isə ümumilikdə təxminən 14000 manat dəyərində olub. Əldə etdiyim pulların əsas hissəsini banklara ödəmişəm. Qalan hissəsini isə şəxsi təlabatım üçün xərcləmişəm".

Təqsirləndirilən şəxs deyib ki, təxminən ötən il mayın əvəllərində mağazada satışda olan telefonların sayılması tapşırılıb: "Mobil telefonların sayında kəsir aşkar olundu. Bununla bağlı mağaza müdirim işçilərin iştirakı ilə iclas keçirdi və oğurluğun kim tərəfindən edildiyi onlardan soruşdu. İclasdan sonra müdirə yaxınlaşaraq oğurluğu özümün etdiyimi könüllü etiraf etdim".

Bu cinayət işinə Naxçıvan şəhər Məhkəməsində baxılıb. Hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Hökmə əsasən, Hüseyn 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Hökmün icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilib.

"Cahan Holdinq" Kommersiya İttifaqı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsusdur.


Etiketlər:  Talıbovun şirkətində işçisi oğurluq etdi Maaş qədər Təfərrüat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ