Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

U-21-in uğursuzluğu - Ekspertlər nə deyir?

U-21-in uğursuzluğu - Ekspertlər nə deyir?

Tarix: 11 Oktyabr 2019 16:08

Azərbaycanın U-21 millisi Avropa çempionatının seçm' mərhələsində növbəti dəfə uduzdu. Milan Obradoviçin rəhbərlik etdiyi komanda bu dəfə səfərdə Fransaya 0:5 hesabı ilə ağır məğlubiyyətə uğradı. Hazırda komandamız 4 oyundan sonra 3 xalla Lixtenşteynlə birgə qrupda sonuncu – 5-6-cı yerləri bölüşdürür.

Tanınmış futbol ekspertləri Qol.az saytına müsahibəsində U-21 millimizin çıxışı haqda danışıblar.

Səbuhi Səfiyarlıya görə, komandamız evdə Gürcüstanı məğlub etsəydi, indi birinci yerdə olardı: “Məsələ Fransaya uduzmaqda deyil. İndiki heyətlə və istənilən məşqçinin rəhbərliyi altında biz onlara uduzacaqdıq. Fransanın 21 yaşlıların baş məşqçisi də çox güclüdür. Çox güman ki, bu məşqçi 6-7 ilə Avropaya çox böyük səs salacaq. Onlarla müqayisədə bizimkilər çox geri qalırlar. 

Fransaya məğlubiyyətin səbəbi bu gün onların çempionatlarının bizimkindən qat-qat güclü olmasıdır. Biz daha çox Gürcüstan və Lixtenşteynə qarşı oyunlarda məğlubiyyətlərin səbəbini araşdırmalıyıq. Bizim komandamızın hazırda 9 xalı olmalı idi. Amma nəzərə almalıyıq ki, komandamızda oyun intizamsızlığı var, yüksək səviyyədə futbolçu da yoxdur ki, nəyəsə nail olaq. Neçə illərdir, bu problem var. Rəşad Sadıqovun vaxtında intizamın qaydasına düşdüyünü demək olardı, amma yenə də nəticələr baxımından fərq olmurdu. Çünki 21 yaşlılar üçün bizim o qədər də çox seçimimiz yoxdur. Əsas milli üçün 20 yaşından 35 yaşına qədər oyunçu seçə bilmiriksə, 20-21 yaş qrupundan oyunçu seçməyimiz ümumiyyətlə mümkünsüz görünür. Neçə illərdir müşahidə edirəm, klublarda işlədiyim vaxtlarda futbolçularla söhbət əsnasında belə fikrə gəlmişəm ki, ən əsas və çatışmayan şey intizamdır”.


Səbuhi Səfiyarlı

Onun fikrincə, U-21-dən əsas millidə oynamaq potensialına malik futbolçular artıq bu dəvəti alıblar: “Mahir Emreli, Anton Krivotsyuku qeyd edə bilərəm. Keçən il U-21 millisində oynayan Bəhlul Mustafazadə tamamilə təsadüf nəticəsində əsas yığmaya çağırıldı. Həmin oyunda Bədavi Hüseynov, Rahil Məmmədov zədələnmişdi. Məcbur qalıb Bəhlulu əsas heyətə saldılar. Bəhlul da çıxıb öz oyununu göstərdi. Deməli, Bəhlul 6 ay, 1 il əvvəl də belə oynaya bilərmiş. Sadəcə əsas komandadakılar da gənclərə inanmalı, onları heyətə çağırıb yoxlamalıdırlar. Hazırda U-21-dən əsas millidə oynamaq səviyyəsində olan futbolçu yox kimi görünür. Amma Hacıağa Hacılı, İsmayıl İbrahimli, Amin Seydiyev gələcək vəd edir”.

Erkin İbrahimova görə, Fransaya məğlubiyyət səbəbindən komandanı mühakimə etmək ağırdır: “Baxırsan Fransanın heyətinə və görürsən ki, futbolçuları harda çıxış edir. Mənə çatmayan odur ki, bizimkilər oyuna niyə həyəcanlı çıxmışdılar. İkinci dəqiqədə qol buraxmaq nədir? Obradoviç deyir ki, komandamız ilk 3 qolu rəqibə bağışladı. Bağışlamadı, rəqib məcbur etdi ki, həmin qolları buraxaq. Bundan sonra hansı uğurdan danışmaq, hansı uğuru gözləmək olar? Bəlkə də, 0:5 səviyyə fərqinin ən düzgün göstəricisidir. Turnir cədvəlinə baxanda fikir formalaşır. Məsələn, mən Rəşad Sadıqovun komandasını çox bəyənirdim. Rəşadın komandasında oyun vardı. Obradoviç də yeni gəlib. Qiymət vermək çətindir. Üç uğursuz nəticə olmasına baxmayaraq, Slovakiya kimi güclü yığmanı məğlub etdilər. Görürsən ki, futbolçularda potensial var, məşqçi də nələrsə etməyə çalışır. Klubda 6 aydan sonra da məşqçiyə qiymət vermək olur, ancaq millidə belə deyil. Dörd oyunun hamısının uduzsaydıq, deyərdim ki, ya məşqçidə problem var, ya da futbolçuların potensialı yoxdur. Ancaq komanda Slovakiyanı udub, Lixtenşteynə uduzursa, deməli, hazırlıq prosesində hardasa çatışmazlıqlar olub. Lixtenşteynlə oyunda sırf motivasiya problemi olub. Komanda oyuna düzgün köklənməyib”.



Erkin İbrahimov

Erkin İbrahimov deyir ki, əgər komanda Lixtenşteynə uduzursa, məşqçini tərifləyə bilmərik: “Yadıma düşür, həmin oyundan sonra məşqçi bütün məsuliyyəti öz üzərinə götürdü. 90 dəqiqəni hücumda keçirmişdik, ancaq motivasiya problemi var idi. Bizim indi azı 6-7 xalımız olmalı idi. Mən U-21-in oyunlarına sırf nəticə baxımından yox, əsas milliyə oyunçu vermək tərəfindən baxıram.

Məsələn, Rəşad Sadıqov bir addım gələcəyə baxırdı. Ümumiyyətlə, nəticəyə fikir vermirdi. Rəqiblərində 20, 21 yaşlı futbolçular oynayanda, Rəşad 18-19 yaşlı futbolçuları oynadırdı. Belə deyim ki, Rəşad bir addım qabağa atmışdı və bu günü görüb, elə etmişdi. Özü seçmə mərhələnin ortasında gəlmişdi. Onsuz da, o, gələndə komandanın heç bir turnirdə nəticəsi yox idi və Rəşad onları bu günə görə hazırlayırdı. Baxmayaraq ki, daha təcrübəli futbolçular vardı. Ancaq Rəşad İsmayıl İbrahimli, Hacıağa Hacılı və yaxud qapıçı Kamran İbrahimov kimi futbolçuları oynadırdı. Komanda buna görə nə qədər xal itirdi. Mən deyərdim ki, Rəşad Sadıqov Azərbaycan futbolunu göz önünə gətirərək, çalışdı ki, daha gənc futbolçulara şans versin. Onsuz da, gənclər yığması idi və onu daha da gəncləşdirdi. Hardasa, öz baxışı var idi və neynəmək istədiyini bilirdi. Bu baxımdan, Rəşadın işini fərqləndirərdim. Obradoviçə gəldikdə isə, dediyim kimi, Rəşad Azərbaycan futbolunun içindədir və istənilən futbolçunun potensialını daha yaxşı bilir. Obradoviç isə 4 oyunun hamısın uduzsaydı, deyərdim ki, çıx get, bu, sənin işin deyil, bacarmadın”.

Erkin İbrahimov qarşıdakı oyunlar haqda belə danışıb: “Lixtenşteynlə oyunda qələbəni gözləməliyik. Fransaya məğlubiyyəti faciəyə çevirməzdim. Ancaq ümumi oyunlar göstərir ki, Fransadan başqa, hamıyla oynamaq olar. Məncə, hələ heç nə itirilməyib. Mən gözləyirəm ki, seçmə mərhələni 8-9 xalla başa vurmaq olar”.

 


Etiketlər:  uğursuzluğu Ekspertlər deyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ