Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 10:08
"Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni, güzəşt müddəti uzadılmazsa, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda banklar depozitlər üzrə faizləri artıracaq".
Sonxeber.net xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat bildirib ki, vergi çıxılandan sonra vətəndaşın depozit gəlirində azalma baş verməməsi üçün bank daha çox dividend ödəyəcək: "Bu isə əslində Azərbaycanda kredit faziləri yenidən arta bilər deməkdir".
Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir: "Deməli, depozit faizlərinin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda kreditlər bahalaşacaq".
Millət vəkili qeyd edir ki, Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır: "Ölkə üzrə orta kredit faizi 14,13 faiz, ən bahalı kreditlər (20,43) faiz isə Mil-Muğan iqtisadi rayonundadır. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir".
Qeyd edək ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Belə ki, "Vergi Məcəlləsi"nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Ancaq bu müddət dünən başa çatdı.