Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı şəhəri və ətrafında 600 min sənədsiz ev var

Bakı şəhəri və ətrafında 600 min sənədsiz ev var

Tarix: 3 Fevral 2023 08:34

Vətəndaşa tikinti üçün icazə verilir, sonra da cərimə tətbiq olunur-bəs qanunlara göz yumanlar?

2020-2022-ci illərdə ölkə ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda kənar məqsədlər üçün istifadə edərək fərdi yaşayış evlərinin inşa edilməsi ilə bağlı 2425 fakt (Bakı şəhəri üzrə 470, digər bölgələr üzrə 1955) aşkar edilib. Bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verib. Qeyd edilib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin inşa edilməsi mövcud qanunvericiliklə inzibati məsuliyyət yaradır.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən, torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslər 600 manatdan 1000 manatadək,  vəzifəli şəxslər 2 min manatdan 3 min manatadək, hüquqi şəxslər 6 min manatdan 8 min manatadək cərimə edilir. Sözügedən faktlar üzrə torpaq qanunvericiliyinin tələblərini pozan hüquqi və fiziki şəxslər barəsində 568 900 manat inzibati cərimə tətbiq edilib. 2022-ci il ərzində 6492 fərdi yaşayış evi və 3008 mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunub. İmtinalara səbəb vətəndaşlar tərəfindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda göstərilən, yaşayış evləri və mənzillər üzərində hüquqların qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, yaxud sənədlərdə çatışmazlıqların mövcud olmasıdır.

Sonxeber.net xəbər verir ki, deputat Hikmət Babaoğlu "Yeni Müsavat"a bildirdi ki, torpağın təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin qərarı ilə mümkündür, lakin bunun üçün ciddi arqumentlər lazımdır: "Əgər torpaq uzun müddət istifadə olunubsa, artıq kənd təsərrüfatı məqsədilə istifadə etmək mümkün deyilsə, yalnız bu halda təyinatı dəyişə bilər. Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlar onsuz da məhduddur. Buna görə də torpaq  fondunu qorumalıyıq. O ki qaldı kənd təsərrüfatlı torpaqlarda fərdi evlərin tikintisinə, düşünürəm ki, bu məsələdə vətəndaşlardan daha çox yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin məsuliyyəti var. Kənd təsərrüfatı təyinatlı torpaqlar tikilinin altında qalıbsa, bu heç bir vətəndaşın özbaşına fəaliyyətinin nəticəsi deyil. Görünən odur ki, tikintiyə icazə verilən zaman bilərək şəxsi maraqlara görə lazımi məqamlara göz yumulub.  Buna görə də vətəndaşları ittiham etmək doğru deyil. Vətəndaşlar torpağın təyinatı barədə məlumatsızdırlar. Səlahiyyətli qurumlar məsuliyyət daşımalıdırlar. Cəriməni məqbul səviyyəyə endirib vətəndaş üçün ödənilən məbləğ halına gətirmək lazımdır. Bu, hər şeydən öncə iqtisadi faktordur. Bir vətəndaş həyatı boyu yalnız bir ev tikə bilir. Bunu nəzərə lazımdır. Əgər qanun qəbul etmək lazım olacaqsa, bu vaxta qədər tikilən evlərə sənədlər verilməlidir. Əgər qanuna dəyişiklik etmək lazım gələcəksə, bunu da reallaşdırmaq lazımdır".

H.Babaoğlu əlavə etdi ki, qanunvericilikdə torpaq üzrə mülkiyyətin növləri açıq qeyd olunub: özəl mülkiyyət, bələdiyyə mülkiyyəti, dövlət mülkiyyəti: "Buna görə də hesab edirəm ki, qanunu dəyişməkdən daha çox, mövcud qanunvericiliyə riayət etmək lazımdır ki, neqativ hallar baş verməsin".

Sənədsiz evlər məsələsi Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında da müzakirə olunub.  "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib ki, vətəndaş məcburiyyət qarşısında kənd təsərrüfatı təyinatlı torpaqlarda da ev tikir: "Böyük torpaq sahələrini sadə vətəndaşlar zəbt etməyib. Bəlkə qanunsuz zəbt olunmuş həmin torpaqları geri qaytaraq? Sadə vətəndaşlar üçün əlacsızlıqdan hansısa yolla kommunikasiyası olmayan kənd təsərrüfatı torpaqlarında ev tikibsə, bu məsələni də nəzərə almaq lazımdır".

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bələdiyyələrin xəritələrlə tam təmin edilməsi prosesi hələ başa çatmayıb: "Ona görə bələdiyyələr bu gün qazilərə, ehtiyacı olan insanlara ev tikintisi üçün torpaq sahələri ayıra bilmir. Digər tərəfdən, bu gün kənd təsərrüfatı torpaqlarının 30 faizi yollara ayrılıb. Çünki hər kəs öz pay torpağını becərir, pay torpaqları arasındakı yollarda da torpaqların 30 faizə qədəri qalır".

Deputat Qüdrət Həsənquliyev müxtəlif təyinatlı torpaqlarda tikilən 400 minə qədər evin sənədsiz olduğunu nəzərə çatdırıb: "Mən başa düşürəm ki, mühafizə zolaqları və belə sahələrə düşən evlərin sənədləşdirilməsi problemlidir, lakin bu 400 min evin hamısı ilə bağlı vəziyyət belə deyil. Sanki bəzi məmurlar dövlətin torpağını xalqa vermək istəmir. Bəzən də olur ki, bir neçə qurum belə torpaqların təyinatının dəyişdirilməsi barədə razılığa gəlir, sonda Nazirlər Kabineti bunu təsdiqləmir, baş nazirin kefindən asılı olur. Bu məsələləri qanunla tənzimləyək. Məsələn, yaşayış məntəqələrinə bitişik ərazilərlə bağlı səlahiyyət yerli icra hakimiyyəti orqanlarına verilsəydi, sənədsiz evlərlə bağlı problem həllini tapardı. Yaxud bu səlahiyyət İqtisadiyyat Nazirliyi ilə başqa bir nazirliyə verilsəydi, həll yolu tapılardı. Prezident də fərman verib, ancaq bu kimi problemlərə görə məsələ uzanır".

Spiker Sahibə Qafarova isə "Baş nazirin kefindən asılı olur" ifadəsini yolverilməz sayıb: "Qüdrət müəllim, siz təcrübəli deputatsınız, bu nə ifadədir işlədirsiniz? Qanun yol vermədiyi halda Nazirlər Kabineti bunu təsdiqləmir".

Xatırladaq ki, rəsmi məlumata görə, Bakı şəhəri və ətrafında təxminən 600 min sənədsiz ev var.


Etiketlər:  Bakı şəhəri ətrafında sənədsiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ