Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 08:00
Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım günüdür.
Kaliforniya Universitetinin məşhur professorunun bu gün 102 yaşı tamam olur.
1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurduna - Cənubi Azərbaycana köçmək məcburiyyətində qalıb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olunub. Bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra o, 23 yaşında ABŞ-a gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan altı mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.
Lütfi Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. O, 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. Lütfi Zadə həmin ali təhsil ocağında ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Hazırda Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar və vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Alim, həmçinin "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin müəllifidir. Onun haqqında "Müasir elmin korifeyi", "Dünya dahilərsiz yaşaya bilmir" kitablar yazılıb, "Uzaq və yaxın Lütfi Zadə" sənədli filmi çəkilib, Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir.
Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.
O, sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında "BakuTel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.
AMEA Rəyasət Heyətinin 2016-cı il aprelin 20-də keçirilmiş iclasında böyük alim "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb. O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək "Honda" mükafatı ilə təltif olunub.
Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan "İnstitute Zadeh-ZİFT" İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.
Bir çox xarici ölkə akademiyalarının üzvü olan L.Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib. Lütfi Zadə həm də AMEA İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya Cəmiyyəti Problemləri" və "İnformasiya Texnologiyaları Problemləri" jurnallarının fəxri baş redaktoru olub.
Alim 2017-ci ildə vəfat edib, nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və birinci Fəxri Xiyabanda dəfn edilib.