Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Səni yer üzündən silərəm demişdi, Hacıbala Abutalıbov isə mənə zəng vurmuşdu ki...” - SENSASİON ETİRAFLAR

“Səni yer üzündən silərəm demişdi, Hacıbala Abutalıbov isə mənə zəng vurmuşdu ki...” - SENSASİON ETİRAFLAR

Tarix: 4 Fevral 2023 20:22

Daim pozitiv ab-havada yaşayıb-yaratdığına görə özünü daxilən gənc hesab edən "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanovla Gənclər Günündə görüşdük.

Bəy xitabını sevməyən Tahir İmanovun Musavat.com-a müsahibəsini təqdim edirik:

- Bu gün Gənclər Günüdür. Sizcə, gəncliyin yaşı varmı?

- Bu gün mənimçün tarixi bir gündür. Çünki 25 il əvvəl "Parni iz Baku" KVN komandasının tərkibində Gənclər Forumunun bədii hissəsində çıxış etmişəm. Baxmayaraq ki, gələn il 50 yaşım tamam olacaq, mən özümü yaşlı hiss etmirəm. Biz daxilən həmişə gəncik, çünki həmişə pozitiv ab-havada yaşayıb-yaratmışıq. İndi də eyni ab-havada yaşayırıq. Düşünürəm ki, pozitiv insan həmişə özünü gənc hesab edəcək. Bədbinlik insanı həm qocaldır, həm də xəstəliklər yaradır. Digər tərəfdən, tarixi gündür ona görə ki, bu yaşıma qədər "Yeni Müsavat" Media Qrupuna birbaşa müsahibə verməmişəm. Mən həmişə çəkinmişəm. Çünki bəzi jurnalistlər əksər hallarda tanınmış insanların müsahibələrindən sözləri, cümlələri kontekstdən çıxarıb başqa bir tərzdə təqdim ediblər. Müəyyən problemlər yaranıb, həmin tanınmış şəxsiyyətlər çətinliklər, gərginliklər yaşayıb. Biz qadağada olarkən ilk zəng "Azadlıq" radiosundan gəldi. Mən qəti şəkildə imtina etdim. Hörmətsizlik göstərmək istəmirəm, sadəcə, bu, mənim mövqeyimdir. Çünki səhv etmirəmsə, ondan 2-3 il öncə onlar bizim dahi kinorejissorumuz Rüstəm İbrahimbəyovdan müsahibə aldılar, müəyyən cümlələri kontekstdən çıxardılar. Bildiniz, o nəyə gətirib çıxardı. Hamıya bəllidir ki, müəyyən bir dövrdə medianın bəzi nümayəndələri bizim keçmiş dövlət xadimlərinə, məmurlarına tabe olublar.

Nəzərə alsaq ki, bizə qadağa qoyan qüvvələr və medianın həmin nümayəndələri o qüvvələrə tabe idi, aydın məsələ idi ki, ssenari istənilən formada yazıla bilərdi. Bizi düşmən də, nankor da çıxara bilərdilər. Bir sözlə, o qadağanı ictimaiyyət qarşısında düzgün çıxarmaq üçün istənilən yollara, ssenarilərə əl ata bilərdilər. Amma biz teatr olaraq, yaradıcı insanlar, yaradıcı heyət olaraq birmənalı qərar qəbul etdik ki, o cür saytlara, jurnalistlərə müsahibə verməyək. Təəssüflər olsun ki, son dövrdə cümlələri kontekstdən çıxaran jurnalistlər çoxalıb. Bilmirəm, reytinq qazanmaq üçün, qalmaqal yaratmaq üçün. Ona görə mən həmişə çəkinmişəm. Məsələn, mən özümü AzTV-də sərbəst hiss edirəm. Baxmayaraq ki, eyni tipli suallardır, orada pozitivlik var. Mən ora gözəl əhval-ruhiyyə ilə gedirəm və gözəl əhval-ruhiyyə ilə də qayıdıram. Digər kanallara getmirəm, inciklik hələ də daxilimdə qalıb. Məsələn, qadağamızın ən pik dövründə (2014-2019-cu illər) telekanalları kəskin şəkildə tənqid etmişdim. Doğrudur, mənimlə yanaşı, digər saytlar da tənqid edirdi. Televiziya məkanına telekanalizasiya deyənlərə kimsə nəsə demədi. Tahir İmanov danışdı, bomba partladı. Mən həmin məmurun adını o vaxt da çəkməmişəm, indi də çəkmək istəmirəm. Mən onu o vaxt da pisləməmişəm, indi də pisləmək istəmirəm.

Mənə çoxu zəng edir ki, hamı Vasif Talıbovdan danışır, yazır, siz niyə nəsə demirsiz, yazmırsız. Mən onlara başa salıram ki, o vaxt onu tənqid etməmişəmsə, indi etsəm, bu, ən azından kişilikdən olmaz. Bunun üçün müvafiq qurumlar var. Mən indi niyə nəsə deməliyəm? Kimi yumor prizmasından tənqid etmişəmsə, onun haqqında danışa bilərəm. Həmin məmurun sifarişi ilə ATV və "Xəzər"də demək olar ki, eyni ssenari ilə, eyni cümlələrlə xəbərlərdə bir süjet efirə getdi. Nazpəri Dostəliyevaya, "Şeron" qrupuna qadağa qoymuşdu, ANS-in bağlanmasında da onun çox böyük rolu olub. Süjetin konteksti belə idi ki, Tahir İmanov tükənib. Sanki Tahir İmanov 30 il ərzində səhnəyə tək çıxıb. Hədəf mən idim. Məni bir anın içərisində düşmən etdilər. Mən cavab vermədim. Mənimçün istənilən halda nümunə Heydər Əliyev olub. Həyatımda nəsə baş verəndə həmişə Heydər Əliyevin çıxışlarına müraciət edirəm. H.Əliyev Prezident Aparatında jurnalistlərlə görüşü zamanı demişdi ki, mən saytları, qəzetləri oxumuram, onlara cavab da vermirəm. Mən də onlara cavab vermədim. Çünki it hürər, karvan keçər. İkincisi, fikirləşdim ki, hər şeyin bir vaxtı var, cavab verəcəyik. Onlara ən gözəl cavabı 2019-cu ildə ölkə başçısı verdi. Martın 1-də incəsənət xadimləri ilə görüşdə bu məsələ də qalxdı, Prezident dedi ki, hesab edirəm özəl kanallar çox böyük bir səhv edib. Bundan gözəl cavab ola bilməz. Mən susdum.

Həmin süjetdə mənə ən çox toxunan söz o oldu ki, Tahir İmanovun çörəyi dizi üstədir. Əgər mən o telekanallardan 1 qəpik maaş alsaydım, deyərdim ki, bəli, onlar haqlıdır. Mən onlardan 1 qəpik də almamışam, əksinə, həmişə sponsor axtarmışam qapıları döyə-döyə. Bilirsiz sponsor axtarmaq necə alçaldıcı bir prosesdir? Sponsor axtarıb onlara layihələr aparmışam.

Olaydan bir müddət keçmişdi, toyda idik. Gördüm həmin mətni oxuyan xanım aparıcı (hazırda "Xəzər"də işləyir) mənə tərəf gəlir, dedi, gəlmişəm sizdən üzr istəməyə. Mən onun yerinə kövrəldim ki, bu qadında nə qədər güc, cəsarət var. Ona hörmətim artdı. Kişilərin isə kişiliyi çatmadı məndən üzr istəsinlər. Düşünürəm ki, səhvi etiraf etmək böyüklükdən irəli gəlir. İkincisi, onun səhvi də yox idi. O, canlı efirdə idi həmin vaxt, yazılanı oxuyub. Mən onu o hadisədən əvvəl dəfələrlə konsertə də dəvət etmişdim. Dediyim səbəbdən nə ATV-yə, nə də "Xəzər"ə gedirəm, getmək də istəmirəm. Mən inanmıram ki, onlar məndən üzr istəyəcəklər. Yenə deyirəm, bununçün kişilik, cəsarət lazımdır. Heç vaxt heç vaxt demə prizmasından yanaşsaq, bəlkə də nə vaxtsa həmin telekanallara gedərəm, bilmək olmaz. Bu məsələ öz həllini tez tapa bilərdi. İkincisi, mənim ora getməyimin nə mənası var? Mən gedib orada səviyyəsiz musiqini təbliğ edənlərlə bir masada oturum? Mən orada bizim mədəniyyətimizə zərbə vuran insanlarla bir masada oturum? Mən orada xalqımıza qarşı mənəvi cinayət törədənlərlə bir yerdə oturum? Qeyri-mədəniyyəti, qeyri-dilləri təbliğ edənlərlə, c, ç ilə danışanlarla bir yerdə oturum? Mən kiçik də olsa, mənəvi cinayətin tərkib hissəsi olmaq istəmirəm. Bu, mənim haqq və hüququmdur. Məsələ burasındadır ki, ziyalılarımız dəfələrlə televiziyamızı tənqid edib. Xalq yazıçısı Anar medianı görün nə qədər tənqid edib. Çingiz Abdullayev, tanınmış saytlar. Heç kəs onlara nəsə demir. Tahir İmanov danışan kimi onlara dərhal nəsə olur. Fürsətdən istifadə edib demək istəyirəm ki, bizə qadağa qoyan, bizi 5 il çörəkdən məhrum edən, telekanallardan uzaqlaşdıran keçmiş məmurlara, onların ailələrinə, doğmalarına can sağlığı arzu edirəm. Allah onları, ailələrini qorusun. Tam səmimi sözlərimdir. Çünki mən babalarımızın, ulu babalarımızın, böyüklərimizin sözünü iki edə bilmərəm - istənilən pisliyə yaxşılıqla cavab ver. Yaxşılıqla cavab verirəm.  

- Gənclərə nə kimi tövsiyələriniz var?

- İstənilən dövrlərdə qocalan nəsil həmişə cavan nəsli tənqid edib. Birincisi, mənim haqqım yoxdur xalqa, elə-obaya, gənclərə ağıl verim. Onu qoy məndən yaşlı nəsil, haqqı çatan etsin. Mən məsləhət verə bilərəm ki, xalqımızın gözəl adət-ənənələri var, o adət-ənənə üzərində yaşasınlar. Mən məsləhət edərdim ki, hansı sahədə işləmələrindən asılı olmayaraq, işə can yandırsınlar. Ən vacib məsələ budur. Bu gün tədbirdə çox gözəl bir söz eşitdim - dedilər ki, can yanmasa, Vətən yanar. Çoxları elə düşünür ki, can yandırmaq üçün tanınmış insan olmalısan, böyük vəzifədə işləməlisən. Xeyr, bu, belə deyil. Fəhləsindən tutmuş məmuruna kimi. Can yandırmayan vətəndaşdan, məmurdan xalq xeyir görməyib. Bizim gəncliyimizin ən gözəl illəri KVN-lə keçdi. KVN Heydər Əliyev deməkdir.

Çünki Azərbaycanda KVN hərəkatı birbaşa Ümummilli liderin adı ilə bağlıdır. Bizim Heydər Əliyevlə cəmi 1 rəsmi görüşümüz olub - 9 dekabr 2000-ci ildə. "20-ci əsrin çempionu" adının alınması ilə bağlı görüş olub. Digər görüşlərimiz qeyri-rəsmi olub. Biz o böyük şəxsiyyətdən məsləhətlər almışıq və o məsləhətləri bu gün mən gənclərə vermək istəyirəm. Can yandırın, heç nədən, heç kimdən qorxmayın, haqsızlığa qarşı mübarizə aparın.  

- Sosial şəbəkələrdə ünvanınıza yazılan tənqidləri, təhqirləri oxuyursunuzmu? 

- Mən son illər sosial şəbəkələrdə daha fəal olmuşam. Öz profilim yoxdur, Teatrın profilini istifadə edirəm. Tənqidləri çox az oxuyuram, amma oxuyuram. Bilirsiz, tənqiddən çox təhqir var. Bizim adət-ənənəmizdə söyüş olmayıb. Biz həmişə çəkinmişik. Amma təəssüflər olsun ki, indi sosial şəbəkələrdə tənqiddən çox təhqir, söyüş, nalayiq sözlər yazılır. Hansısa məmurdan inciyən, xaricə köçən öz yutub kanalında həmin məmuru təhqir edir. Guya bunlar müxalifətdir, mən onlara müxalifət demirəm, çünki bizim müxalifətin vaxtilə parlaq nümayəndələri olub. Orada oturub, hansısa məmurun nəslini, anasını, atasını söymək müxalifətçilik deyil. Bu, tərbiyəsizlikdir, mədəniyyətsizlikdir. Gənclərimiz sosial şəbəkələrdə çox aktivdir. Onlar o təhqirə cavab versələr, yaxşı olar. O videoya mənim anam da baxa bilər axı. Sənin qohumların baxıb nə deyəcək? Ona görə də can yandırmaq məsələsində fəal olmaq lazımdır və gənclərimizə tövsiyə edərdim ki, bu cür yaşasınlar.  Məşhur ifadənizə yazılan rəylərdən xəbəriniz var? Cümlələri kontekstdən çıxaran jurnalistlərimiz var. Bizim pisliyimizi arzulayan insanlar var. Arxamızca danışan, sosial şəbəkələrdə şirə, pələngə, adi həyatda isə dovşana çevrilən insanlar var. Onlardır hamısını edən. Eləsinlər, onların da peşəsi odur. Cəmiyyətə belə insanlar da lazımdır ki, pislə yaxşı arasında fərqi görsünlər. Qanunları dövlətimiz tərtib edir. Mən nə edə bilərəm? Mən birincisi, buna yumor prizmasındam öz fikrimi söyləyə bilərəm. Çünki mənim peşəm budur. Bilirsiniz ki, dəfələrlə konsertlərimizdə bahalaşma məsələsinə toxunmuşuq. Mənim məşhur cümləmə gəlincə, burada nə var ki? Mən demişəm ki, ruzini verən Allahdır. Bəlkə elə deyil? Kim tərəddüd edirsə, kimin şübhəsi varsa, gəlib desin ki, məsələn, mənim ruzimi Allah yox, yerin altında yaşayan qurdlar verir. Yaxud da mənim ruzimi su, ot verir. Mənim ruzimi Allah verir. Düşünürəm ki, buna görə üsyan qaldırmaq düzgün deyil. Həmişə evdəkilərdən bir söz eşitmişəm, deyiblər ki, nədənsə xoşun gəlmirsə, onun yerinə başqa bir şey təklif et. Əgər təklif edə bilmirsənsə, o zaman sus. Ya xeyir danış, ya da sus. Bu, çox vacib bir məsələdir.  

- Təhqirlərə cavabınız olur?

- O cür fikirlər əvvəllər mənə təsir edirdi, indi isə yox. Yenə deyirəm, sosial şəbəkələrdə pələngə, dinozavra çevrilməkdənsə, adi həyatda pələng, dinozavr olun. Sözünüzü kişi kimi deyin. Sosial şəbəkədə onları yazanların əksəriyyəti saxta adlarla yazır. Görün onlar necə qorxaq insanlardır ki, əsl adlarını da yazmırlar.

Cabir Novruz ən sevdiyim şairdir. Onun vəzifə haqda bir şeiri var, şeirin bir-iki yerində millət sözü işlədilib. Bu yaxınlarda sosial şəbəkədə həmin şeiri paylaşdım. Şərhlərdə yazmışdılar ki, millət yox, xalq, millətin adından danışmayın. Bu, savadsızlıq, cahillikdir? Müəllifi yazdığım halda soruşurlar ki, bu, kimin şeiridir? Biri yazır ki, Allah rəhmət eləsin, amma indi buna ehtiyac yoxdur. Biz özümüz bilərik, ehtiyac var, ya yox. Xoşunuz gəlmirsə, səhifəni tərk edin.  

 

- Nikol Paşinyanı parodiyanız səs-küylü oldu. İdeya necə yaranıb?   

- Şuşaya getmişdim, məni qınadılar ki, savaşmamısan, sənin nə ixtiyarın var ora getmisən. Bəs kimin ixtiyarı var? Burada suallar çoxdur. Bizim 1 milyon qaçqınımız var. Onların hamısı savaşmayıb deyə torpaqlarına qayıtmasınlar? Bu, savadsızlıqdan irəli gəlir. Birincisi, mən Şuşaya dövlət tədbirinə getmişdim. İkincisi, öz sevincimi, daxilimdə olan 30 illik həsrəti, o emosiyaları tamaşaçılarımla bölüşmək istəyirdim. Ən əsası, müharibə başlayanda nə Cabirin məndən xəbəri olub, nə də mənim ondan, ikimiz də müraciət etmişdik ki, bizi savaşa aparsınlar. Mənim yaşım uyğun gəlmədi, Cabir də işi ilə bağlı dövlətə başqa bir sahədə lazım idi. Mənə dedilər ki, sizin növbəniz çatanda xəbər edəcəyik. Biz hazırkı məkanda oturub fikirləşdik ki, bu dövlətə töhfəmizi hansı formada verək. Cəbhəyanı bölgəyə hər adamı buraxmırdılar, konsertin yeri deyildi. Beləliklə, qərara gəldik ki, sosial şəbəkədə aktivləşək. Həmin vaxtdan mənim sosial şəbəkələrdə aktiv həyatım başladı. Biz bir neçə layihə yaratdıq. Birinci layihəmiz Nikol Paşinyanın parodiyası idi. Bu günə kimi o layihəni davam etdirirəm. Sadəcə olaraq, Paşinyan son vaxtlar susur, danışmır. Mən düşmən mətbuatını diqqətlə izləyirəm. Ermənilər haqda 3 dildə - Azərbaycan, rus, ingilis dilində 20-30 saniyəlik çarxlar yaratdıq. Məşhur ermənilərin öz milləti, mədəniyyəti haqqında tənqidedici sitatları idi, biz onları kompüter qrafikası formasına gətirdik və kadrarxası mətnlə səsləndirdik. Üçüncüsü, "Planeta Parni iz Baku" Без Шуток! adlı layihə yaratdıq. 5-6 layihə başa gəldi. Gecə-gündüz işlə, onları montaj et, sonda bir çoxu yazdı ki, niyə rus dilində. Həmin zaman cavab vermədim. Sual edirəm, erməniyə Azərbaycan haqqında həqiqəti hansı dildə çatdırmaq olar? Mən dünyaya hansı dildə çatdırmalıyam? Bu, dırnaqarası vətənpərvərlikdir. Mən çox yaxşı bilirəm, nə vaxt Azərbaycan dilində, nə vaxt rus, yaxud ingilis dilində danışmalıyam. Mən ingilis təmayüllü məktəbdə oxumuşam. Özləri heç nə etməyən, sosial şəbəkələrdə şirə, pələngə dönən insanları biz təkbətək söhbətlərə də çağırmışıq. Onlar deyir ki, bağışlayın, mən yazmamışam, mənim adımdan dostum yazıb. Elə bəhanələr gətirirlər ki, adamın onlara yazığı gəlir. Mən Allaha dua edirəm ki, onlara ağıl versin. Mənim silahım duadır. Biz gərək əlimizdən gələni edək ki, pisi yaxşıya çevirək. Onlar da bizim vətəndaşlarımızdır. Biz gərək başa salaq. Böyüklərimiz də bizi başa salıb. 

- Sponsoru axtarırsınız, yoxsa özü sizi tapır?

- Çox böyük əziyyətlərdən keçmişik. Sponsor axtarmaq kimi ikinci alçaldıcı proses düşünməyin. Son illər incəsənətə nifrət etmişəm. Hər dəfə bu yaşda qapı döymək... Sponsor məsələsi 90-cı illərdə qaldı. Anar Məmmədxanov çıxıb deyirdi ki, "Parni iz Baku" KVN komandasının sponsoru filan şirkətdir, bununla da bitirdi. İndi az qala sponsor bizimlə evlənsin. Adım konsert boyu 4 dəfə çəkilsin, səhnəcik olsun, zarafat olsun və s. Bu, sponsorluq deyil axı, bu, aktyorluqdur. Bunlar başqa şeylərdir. Sponsor Hacı Zeynalabdin Tağıyev olub. Xalqa yardım edib, vəfatından sonra biliblər ki, o edib. "Parni iz Baku"nun sponsoru dövlətimiz olub. Cənab Prezident İlham Əliyev hər dəfə deyib ki, mənim adım heç yerdə getməsin. Sponsorluq məsələsini televiziyalar ucuzlaşdırıb. Mən şəxsən artıq o verilişlərə baxmıram. Çünki aparıcı yazıq mövzuya keçmək istəyir, amma məsələn, tumu reklam edirsə, az qala onu da çırtlayacaq ki, baxsınlar. Sonra kolbasaya, sosiskaya, süd məhsullarına keçir, adam iyrənir, nifrət edir. Mən belə sənəti, belə televiziyanı istəmirəm. Çünki hər şeyi telekanallar öz istədikləri səviyyəyə gətirib çatdırıblar. Əgər onlar şərt qoysaydı, inanın ki, sponsorlar gedəcəkdi. Başqa variant yoxdur. Biz 30 il ərzində televiziya vasitəsilə bu xalqın zövqünü korladıq. Məndən soruşurlar ki, niyə görsənmirsiniz? Dedim ki, böyük Azərbaycan müğənnisi Akif İslamzadədən soruşublar ki, Akif müəllim, oxumursunuz? O da cavab verib ki, oxuyuram, siz mənə qulaq asmırsınız. Mən də həmin şəxsə dedim ki, biz varıq, siz başqa şeylərə baxırsınız. Mənə dedi ki, Akif İslamzadə kimdir? Bu, faciədir. Əgər indi Akif İslamzadəni tanımırlarsa, bir azdan Rəşid Behbudovu, Şövkət Ələkbərovanı tanımayacaqlar. Bir azdan Üzeyir Hacıbəyovu, Fikrət Əmirovu, Qara Qarayevi tanımayacaqlar. Bizim nəhəng mədəniyyətimizdən bayağılıq qalacaq.  

- İranın iç üzü ortadadır. Bəs bu xain ölkənin qara əməllərini səhnəciklərinizə daşımaq fikriniz var? 

 - İran Azərbaycanın ərazi bütövlüyünü, rifahını, inkişafını istəməyib və istəmir. Bu, artıq sübut olundu. Bunu Vətən müharibəsində də gördük. Torpaqlarımız 30 il idi ki, işğal olunmuşdu, bizə qarşı soyqırımlar, faciələr törədilib. İran isə bütün bunlara susurdu. Biz onlarla bağlı dəfələrlə tənqidedici səhnəciklər yazıb-yaratmışıq. Hazırkı dönəm üçün də yazmağın vaxtı gəlib çatıb. 12, 13, 14 may tarixlərində keçiriləcək konsertlərimizdə bu mövzuya mütləq toxunacağıq. Anonslar üzərində işləyirik. Bir azərbaycanlı kimi öz vətəndaşlıq borcumu verməliyəm, bunu mütləq göstərməliyəm. Əslində, bunların hamısını böyük satiriklərimiz - başda Cəlil Məmmədquluzadə olmaqla göstərib. Azərbaycanı sevən, başa düşən adam üçün "Ölülər" əsərində hər şey əks olunub. İslama xas olmayan məsələləri Azərbaycana farslar gətirib. Nə qədər ki, varıq, Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını qoruyub saxlamalıyıq. Tarix göstərdi ki, ən çətin dövrdə bizim köməyimizə qardaşlarımız gəldi.    

- Sizi daha çox Hacıbala Abutalıbovun parodiyası ilə tanımışıq. Onunla nə vaxtsa görüşmüsünüzmü?

- Ümummilli lider Heydər Əliyev konsertlərimizə gələndə çox az adam bizə irad bildirərdi. Çox az məmur qrim otağına qalxıb bizə nəsə deyərdi. Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov Heydər Əliyev Sarayının 5-ci mərtəbəsində yerləşən qrim otağına qalxıb, öz iradını bildirmişdi. Nə qədər ki, Heydər Əliyev bizim konsertləri izləyirdi, nə qədər ki, bu həyatda var idi, Hacıbala Abutalıbov bizi dəstəkləyirdi. 2000-ci ildə bizim 5 konsertimiz var idi. Hacıbala Abutalıbovu ilk dəfə parodiya edəndə səhər tezdən mənə zəng gəldi. Özünü təqdim etdi, dedi ki, vaxtınız varsa, bu gün görüşək. Dedim ki, konsertə hazırlaşıram, dedi, 5 dəqiqə vaxtınızı alacam. Görüşdük, parodiyaya görə mənə təşəkkür etdi. Soruşdum ki, parodiyadan necə xəbər tutmusunuz? Dedi ki, cənab prezident mənə bu haqda deyib. Bildirdi ki, imkan varsa, qısa zamanda o çıxışa baxmaq istəyirəm. Dedim ki, qısa zamana söz vermirəm, amma kaset hazır olan kimi göndərəcəm. Ondan sonra bizə salam da vermədi. Bizi harda görürdü üzünü çevirirdi. Parodiyaya məruz qalmış məmurların 90 faizinin bizdən zəhləsi gedir desəm, yanılmaram. Heydər Əliyev faktoru var idi, ondan çəkinirdilər.  

- Sizi təhdid edən məmur olub? 

- Məni ölümlə təhdid edən bir nəfər olub. Başına oyun açaram, səni yer üzündən silərəm demişdi. Allah ona can sağlığı versin. Onun adını çəksəm, bizim böyük müğənninin stereotipi dağılacaq bir anın içərisində. O, müxtəlif illərdə Azərbaycanı dünya arenasında təmsil edib, Azərbaycanın fəxridir. O illərdə müxtəlif təzyiqlər var idi, məmurlar öz narazılıqlarını bildirirdilər. Biz də hər dəfə konsertdən sonra Heydər Əliyevlə görüşəndə bu barədə bildirirdik.

Heydər Əliyevin çox güclü hafizəsi var idi. O cür çətin iş qrafikindən sonra gəlib 3 saat konsertdə oturasan, sona kimi izləyəsən, sonra kulis arxasında gənc aktyorlarla ünsiyyətdə olasan, onlara atalıq edəsən. Heydər Əliyev orada bizimlə ata, baba kimi danışırdı. Bir anın içərisində unudurduq ki, qarşımızda dünya şöhrətli bir siyasətçi dayanıb. Çünki özünü çox sadə aparırdı. İstənilən şəxs həmin mühitdə ürəyini aça bilər. Söhbətdən 10-15 dəqiqə sonra cibimizdə 1 qəpik pul olmasa da, deyirdik ki, hər şey yaxşıdır.

Elə insan var idi ki, kostyumu belə yox idi. O dövrdə maddi durumumuz çox pis idi. Hər dəfə özümüzə söz verirdik ki, cənab prezident gələndə problemlərimizi danışacağıq, onu görəndə hər şey yaddan çıxırdı. Ölkənin Qarabağ kimi problemi var idi, qaçqınlarımız, sosial-iqtisadi problemlər. Biz Heydər Əliyevin istirahətinə minor notlar qatmaq istəmirdik. Sadəcə, deyirdik ki, cənab prezident, hər şey yaxşıdır, bəzi məmurlar bizə təzyiq edir. O söhbətlərdən 2 il keçmişdi, 30 dekabr 2000-ci ildə Heydər Əliyevin "Parni iz Baku" ŞHK üzvlərini qəbul edərkən etdiyi çıxışdan sitatını yazmışam - "Biz ölkəmizdə, cəmiyyətimizdə olan nöqsanları aşkar edib, onlarla mübarizə aparmalıyıq.

Çox adam hesab edir ki, bu mübarizənin əsas yolu inzibati yoldur. Bu, heç də belə deyil. Yumor və satira cəmiyyətimizdə olan nöqsanların aradan qaldırılmasına kömək edir və mən hesab edirəm ki, sizin bu tamaşalarınızın hər bir nömrəsinin özünəməxsus qiyməti var. Heç kimdən və heç nədən qorxmayın. İstəyirəm ki, siz bu işi davam etdirəsiniz". Bu, gələcəyə bir mesaj idi. Lakin üzərindən xeyli müddət keçdikdən sonra bizə qadağa qoydular. 

- Bəhram Bağırzadəni öz fikirlərinə görə tənqiddən çox təhqir edənlər oldu. Haqq kimdədir? 

- Bəhram Bağırzadənin həmin cümləsi kontekstdən çıxarılıb. Əsli-kökü kənddən, rayondan olan bir insan rayonluları necə tənqid edə bilər? Mən də rayonluyam. Şəhər adamı da, rayon adamı da özünü pis apara bilər. Söhbət özünü tərbiyəsiz aparanlardan gedir. Jurnalistlər Bəhramın başına belə bir oyun açıblar. Bu söhbəti Bəhram 5 il əvvəl edib. Onu gündəmə gətirən insanlar niyə indiyə kimi susublar? Dırnaqarası qəhrəmanlar niyə indi bunu edib? Niyə bizim böyük aktyorumuzun karyerasına zərbə vurmağa çalışırlar? Edə bilməzlər. Allah ucaldan insanı kimsə alçalda bilməz. Mən düşünürəm ki, bu sualları naftalindən həmin materialı çıxaran insanlara vermək lazımdır. Hansısa cümləni kontekstdən çıxarıb bununla gündəmə gəlmək, reytinq qazanmaq ən azından nakişilikdir. Tənqidi başa düşmək olar, niyə onun vəfat edən anasını, atasını söyürsən? Azərbaycanı sevən insan söyüş söyməz, təhqir etməz. Bu, bizim millətə yaraşmır. Hesab edirlər ki, söz azadlığıdırsa, mən belə edə bilərəm. Əgər bu, demokratiyadırsa, gedin Quranı yandıranı alqışlayın. O boyda Rüstəm İbrahimbəyovu bir anın içərisində düşmən etdilər. O cür şəxsiyyəti qeyri-azərbaycanlı etdilər. Əsl azərbaycanlılar heç vaxt belə şeylər etməz. Əsl azərbaycanlı ölünün arxasınca danışmaz. Əsl kişi iradı üzə bildirər. Rüstəm İbrahimbəyovun arxasınca danışanları, onun ünvanına nalayiq sözlər deyənləri mən dəfndə gördüm. Mən gördüm ki, onlar necə qeyri-səmimi ağlayırlar, kövrəlirlər, onun övladlarını qucaqlayırlar. Mən Rüstəm İbrahimbəyovun qızı ilə 5-ci sinifdən paralel oxumuşam. Oğlu ilə dostluq etmişəm. Böyük azərbaycanlı, böyük kino xadimi, böyük şəxsiyyət və gözəl insana Allah rəhmət eləsin! Elə bir dövrdür ki, birləşməkdənsə, parçalanırıq.  

- Dostunuz var?  

Whatsapp ilə göndər


Etiketlər:  Səni yer üzündən silərəm demişdi Hacıbala Abutalıbov isə mənə zəng vurmuşdu ki SENSASİON ETİRAFLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ