Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan elmində böhran: alimlər “2'' alırsa...

Azərbaycan elmində böhran: alimlər “2'' alırsa...

Tarix: 10 Fevral 2023 09:00

Ali Attestasiya Komissiyası yanvarda hansı sahələrdə elmi adlar və dərəcələrin verilməsindən imtina edib?

2023-cü ilin yanvar ayında müxtəlif elm sahələri üzrə dissertasiya işi müdafiə edən bir çox alimlərə Ali Attestasiya Komissiyası tərəfindən mənfi cavab verilib. Daha doğrusu, onların komissiyaya təqdim etdikləri elmi işlərdən imtina edilib. Prezident yanında  Ali Attestasiya Komissiyasının bu ilin yanvarında elmi adlar və dərəcələrin verilməsi və imtina edilməsi barədə məlumatına əsasən, ən çox filologiya elmləri sahəsində yazılan dissertasiya işlərinə "yox" deyilib.

Belə ki, ilin ilk ayında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq istəyən 4 alim namizədin dissertasiya işindən imtina edilib. Filologiya elmləri üzrə ötən ay dosent elmi adını almaq istəyən 7 alimdən  3-nün elmi işinə imtina verilib. Bu isə "antirekord" göstərici deməkdir. Təqdim olunan elmi işlərdən cəmi 4-nün qəbul edilməsi çox şeydən xəbər verir. Daha çox imtina alan alimlərin təmsil etdiyi növbəti elm sahəsi isə biologiyadır. Yanvarda Biologiya üzrə cəmi 5 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. 3 elmi işdən isə imtina edilib. Bu sahənin daha bir mənfi göstəricisi isə dosent elmi adının alınmasındadır. Ötən ay dosent adını almaq istəyən cəmi iki bioloqdan yalnız birinə müsbət cavab verilib. Digərinin isə elmi işindən imtina edilib. Riyaziyyat sahəsində də durum ürəkaçan olmayıb. İlin ilk ayında bircə nəfər də olsun, riyaziyyatçıya fəlsəfə doktoru elmi adı verilməyib. Əvəzində iki namizədin elmi işindən imtina edilib. Eyni hal psixologiya elmləri üzrə də yaşanıb. İlin ilk ayında heç kəsə psixologiya üzrə fəlsəfə doktoru adı verilməsə də, əvəzində iki namizədin elmi işindən imtina edilib. Pedaqogika elmləri üzrə də yanvar göstəricisi eynilə psixologiyada olduğu kimidir: fəlsəfə doktoru elmi dərəcəsi üzrə 0 qəbul, 2 imtina. Texnika elmləri üzrə isə vəziyyət nisbətən qənaətbəxşdir. Doğrudur, bu sahə üzrə də 2 elmi işdən imtina edilib. Amma 6 elmi iş məqbul sayılıb.

Sonxeber.net bildirir ki, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov mövzu ilə bağlı "Yeni Müsavat"a dedi ki, ümumiyyətlə elmi adların verilməsi məsələsində ciddilik olmalıdır: "Ali Attestasiya Komissiyası ətrafında son illərdə baş verən prosesləri hər birimiz ürəkağrısı ilə seyr edirdik. Bununla bağlı mən hər zaman səsimi qaldırmışam. Hər zaman demişəm ki, hər küçədən keçənə, elmi fəaliyyətlə məşğul olmayıb yalnız prestij xətrinə adın dalınca qaçanlara elmi adlar verilməməlidir. Təəssüf ki, ciddi elmi fəaliyyətlə məşğul olan insanlar kənarda qalırdı. Parlament üzvləri, iş adamları çox asanlıqla bu elmi adları alırdılar. Tutaq ki, akademiklərin qohumları, elmi tədqiqat institutlarında inzibati vəzifə daşıyanların yaxın ətrafları  gəlib asanlıqla elmi adları, dərəcələri alırdılar. Təbii ki, bu yolverilməz idi. Bizim elmimizin hazırki durumda olmasının səbəblərindən biri kadrlarımızın yerində olmamasıdır. İndi baxın, ömür boyu bir saat belə elmi tədqiqatla məşğul olmayan şəxsin adının qarşısında fəlsəfə doktoru, yaxud elmlər doktoru yazılır. Bu həqiqi elmlə məşğul olanları sındırmaqdır və elmi ələ salmaqdır. Prezident tərəfindən elmi adların verilməsi qaydaları haqqında əsasnamədə dəyişiklik oldu. Bununla bağlı şərtlər ciddiləşdirildi. Amma  Ali Atestasiya Komissiyasının hansı səbəbdən qeyd edilən ixtisaslar üzrə alimlik dərəcəsinin verilməsinə imtina edilməsi ilə bağlı monitorinq etmədiyimə görə, hansı səbəblərdən imtina edildiyini də dəqiq bilmirəm. Amma yəqin ki, bu imtinaların arxasında ciddi arqumentlər dayanır".

Ekspert əlavə edib ki, Ali Atestasiya Komissiyasının bu məsələdə sərtləşməni tətbiq etməyinin tərəfdarıdır: "Biz keyfiyyətə daha çox işləməliyik, nəinki kəmiyyətə. Elmi dərəcə alan çox az sayda olsun, amma bunlar həqiqi olsunlar. Bizdə cəmiyyətdə əvvəlki kimi elmi adları tapşırıqla, yaxud hər hansısa bir çirkli yollarla almaq barədə insanlar düşünə bilməsinlər. Bu baxımdan hesab edirəm ki,  Ali Attestasiya Komissiyasının imtina cavablarının arxasında yəqin ki, ciddi arqumentlər dayanır.

Konkret suala gəlincə isə hesab etmirəm ki, şərtlər qəlizdir. Şərtlər daha da qəliz olmalıdır. Şərtlərin qəliz olması, arqument ola bilməz, yaxud, bu ittiham ola bilməz. Görünən odur ki, zamanında bu mühitdə çatışmazlıqlardan istifadə edən adamlar, hələ də alim adı almaq üçün çalışan insanlar hazırki qəliz filtrlərdən keçə bilmirlər. Təbii ki qaydalar dəyişdi. Təbii ki, imtahan verən hər bir şəxsi ittiham etmək istəmirəm. Ola bilər ki, o insanlar şərtləri diqqətlə oxuya bilmirlər. Məsələ bundan ibarətdir ki, burada dissertasiya şuralarının da məsuliyyət məsələsi var. Dissertasiya Şurasının tərkibi kifayət qədər seçilmiş alimlərdən təşkil olunur. Dissertasiya Şurasında elmi iş müdafiə olunur. Dissertasiya Şurasına qədər hələ proses müvafiq şöbədən keçir. İşin icra olunduğu müəssisədə bu işə baxılır. Digər tərəfdən aparıcı təşkilat müəyyənləşdirilir. Həmin təşkilatda ona müvafiq rəylər verilir. Həmin sahə üzrə kifayət qədər peşəkar mütəxəssislər tərəfindən rəylər verilir. Ən yekunda Dissertasiya Şurasında iş müdafiə olunur. Onda sual olunur, o  Dissertasiya Şurası nəyə baxırdı?

Dissertasiya Şurasını müəyyənləşdirən də  Ali Attestasiya Komissiyasıdır. Çox maraqlıdır, komissiyanın müəyyənləşdirdiyi Dissertasiya Şurasından keçərək müsbət dəyərləndirilən bir iş gəlib Ali Attestasiya Komissiyasında dayanırsa və ona yox deyilirsə, deməli burada yenə də problemlər var. Necə olur ki, Dissertasiya Şurasında hə deyilən bir işə yekunda komissiya yox deyir. Burada da xeyli suallar yaranır. Orada bürokratik hallar varsa, təbii ki, bunun qarşısı alınmalıdır. Bunu bilmirəm. Ali Attestasiya Komissiyasında bu gün nələr baş verir, bilmirəm. Bu kifayət qədər qapalı bir qurumdur, cəmiyyətə açıq deyil. Sadəcə ümid edirəm ki, Ali Attestasiya Komissiyasında hər şey şəffafdır, amma dəqiqini bilmirəm. Necə olur ki, öz formalaşdırdığın Müdafiə Şurasında hə deyilir, sən ona yox deyirsən. Deməli, burada zəncirdə qırılmalar var. Yenə qeyd edirəm, Müdafiə Şurasını komissiya özü formalaşdırıb. Belədirsə, demək burada kifayət qədər mütəxəssis varsa, onlar hə deyirlərsə, ya da qeyri obyektiv olaraq hə deyiblərsə, deməli sizin müdafiə şuralarında problem var. Əgər iş qaneedici deyilsə, artıq müdafiə şuralarında imtina edilməli idi, yox buraxılıbsa, orada problemlər var. Mən iddia etmirəm ki, o işlər sanballı olub. Amma fakt odur ki, müdafiə şurasında müsbət cavab verilib. Deməli, müdafiə şuralarının işi araşdırılmalıdır".

Ekspertin  fikrincə, imtinaların daha çox səbəbi elmi məqalələrlə bağlı olur: "Ali Attestasiya Komissiyası nüfuzlu jurnallarda fəlsəfə elmlər doktoru, alimlik dərəcəsi almaq istəyən şəxslərə, elmi adlar almaq istəyənlərə tələblər qoyub. Bu şərtlər sərtləşəndən sonra elmi işlərdə çatışmazlıqlar daha çox məqalələrlə bağlı olub. İşin keyfiyyətsizliyi ilə bağlı ittihamlar az olur. Bu məsələni zamanında həll etmək lazımdır ki, komissiyada təsdiq edilənə qədər neçə instansiyadan keçir. Ali Attestasiya Komissiyasına təqdim olunan sənədlərin qalınlığı dissertasiya işindən qalın olur. Buna görə narazılıq olur ki, bürokratiya var. Təsəvvür edin ki, insan bütün mərhələlərdən keçir, gəlir yekunda imtina alır. Bu proses əvvəldən nizamlanmalıdır, insanların da zamanı getməz. Layiq deyilsə, ona aşağı mərhələdən imtina edilməlidir". 

Qeyd edək, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-2022-ci tədris ili üçün ölkədə professor-müəllim heyətinin sayı 14393 nəfər təşkil edir.


Etiketlər:  Azərbaycan elmində böhran alimlər alırsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ