Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir müavini: Əgər direktor şagirdlərin təhsilə cəlbində acizdirsə, onda biz nədən danışa bilərik?

Nazir müavini: Əgər direktor şagirdlərin təhsilə cəlbində acizdirsə, onda biz nədən danışa bilərik?

Tarix: 15 Oktyabr 2019 15:12

Bakı. İlhamə İsabalayeva -Trend:

Məktəbin yaxşı oxuyan 10-11-ci sinif şagirdi ucqar bir məktəbə gedirsə, demək onun əvvəl oxuduğu məktəbin direktoruna təşəkkür düşür. Onun göstəriciləri aşağı düşsə, şagird kontingenti azalsa belə, həmin direktora təşəkkür etmək lazımdır, çünki o, işini tələblərə uyğun qurur.

Trend-in məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, hətta təmayül siniflərdə də şagirdlərin davamiyyəti arzuolunan səviyyədə deyil: "Niyə? Bu, belə olmamalıdır. Şagirdlərin elektron yerdəyişməsi sistemi bizə imkan verir ki, onların yerdəyişmə etdiyi məktəbi görək. Əgər direktor şagirdlərin məktəbə, təhsilə cəlb edilməsində acizdirsə, onda biz nədən danışa bilərik? İstənilən məktəb direktoru yeni şagirdə sual verib öyrənir ki, niyə yaxşı məktəbi qoyub bura gəlib. Əgər hər hansı məktəb direktoru üzərinə məsuliyyət götürərək şəhərin lisey-gimnaziyasının XI sinif şagirdini məktəbə qəbul edirsə, başa düşməlidir ki, istənilən vaxt kimsə məktəb qapısını açaraq məhz o şagirdin sinifdə olub-olmadığını öyrənə bilər. Əgər bir məktəbin X-XI siniflərinin şagirdlərinin sayı ciddi şəkildə azalırsa, demək, o məktəbin direktoru şagirdlərinə deyir ki, sizin üçün "şərait" yaradılmayacaq. Bunun başqa səbəbi yoxdur. Məktəbin yaxşı oxuyan şagirdi ucqar bir məktəbə gedirsə, demək onun əvvəl oxuduğu məktəbin direktoruna təşəkkür düşür".

M.Vəliyeva qeyd edib ki, bir çox hallarda təmayül siniflər sadəcə şagird komplektləşdirmək üçün yaradılır: "Təəssüf ki, hələ də təmayülləşmə prosesinin heç bir təhlilə əsaslanmayan şəkildə, səmərəsiz təşkil olunduğunu görürük".

Nazir müavini hesab edir ki, tam orta təhsil səviyyəsində təmayül siniflərə yalnız ixtisas peşəkarlığı və bilikləri yüksək olan müəllimlər dərs deməlidir:"Bu zaman biz şagirdlərin həqiqətən də zəruri biliklər almasına nail ola bilərik. İkinci tərəfdən, əgər dövlət bu imkanı yaradırsa, niyə məktəblər bunu etməməlidir? Bu məsələyə X-XI siniflərdə başlamaq çox gecdir. Məsələyə aşağı siniflərdən sistemli yanaşmaq lazımdır. Bir çox məktəb direktoru ilə ünsiyyətdən məlum olur ki, onlar ibtidai siniflərdən başlayaraq uşaqların bilik və maraqları haqqında məlumat toplayırlar. Bu mənada hesab edirəm ki, Bakı məktəbləri region məktəbləri üçün bir nümunəyə çevrilməlidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir müavini Əgər direktor şagirdlərin təhsilə cəlbində acizdirsə onda nədən danışa bilərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ