Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 08:03
Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə müxalifətdə olan "Ermənistan" fraksiyasının rəhbəri Seyran Ohanyan barədə cinayət işinin açılması Baş nazir Nikol Paşinyanın əlini gücləndirir.
Bu sözləri politoloq Elxan Şahinoğlu Seyran Ohanyan barədə açılan cinayət işini şərh edərkən deyib.
"Nikol Paşinyan hər zaman bildirir ki, ordu o hakimiyyətə gəlməmişdən əvvəl bərbad durumdaydı, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan korrupsiya ilə məşğul idilər. Seyran Ohanyana qarşı qaldırılan cinayət işinin materialları Paşinyanın haqlı olduğunu göstərir. Ermənistanın Baş prokuroru Ohanyanın müdafiə naziri olduğu vaxtlar 2 hərbi hissənin ərazisini və binalarını ucuz qiymətə yaxınlarına satmaqda ittiham edib. Seyran Ohanyana qarşı başqa ittihamlar da var. Seyran Ohanyanın korrupsiyaya bulaşdığı onun nazir olduğu illərdə də bəlli idi. Ohanyan 2010-cu ildə İrəvanın mərkəzində bütöv bir binanı satın almışdı", - politoloq bildirib.
O qeyd edib ki, Nikol Paşinyan rəqiblərindən birini də neytrallaşdırdı:
"Qarabağ klanı itir-itirə gedir. Klanın lderləri Robert Köçəryan və Serj Sərkisyan Paşinyana rəqib deyillər, çünki erməni cəmiyyətində nüfuzları qalmayıb. Bu səbəbdən faktiki hər ikisi siyasətdən uzaqlaşıb.
Paşinyan Kremlin xoşuna gəlmir, erməni baş nazirin açıqlamaları Moskvanı qıcıqlandırır. Rusiya hakimiyyətinin imkanı olsa, onu devirər. Ancaq Kremlin hazırda Ermənistanda bunu reallaşdıracaq adamı yoxdur. Kreml 1990-cı illərin ortalarında prezident Levon Ter-Petrosyanı asanlıqla devirdi, çünki baş nazir Robert Köçəryan və daxili işlər naziri Serj Sərkisyan qiyama rəhbərlik etdilər, o zaman üçün onlar nüfuzlu idilər. İndi isə belələri yoxdur. Paşinyanın İkinci Qarabağ müharibəsində Azərbaycana məğlub olmasına baxmayaraq, ölkəsində rəqibi yoxdur".