Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2023 22:30
Aydındır ki, indilikdə nə Türkiyənin, nə Azərbaycanın Türkiyəyə gəlmiş Mirzoyana hansısa şərtləri xatırlatmağın yeri və zamanı deyildi, amma...
Türkiyədə baş verən dağıdıcı zəlzələ rəsmi Ankaranın Yunanıstan və Ermənistanla münasibətlərində ciddi dəyişikliklərə səbəb ol(acağı)duğu barədə qərar vermək üçün tezdir. Bir neçə gün əvvəl məhz bu cür münasibətləri nəzərdə tutaraq yazmışdım ki, dövlət insan deyil, onun bir sifəti yoxdur və olmamalıdır. Sonxeber.net musavat.com-a istinadən bildirir ki, tarixdə yüzlərlə belə nümunələr var. İndi bir-birlərini döyüş meydanında qıran ruslarla ukraynalılar da, Amerika və Rusiya da gec-tez bir masa arxasında oturacaqlar, dövlətlərarası münasibətlər zamanla normal axara da düşəcək. O baxımdan, Yunanıstan və Ermənistanın zəlzələ bölgəsinə yardımlar göndərməsi, xarici işlər nazirlərinin Türkiyəyə səfərlərinə hələ ki, bu dövlətlərin şansı kimi baxmaq lazımdır...
Yunanıstan-Türkiyə münasibətləri zəlzələ baş verən günədək az qala müharibə həddinə gəlmişdi, Amerikanın yeni təyyarələri və hava məkanını qorumaq üçün verdiyi silahlar hesabına Afina dinc durmurdu, hətta silahsızlaşdırılmış adalara da hərbiləşdirirdi.
Ermənistan isə baş vermiş təbii fəlakətdən Türkiyə ilə 2021-ci ildə başlayan, lakin ciddi nəticələrə gətirib çıxarmayan danışıqları irəlilətmək şansı kimi dəyərləndirir. Zəlzələdən bir gün sonra baş nazir Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib, həmin gün Ermənistan öz xilasedicilərini bölgəyə göndərib. Ötən həftə son 35 ildə ilk dəfə olaraq ölkələr arasında quru sərhədi açılıb və Ermənistandan 100 ton humanitar yardım daşıyan yük maşınları zəlzələ bölgəsinə gedib. Mirzoyanın səfəri ərəfəsində Ermənistan zəlzələ bölgəsinə ikinci humanitar karvan göndərib.
Ermənistanla sərhədin 35 ildir niyə bağlı olduğunu bütün dünya bilir, amma zəlzələdən sonra o da ilk dəfə açıldı. Bu gün Mirzoyan Ankarada deyib ki, Türkiyə ilə diplomatik münasibətlər qurmaq, münasibətləri tam şəkildə normallaşdırmağa hazırdırlar. Çavuşoğlu isə Ermənistan və Türkiyə sərhədində yerləşən körpünü birgə təmir etmək niyyəti haqda danışıb, qeyd edib ki, iki ölkə arasında yerüstü əlaqənin açılması üçün infrastrukturun hazırlanması prosesinin sürətləndirilməsi ilə bağlı Mirzoyanla razılıq əldə edib. "Hər iki tərəfdə sərhəd-keçid məntəqələrinə yaxın yollarda və körpülərdə aparılan təhlil və yoxlamaların nəticələri var. İş gedir, sərhəd-keçid məntəqələrinə gedən yollarla bağlı atacağımız addımlar var. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç isə "Armenpress"ə deyib ki, Ermənistan və Türkiyə sərhəddəki körpünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcək. Hətta Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə ilkin razılığa gəliblər. 10 gün əvvəl biz bu cür mesajları eşitsəydik, təəccüblənərdik. Bu açıqlamaları əlbəttə ki, xüsusilə Ermənistan-Türkiyə münasibətlərində silkələnmə, hətta "zəlzələ" kimi də dəyərləndirə bilərik...
İndi həm yunan, həm erməni nazirlə birgə açıqlamalarda verilən mesajlar da əlbəttə ki, tam fərqlidir, başqa cür də ola bilməz. Türkiyə bu çətin günlərdəki dəstəyi özünə yaraşan səviyyədə qiymətləndirir, bunu xüsusilə xarici işlər naziri Çavuşoğlu təkrar-təkrar deyir.
Ermənistanın Türkiyə ilə münasibətləri yeni mərhələyə keçirmək üçün yönəlmiş səylərinə Qərbdən reaksiyalar var. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan xarici işlər nazirinin Türkiyəyə səfərini "tarixi səfər" kimi qiymətləndirib. Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer onilliklər boyu davam edən düşmənçiliyin arxa plana keçdiyini, 35 il bağlı qalan sərhədin humanitar məqsədlə açıldığından və ehtiyacı olan insanlara dəstək göstərildiyindən təsirləndiyini qeyd edib.(haqqın.az saytı). Azərbaycanın bəzi ekspertləri hələ Mirzoyanın səfərindən öncə sərhədlərin həmişəlik açılması perspektivini birmənalı pisləyirlər, bunun ölkəmizə böyük ziyan olacağını deyirlər. Türkiyə-Ermənistan sərhədinin humanitar yardımdan başqa digər məqsədlər üçün həmişəlik açılması indiki şəraitdə Azərbaycanın mənafeyinə uyğundur, ya yox, bunu da indi müzakirə etmək qardaş ölkə olan Türkiyənin başına gələn faciəni görməzdən gəlmək olardı. Qərbin "duyğusal dəstəyinin" arxasında hansı niyyətlər olduğu aydındır. Bölgədə az qala indi müttəfiqlərinə çevrilən Ermənistanı blokadadan çıxarmaq onların maraqlarına tam uyğundur...
Aydındır ki, indilikdə nə Türkiyənin, nə Azərbaycanın İrəvana hansısa ön şərtləri xatırlatmağın yeri və zamanı deyil. Amma Çavuşoğlu "Ermənistan çətin gündə bizə dostluq əlini uzatdı, bizimlə həmrəylik nümayiş etdirdi" dedikdən sonra bu cümlələri də təsadüfi işlətməyib: "Bu gün Cənubi Qafqazda normallaşma prosesi davam edir. Bu gün ortaya qoyduğumuz iş birliyi anlayışının bu məsələyə dəstək verəcəyinə inanıram. Ermənistanın Azərbaycanla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək". Yəni bu dar macalda Çavuşoğlu Azərbaycanın adını təsadüfi çəkməyib. Bu yenə də Ermənistana o mesajdır ki, bizimlə münasibətlərin normallaşması Azərbaycana münasibətlərdən asılı olacaq. Mirzoyana bu işarə də yetər...