Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 22:03
Saçların elektriklənməsi ilə bir çox insanlar üzləşir. Xüsusilə bu soyuq fəsillərdə tez-tez baş verir.
Bunun səbəbi istilənmə sistemlərinin təsirindən saçların həddindən artıq quruması, sintetik papaqların taxılması, saçlara düzgün olmayan qulluq ola bilər.
Saçların elektriklənməsi ilə mübarizə aparmaq üçün bizim məsləhətlərimizdən faydalana bilərsiniz:
- Evdə istilənmə sistemi işləyirsə, evin havasını daim nəmləndirin. Bu saçların və dərinin qurumasına mane olacaq.
- Plastik və metal daraqlardan istifadə etməyin, taxta və ya keramik örtüyü olan daraqdan istifadə edin.
- Saçlarınızı yuduqdan sonra mineral su, sirkə (1/2 l suya 2 xörək qaşığı sirkə) və ya limon şirəsi (1/2 l su + 1 limonun şirəsi) əlavə olunmuş su ilə yaxalayın.
- Fendən daha az istifadə edin. Çox isti hava saçları həddindən artıq qurudur ki, nəticədə bu saçların elektrikləməsinə səbəb olur.
- Bir çox müasir fenlərdə ionlaşma funksiyası var. Bu funksiyanın köməyi ilə saçlar itaətli olur, eliktriklənmə xeyli azalır.
- Gün ərzində saçlarınıza mineral su çiləyin. Bunun üçün kiçik pulverizator istifadə edə bilərsiniz.
- Saçınız çox qurudursa, onlara zeytun, gənəgərçək, ayıpəncəsi yağı ilə maskalar edin. Təxminən 3 xörək qaşığı yağ su hamamında qızdırılır və ilıq halda saçlara çəkilir. Saçınızı plyonka, sonra isə dəsmalla bürüyün və 30 dəqiqədən sonra yaxşı yuyun.
- Soyuq fəsillərdə insanlar daha az su içir. Bu isə saçların və dərinin vəziyyətinə mənfi təsir edir. Gün ərzində 1,5 l-dən az olmayaraq təmiz su için.
- Təbii parçalardan (yun, pambıq) olan paltarlara (xüsusilə papaqlara) üstünlük verin