Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Səhv addımım olmayandan sonra kim mənimlə qalmaqal edə bilər?"

Tarix: 18 Fevral 2023 04:45

"33 dəqiqə muğam dəstgahı oxumuşam. Muğam ifaçısı olmuşam. Qızıl fondda saxlanılır. Bu gün muğam ifa etməsəm də hər muğam üstündə mənim mahnılarım var. Oynaq mahnıların öz yeri var, lirik mahnıların da öz yeri. Bəzən düşünürlər ki, ritmik mahnı oxusam toylarım çoxalar. Məni toylara lirik mahnılarıma görə dəvət ediblər. Bu çox səhv fikirdir. Gündəmdə qalmaq üçün edirlər. Kimisi qalmaqal edir, kimisi ona-buna söz atır. Mənim hələ bir dəfə də qalmaqalım olmayıb. Bilirsiniz niyə? Çünki hamı ilə məsafə saxlamışam, dostluq etmişəm. Səhv addımım olmayandan sonra kim mənimlə qalmaqal edə bilər?"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib.

"Əksər mahnılarımın musiqisi özümə aiddir. Elə mahnılar oxumuşam ki, o vaxtı qəbul etməyiblər, 2-3 ildən sonra qəbul olunub. "Dünya sənin, dünya mənim" mahnımın sözləri xalq şairi Məmməd Arazındır. Təsadüfən oldu bu sözlərə mahnı oxumağım. Həqiqətən də fəlsəfi mövzusu, sözləri var. Şeiri oxuyanda belə insanın içində bir hiss yaranır ki, heç kim bu dünyanı tutub gedən deyil. O əməllərinə görə cavab verəcək. Ona görə də dünyadan köçəndə hamı hesab verəcək", - deyə xalq artisti bildirib.

Xalq artisti bildirib ki, mahnılarının oxunmasına bir şərtlə icazə verir.

"Təmənnasız olaraq icazə verirəm, amma onlara bir şərtim var. Müəllifin adını mütləq qeyd etmək lazımdır. Mahnılarımın müəlliflik hüququ 1997-ci ildən qorunur. Bu gün mənim mahnılarımı istər ölkəmizdə, istərsə də Orta Asiya, Qafqaz, İranda, Türkiyədə oxuyurlar. Sağ ikən oxuyurlar, dünyamı dəyişəndən sonra yəqin ki, mahnılarımı oxuyanların sayı çoxalacaq (gülür). Hər kəsin öz tamaşaçısı da var. Gənclərə arzum budur ki, gözəl repertuar seçsinlər. Bir gün oxunub məşhurlaşır, 2 ay sonra yoxa çıxır. 1978-ci ildə "Röya", "Kölgəm qədər" mahnısını yazmışam, indi də aktualdır", - deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Səhv addımım olmayandan sonra kim mənimlə qalmaqal edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ