Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran rejimi rialı qəsdən çökdürür: səbəb büdcədir

İran rejimi rialı qəsdən çökdürür: səbəb büdcədir

Tarix: 28 Fevral 2023 14:24

Son günlərdə İranda ABŞ dolları ikiqat bahalaşaraq, 600 min riala çıxmışdı. Əslində, dolların dəyəri qalxmayıb, rial dəyərdən düşüb. Məsələyə bu cür yanaşsaq, durumu daha düzgün qiymətləndirə bilərik. Çünki rial təkcə dollar deyil, avro, manat, rubl və digər valyutalar qarşısında da dəyərini itirib.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a iqtisadiyyat üzrə güneyli ekspert Sabir Zamani İranda dolların bahalaşmasına aydınlıq gətirərkən deyib.

O bildirib ki, son bir ildə rəsmi açıqlamalara görə, rial 80 faiz dəyər itirib:

"Dövlət dolların bahalaşmasında xarici faktorlar axtarmağa çalışır, bu barədə danışılmasına icazə vermir, əslində, səbəb büdcə kəsrinin ört-basdır edilməsidir. Hər bir ölkənin pulunun dəyərlənməsi və dəyərdən düşməsi iki faktordan asılıdır: Bu ölkə bir ildə nə qədər pul çap edib, istehsal gücü nə qədərdir? Amma İran çalışır ki, bunu başqa ölkələrə bağlasın. Sanksiyalara, embarqolara görə olduğunu deyirlər. Bunların təsiri qismən də olsa var, amma bu, yeni bir məsələ deyil. Sanksiya hər zaman olub. Bunlar rialın son aylardakı dəyər itirməsinin səbəbi deyil. Əsas səbəb büdcə kəsiridir. İran iqtisadiyyatının quruluşu belədir ki, neft və qaz satır və gəlirləri dollarladır. Amma xərcləri rialla ödəyir. Orduya pulu milli valyuta ilə verir. Odur ki, dollar bahalaşdıqca, rial dəyərini itirir və dövlət büdcəni daha rahat qarşılaya bilir. Bu, çox önəmli məsələdir".

Ekspert həm də bildirib ki, xarici valyutanın 90 faizi dövlətin, 10 faizi xalqın əlindədir.

"Hərtərəfli baxdıqda, görürük ki, rialın dəyərdən düşməsi İran rejiminin yararınadır. Bu, bir iqtisadi siyasətdir ki, İran rejimini irəli aparır. Rejim istəyir ki, büdcə kəsirini dolların bahalaşması ilə aradan qaldırsın. Xarici valyutanın bahalaşması hər nə qədər İran rejiminin xeyirinə olsa da, xalqın zərərinədir. Millət böyük bir inflyasiya ərəfəsindədir. Yaxın aylarda rialın dəyərdən düşməsi ilə böyük inflyasiya olacaq. Xüsusilə, dərman və qida məhsulları xeyli dərəcədə bahalaşacaq. Hazırda qida məhsullarında inflyasiya 65 faizdən çox artıb və belə gedərsə, daha da çoxalacaq".

Milli.Az


Etiketlər:  İran rejimi rialı qəsdən çökdürür səbəb büdcədir


RƏYLƏR