Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2019 15:12
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları arasında Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən, 18 oktyabr - Müstəqillik gününə həsr edilmiş şahmat turnirinin qaliblərinə və iştirakçılarına mükafatların təqdim edilməsi tədbiri keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, DOST Agentliyində təşkil edilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Müstəqillik günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O bildirib ki, xalqımızın sahib olduğu müstəqillik ulu öndərimiz Heydər Əliyevin bəyan etdiyi kimi, «Azərbaycan xalqının ən böyük tarixi nailiyyətidir». 1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyinə nail olsa da, həmin vaxtlarda ölkədə baş verən dərin siyasi-iqtisadi və sosial böhran, bütün sahələri bürümüş tənəzzül, vətəndaş qarşıdurması və s. bu müstəqilliyin itirilməsi təhlükəsini ortaya çıxarmışdı. 1993-cü ilin iyununda ümummilli liderimiz Heydər Əliyevin yenidən ölkəyə rəhbərliyə qayıdışı dövlət müstəqilliyimizi xilasını və müstəqil dövlət quruculuğunu, Azərbaycanın uzunmüddətli inkişaf yoluna çıxmasını, eyni zamanda dövlətin güclü sosial siyasətinin əsaslarının formalaşmasını təmin etdi.
S.Babayev ulu öndərimizin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini, Azərbaycanın dövlət müstəqilliyinin və dünya birliyindəki mövqeyinin daim möhkəmləndirildiyini vurğulayıb. Bildirib ki, 2003-cü illə müqayisədə ölkəmizin ÜDM-i 3,4 dəfədən çox, orta əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb, 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5% -ə düşüb, mühüm sosial proqramlar ildən-ilə genişlənib.
S.Babayev turnirin əməkdaşlar arasında idmanın təbliğinə, eyni zamanda zehni fəaliyyətin, intelllektual bacarıqların inkişafına kömək edən şahmata marağının artırılmasına xidmət etdiyini bildirib.
Tədbirdə qeyd edilib ki, şahmat turniri Nazirliyin müxtəlif struktur bölmələrində çalışan və Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatınının üzvləri olan əməkdaşlar arasında təşkil olunub. 16 əməkdaşın iştirak etdiyi turnir pley off sistemi üzrə keçirilib. Şahmat yarışında 1 oyunda hər iştirakçıya 20 dəqiqə vaxt verilib.
Tədbir 1-ci, 2-ci və 3-cü yeri tutan iştirakçıların, həmçinin digər iştirakçıların mükafatlandırılması ilə davam edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin