Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya millinin futbolçuları ilə eyni təyyarədə qayıdan səfir: Dollardan, polyak qızlarından danışırdılar...

Bakıya millinin futbolçuları ilə eyni təyyarədə qayıdan səfir: Dollardan, polyak qızlarından danışırdılar...

Tarix: 28 Mart 2023 12:22

Futbol üzrə Azərbaycan millisinin İsveç yığmasına 0:5 hesablı biyabırçı məğlubiyyəti sosial şəbəkələrin əsas müzakirə mövzularındandır. Əksəriyyət baş məşqçi De Byazinin "əla oynadıq" fikirlərini tənqid edərkən, digərləri AFFA-nın laqeyidliyinə, futbolçuların hazırlıqsız olmasına diqqət çəkiblər.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, müzakirəyə qoşulanlar sırasında Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev də var.

Səfir arxa-arxaya iki oyundur uduzan millinin məğlubiyyətini tənqid edərək, 18 il əvvəlki oyunda 0:8 hesablı məğlubiyyəti xatırladıb:

"Deməli, milli komandamız dünən də 5-0 uduzdu. İsveçə. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq.

VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:

- Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.

Dördüncü qol vurulanda isə:

- Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.

Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.

Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8-0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.

Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə guya özünə haqq qazandırırmış kimi:

- Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox...-dedi.

Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...

Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir..."

Milli.Az


Etiketlər:  Bakıya millinin futbolçuları ilə eyni təyyarədə qayıdan səfir Dollardan polyak qızlarından danışırdılar


RƏYLƏR