Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sülh çərçivə sənədi hazırdır, bu şəhərdə imzalana bilər – Sabiq nazir açıqladı

Sülh çərçivə sənədi hazırdır, bu şəhərdə imzalana bilər – Sabiq nazir açıqladı

Tarix: 28 Mart 2023 22:00

Sonxeber.net xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycanla Ermənistan arasında son gərginlik fonunda sülh ya müharibə ilə bağlı fikirlər səslənir. Sizcə, indiki mərhələdə sülhün olacağına inam qalıbmı? Razılaşma yoxdursa, müharibə riskini necə dəyərləndirirsiniz?

- Azərbaycan öz ərazisində hansısa bir tədbirlər həyata keçirir ki, Qarabağ bölgəsində terror təhlükəsi aradan qalxsın. Bu vəziyyətdə Ermənistanın və hansısa kənar bir dövlətin ixtiyarı yoxdur ki, Azərbaycanın daxili işlərinə bu və ya digər şəkildə müdaxilə etsin. Burada söhbət başqa bir mövzudan gedir. Sadəcə olaraq Azərbaycan bu məsələlərə son qoymağa çox yaxındır. Çünki xaricdən idarə olunan bəzi qüvvələr Qarabağda yeni münaqişə ocağı yaratmaq istəyir. Azərbaycan isə bunun qarşısını almaq niyyətindədir. Bununla da ölkəmiz hər bir dövlətdə olduğu kimi sərhəddə nəzarət-buraxılış prosesini özü həyata keçirmək niyyətindədir. Bu baxımdan da yeni bir müharibədən danışmaq və onu ehtimal etmək o qədər də real yanaşma deyil. Amma qısa anti-terror əməliyyatlarının baş verməsi istisna edilmir. Çünki Ermənistanın növbəti dəfə təxribatlara əl atacağı da istisna deyil.

- Sizcə indiki bu gərgin vəziyyət nə vaxta qədər davam edəcək?

- Başa düşmək lazımdır ki, erməni tərəfi Azərbaycanın istədiyi vəziyyətə öyrəşir. Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, o öz ərazi bütövlüyü və suverenliyini bərpa edəcək. Ermənilər də buna yavaş-yavaş öyrəşməlidirlər.

- Görünən odur ki, Ermənistan real vəziyyəti asanlıqla qəbul etmək istəmir. Belə olan halda hansı təsirli addımlar atıla bilər?

- Sözsüz ki, bu prosesin asan olacağını da düşünmək olmaz. İllərlə qalmış olan bütün problemlərin bir günə öz həllini tapması qeyri-mümkündür. Çünki Qarabağ münaqişəsi 30 il bu və ya digər qüvvələrin fəaliyyəti nəticəsində baş verib. Burada qızışdırıcı rol oynayanlar az olmayıb. Bölgədə münaqişə vəziyyətinin və o strukturun qalmasında maraqlı olanlar var. Ona görə də, Azərbaycan tərəfi bu strukturu dağıtmaqla məşğuldur və bu proses də uğurla gedir. Bu da qısa zamanın işi deyil. 30 il bu ərazilərdə Azərbaycan qanunlarına zidd olan qurumlar yaradılıb, təbliğat aparılıb, xaricdən dəstək verilib. Sözsüz ki, orada real vəziyyəti bərpa etmək elə də asan və tez başa gələn iş deyil. Amma mütləq bu proses baş verəcək. Hazırda Azərbaycan sərhədi öz əsgərlərimiz tərəfindən mühafizə edilir.

- ABŞ-ın sülh məsələsində pozitiv yanaşmaları var. Avropa İttifaqının ardınca Amerikanın bu məsələdə təsirli rolunu necə dəyərləndirirsiniz?

- Sülh sazişi imzalanmaqla iki dövlət arasında əldə edilən təməl prinsiplər müəyyənləşəcək. Amma burada əsas prinsiplərin icrası ilə bağlı da vaxt tələb olunacaq. ABŞ tərəfindən açıqlanan odur ki, onlar Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh, çərçivə sənədinin əldə olunmasına yaxındır. Amma burada pozucu tərəf yenə də Ermənistandır. Çünki erməni tərəfi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımaq istəmir. Çünki ikitərəfli sənədə əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımalıdır. Çoxtərəfli sənədlərə istinad burada yolverilməzdir.

- Ermənistana mümkün təzyiq burada nə dərəcədə effektiv ola bilər?

- Hazırda Ermənistana ABŞ tərəfindən siyasi təzyiq var. Amma biz bu kimi məsələlərə aldana bilmərik. Çünki bu sənəd imzalansa belə ermənilər dərhal prosesi pozmağa çalışacaq. Ona görə də, Azərbaycan tərəfi olaraq buna da hazır olmalıyıq.


Etiketlər:  Sülh çərçivə sənədi hazırdır şəhərdə imzalana bilər Sabiq nazir açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ