Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2023 15:42
15:40
"Nəhayət, Azərbaycan nümayəndə heyəti sağ-salamat Vətənə qayıdır. Komandamız avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib. Onun sözlərinə görə, komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21.20-də Vətənə çatdıracaq.
-------
10:22
Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.
Sonxeber.net xəbər verir ki, birgə bəyanatda deyilir:
"2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb.
Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir.
Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür.
Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.
Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq.
Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir".