Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əlbəttə ki, hamının olduğu kimi, mənim də pula ehtiyacım var" - Həmidə Ömərova

Tarix: 20 Aprel 2023 13:50

"Plastik əməliyyatların qətiyyən əleyhinə deyiləm. Çox sevdiyim Fransız aktrisası Katrin Denyov indiyə qədər 80-dən çox plastik əməliyyat etdirdiyini deyib. Bu qadın həqiqətən də qocalmır. Baxırsan ki, yaşlıdır, amma o gözəllik, təravət hələ onda qalıb. Hesab edirəm ki, hələ plastik əməliyyatlara ehtiyacım yoxdur. Sözün düzü, həm də qorxuram. Allah mənə gözəl görkəm, görünüş verib. Təbii ki, kosmetik prosedurlar edirəm. Mən indi istəyirəm ki, öz yaşımda olan obrazları yaradım".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.

"İstedadlı aktyorlarımız var, mən onlarla seriallarda çalışıram. Çox istedadlıdırlar. Çox az rejissor həmin aktyorları üzə çıxarır. Rejissor deyir ki, aktyor istedadsızdır, aktyor deyir ki, rejissor istedadsızdır. Teatr asılqandan, kino isə ssenaridən başlayır. Aktyorlar özlərini maraqlı ssenarilərdə göstərə bilərlər. Bəzən təhsili önəmsəmirlər. İstedadlı adama da kino məktəbi lazımdır. Bəs İncəsənət Universitetləri nə üçün fəaliyyət göstərir? Belə şeylərin qarşısını almaq üçün də" deyə xalq artisti bildirib.

Sənətkar qonorarın onun üçün əsas olduğunu deyib.

"Mövcud şəraitdə hamı üçün pul önəmlidir. Yalandan deyə bilmərəm ki, pul mənim üçün önəmli deyil. Əlbəttə ki, hamının olduğu kimi, mənim də pula ehtiyacım var. Amma ən yüksək qonorar belə versələr özümə, mədəniyyətimə yaraşdırmadığım rolu oynamaram. Bəzən həmkarlarımız qonorara fikir vermir, elə deyir ki, çəkilim. Hər bir sənətkar öz dəyərini bilməlidir. Özü birinci növbədə özünə, öz sənətinə qiymət verməlidir.

Bəlkə də bəziləri məcbur olub çəkilir" deyə xalq artisti bildirib.

Həmidə Ömərova anasının vaxtilə onun bu sənətə gəlməsinə razı olmadığını da bildirib.

"Anam məni çox sevsə də, yetərincə sərhədləri olan qadın idi. Tək övlad idim, anam mənim üçün qorxurdu. Aktrisa olmağımı qətiyyən istəmirdi. Mən indi təəccüblənirəm. İndi özümü anamın yerinə qoyuram, mənim də qızım olsaydı, tək olsaydım, birdən-birə mənə desəydi ki, "Moskvaya oxumağa gedirəm", bəlkə də razı olmazdım. Moskvada kino məktəbində oxumağa getmək üçün anama 3 gün, 3 gecə yalvardım, yaxardım. Dedim ki, "əgər sən icazə verməsən, mən ömür boyu hesab edəcəyəm ki, sən mənə qarşı günah işlətmisən, istədiyim sənətə getməyə qoymamısan". Bundan sonra razılıq verdi" deyə sənətkar bildirib.

Xalq artisti hazırda çəkildiyi "Ata ocağı" serialından da danışıb.

"Gənc nəsil, xüsusilə də məktəblilər məni Həmidə Ömərova kimi yox, Şəfiqə xala kimi tanıyırlar. Yolda görüb soruşurlar ki, "serialın sonu necə olacaq?" Deyirəm ki, vallah bilmirəm. Həm də tamaşaçıları intizarda saxlamaq lazımdır. Gecə-gündüz çəkilişdə oluruq. Onlar üçün çalışırıq, onlar üçün işləyirik" deyə xalq artisti bildirib.

Milli.Az


Etiketlər:  Əlbəttə ki hamının olduğu kimi mənim pula ehtiyacım var Həmidə Ömərova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ