Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı tarixçi: Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib

Rusiyalı tarixçi: Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib

Tarix: 21 Oktyabr 2019 12:44

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə birlikdə “Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, BMTM-in sədri Fərid Şəfiyev bildirib ki, Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib: "Burada təkcə Qaregin Njdedən söhbət getmir. Faşizmlə əməkdaşlıq edən bir sıra digər məşhur terrorçular Ermənistanda qəhrəman kimi qələmə verilir".

F.Şəfiyev müxtəlif universitetlərdə belə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

BDU-nun rektoru Elçin Babayev deyib ki, Azərbaycan nə qədər çox uğur qazanırsa, onu istəməyənlər, paxıllıq edənlər azğınlaşır.
Onların bunu müxtəlif yollarla həyata keçirməyə çalışdığını deyən rektor bildirib ki, ermənilərə son günlərin ən tutarlı cavabları dalbadal gəldi:

"Ermənilər Soçidə Valday Klubunda aldığı zərbədən özünə gəlməmiş MDB dövlət başçılarının Aşqabaddakı görüşündə yeni zərbə aldılar. Ümumiyyətlə, bütün məsələlərdə naşı olan, küçə taktikasını seçmiş Paşinyan özünü tam gülünc vəziyyətə salır.
Njde sözün həqiqi mənasında faşist olub, quldur dəstəsi yaradaraq kifayət qədər insanın ölümünə səbəb olub.
Ermənistanda Njdeyə heykəlin qoyulması onu göstərir ki, onlar özlərinə qəhrəman tapa bilmir".

Erməni Araşdırmalar Mərkəzinin professoru Qafar Çaxmaqlı bildirib ki, Naxçıvanda anadan olan Njde ömürboyu türk millətinə qarşı vuruşub: "O, 1912-1913-cü illərdə Birinci Dünya Müharibəsində Türkiyəyə qarşı döyüşüb. Müharibədən sonra
daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edib. Bununla yanaşı, Ermənistan Respublikasının ordu quruculuğu məsələləri ilə məşğul olub. Njde 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir. Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbaycanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur. Njde, həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Onun dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ermənilərin özlərinin yazdığı kitablarda da Njdenin hansı əməllər törətdiyi qeyd olunur".

Q.Çaxmaqlı deyib ki, bu gün “kasıb Ermənistan”ın müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları) filmi “milli qəhrəman” Qaregin Njde haqqında çəkilən film olub: "Burada Njde ilk erməni respublikasının (1918-1920) hərbi lideri kimi təqdim edilir, onun 1930-cu illərdə “Tseğakron” (millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır. Filmdə onun Ermənistanı Sovet İttifaqından çıxarmaq üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etməsi göstərilir. Bütün bunların ardınca Njdeyə heykəlin qoyulması onu göstərir ki, irqçilik və faşizm bu ölkənin dövlət siyasətidir".

Rusiyalı tarixçi, Qafqazşünas alim Oleq Kuznetsov bildirib ki, ermənilər Njdenin bəzi əməllərini şişirdirək onu qəhrəman kimi təqdim edirlər.

Onun sözlərinə görə, ermənilər Njdenin Hitler və faşist Almaniyasının digər rəsmi şəxsləri ilə görüşdüyünü desələr də, bu görüşün olmasını təsdiqləyən heç bir rəsmi sənəd yoxdur: "Erməniləri elə rəhbər şəxslərin heç yaxınına belə buraxmayıblar. Bütün bunlar erməni uydurmasıdır".

O.Kuznetsov əlavə edib ki, bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var: "Bu sənədlərdə Njde hərəkət etməyi Hitlerdən öyrənməyin lazım olduğunu deyir. Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib. Bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə etmişdi".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiyalı tarixçi Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək ermənilərin türklərə müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ