Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2023 21:51
Bəzən insanın özünü tanıması və aşkarlaması üçün vaxt gərəkdir. Həmin vaxt çox uzun olanda, üstəlik də bu adamı "dərin bilikli ekspert" sayanda vəziyyət çox kədərli, hətta tragikomik olur.
Siz heç bilirdiiniz ki, Azərbaycanda artıq hər bir dövlət qurumunun özünün funksiyası var?
Məlumatınız yoxdursa, Milli Məclisin deputatı Arzu Nağıyevi dinləyə bilərsiniz.
O, Xəzər TV-nin efirində belə bəyanatla çıxış edib. Daha doğrusu, "hər qurumun artıq öz funksiyası olması"nı son xəbər kimi təqdim edib.
Beləliklə, müxtəlif dövlət qurumlarında çalışanlar artıq nə işlə məşğul olduqlarını anlayıblar.
Yoxsa onlar heç nə bilmir və məchul suallara cavablar arayırmışlar.
Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində, Həkəri çayı üzərində inşa edilərək fəaliyyətə başlamış sərhəd nəzarət-buraxılış məntəqəsinin (SBNM) yaradılmasını şərtləndirən səbəblər, mövcud situasiya, bu məntəqənin fəaliyyətinin detalları barədə danışan Arzu Nağıyev mənasını kimsənin anlaya bilməyəcəyi ifadələr söyləyib.
Məsələn, o bəyan edib ki, sən demə, "bu məntəqədən keçən hər bir şəxs özünün kim olduğunu təqdim etməlidir".
Dövlət Sərhəd Xidmətinin mənsubları hansısa şəxsin "özünün kim oldğunu təqdimetmə" proseduru barədə eşitsələr, əminəm ki, çox təəccüblənərlər.
Daha sonra Arzu Nağıyev söyləyir: "Yəni bu gün əgər Ermənistan vətəndaşı həmin ərazidən keçərək qanunsuz yolla Azərbaycan ərazisinə daxil olursa, mütləq şəkildə sənədini təqdim etməlidir".
Bu söz yığınından nə anlaşılır - bilinmir.
Bir anlıq düşünün: deputatın dediyinə görə, Ermənistan vətəndaşı bəhs etdiyimiz SBNM-i "qanunsuz" keçir və qanunsuz keçid etdiyinə görə sənədini - bağışlayın, "kim olduğunu" - sərhədçilərimizə təqdim edir.
Belə situasiyanı göz önünə gətirdinizmi? Erməni necə ola bilər ki, sərhədçilərimizin yanından qanunsuz keçir? Və necə ola bilər ki, həmin "qanunsuz keçən" erməni sonradan sənədlərini təqdim edir?
Daha sonra növbəti "dahiyanə" açıqlama: "Yəni humanist addımlar Azərbaycan tərəfindən daim atılıb".
Arzu Nağıyevin təqdimatında humanist addımlar qanunsuz keçid etmək istəyən Ermənistan vətəndaşının ölkəyə buraxılması imiş.
Açıqlama davam edir və yenə də "Ermənistan vətəndaşı özünün kimliyini təqdim, təsdiq etməlidir".
Sonda Arzu Nağyev "siyasi proqnoz" verərək buyurur ki, həmin məkanda gömrük məntəqəsinin qurulmasına "sülhün bərqəra olmasından sonra qayıtmaq olar".
Deputatın nəzərinə çatdıraq ki, Həkəri çayı üzərindəki körpüdə SBNM artıq gömrük məntəqəsi ilə fəaliyyət göstərir.
Biz sadəcə, Arzu Nağıyevin kiçik müsahibəsindən iqtibaslar gətirdik. Müsaşibə tamamən profonasiya, diletantlıq və siyasi bəsitlik nümunəsi idi.
Necə deyərlər, bunu bildik və haqqında bəhs etdiyimiz deputat ilk dəfə deyil tamaşaçıları belə fantasmaqorik açıqlamaları ilə təəccübləndirir.
Bəs Xəzər TV-yə nə olub?
Deputat Arzu Nağıyevı bildiyi, bələd olduğu sahələrdən suallar vermək əvəzinə ona siyasi mövzularda suallar ünvanlanır, o da çox gülünc təsir bağışlayır.
Olmaya Xəzər TV şou-biznesə meylli siyasi açıqlamalar janrının banisi olmaq istəyir və a-lya Əli Mirəliyev stilli yeni "ulduz" yetişdirmək fikrinə düşüb?
Belədirsə, ciddi məsələlərin müzakirəsi, Azərbaycanın dövlət başçısının siyasətinin təhlili əvəzinə ailə-məişət mövzularında, yüngül səpkidə suallar hazırlansın, acı mənzərə alınmasın.
Axı siyasət stəndap deyil, fərqli və ciddi sahədir...