Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2023 14:50
"Bu gün həm mahnnı yazırlar, həm bəstələyirlər, həm oxuyurlar, həm də rəqs edirlər. Allah insana nə qədər peşə verə bilər? Buna düzgün baxmıram. İnsanın bir peşəsi olar, o üzrə də çalışar. Buna qeyri-peşəkarlıq kimi baxıram. Hər bir sənət çətindir, amma bizdə çətin olsa da şərəfli sahədir. Hara gediriksə hörmətimiz, dəyərimiz var. İnsanın xarakteri, kökü onun qanından, nəslindən asılıdır. Bizim nəslimiz, kökümüz nə qədər ziyalı, sadə, saf və təmiz ailə olub. Mən böyük sənətkarımız Şövkət Ələkbərovanın tələbəsi olmuşam. Dərsləri xəstəliyi ilə əlaqədar olaraq evində keçirdi, ondan o qədər böyük sadəlik görmüşəm ki. Bu gün dövr, zaman, insanlar, baxışlar dəyişib. Ona görə bir daha maraqlı olmaq, yalançı şoularla gündəmə gəlmək istəyirlər. Məni anam bu sənətə gətirib. Çünki özünün yaxşı səsi olub, amma o arzusunu həyata keçirə bilməyib, əmiləri oxumağına icazı verməyib. Orta məktəb illərində o qədər də həvəsli deyildim. Anam deyirdi ki, "sən bu sənəti yaşatmalısan" deyə sənətkar bildirib".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Almaz Orucova deyib.
"Müğənnilər var ki, həyatda da bayağı olduqları üçün sənətləri də bayağıdır. Bayağı mahnı oxuyurlar, işləri də yaxşı gedir. Onların hamısı da xalqın zövqünü oxşayan, toyları zəbt edən müğənnilərdir. Biz kəmiyyətdən yox, keyfiyyətdən danışmalıyıq. Mənim öz tamaşaçılarım var. Onlar mənə bəs edir. Heç küsmürəm, incimirəm də, narazı da qalmıram. Az olsun, amma bilim ki, məni sevən insanlar, tamaşaçılardır. Heç vaxt heç kimə, heç nəyə qəribə baxmamışam. Ola bilər ki, onların izləyiciləri, kütlələri mənimkindən daha çoxdur. Bəzən də deyiblər ki, biz filankəslərə qulaq asmırıq, onları bəyənmirik, amma getmişik onların məclislərinə elə həmin müğənniləri orada görmüşük. Bu danılmaz faktdır" deyə əməkdar artist deyib.
Sənətkar bildirib ki, əsas insanın daxili zənginliyidir. Geyimi bir o qədər də önəmli deyil.
"Türk filosofu deyib ki, "Necə əlbisələr gördüm ki, içində insan yox. Necə insanlar gördüm ki, üzərində əlbisə yox". Geyimin insanın daxili aləminə heç bir aidiyyatı yoxdur. İnsan ucuz da alıb geyinə bilər, baha da. Əsas odur onun daxili zəngin, varlı olsun. Heç vaxt kiməsə, hansısa jurnalistə imkan verməmişəm ki, geyimimin qiymətini soruşsun, mənə lazımsız suallar versin. Hər kəsin öz iç, daxili dünyası var" deyə müğənni deyib.
"Müğənnilər niyə səhər tezdən canlı ifa edə bilmir?" sualına isə xanəndə belə cavab verib.
"Səhər-səhər efirə gələn müğənnilərin, ələxsus da xanəndələrin səsləri bəzən işləmir. Əslində bu normaldır. Amma onlar yuxudan bir az tez oyansalar, səsləri də rahat işləyər. Bu mənə çatmır, efirə dəvət ediblərsə, yarım saat tez get. Yaxud da maşında gedərkən səs məşqi etmək olar. Elə vaxt olub ki, gecə saat 12 də də studiyaya gedib, səsimi zapis etmişəm. Səsim də işləyir" deyə əməkdar artist bildirib.