Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2023 13:12
Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, Əməkdar artist Fatma Mehrəliyevanın xatirə gecəsi keçiriləcək.
Gecədə Fatma Mehrəliyevanın ifaçılıq xüsusiyyətləri barədə söz açılacaq, BMM-nin solistlərinin ifasında xanəndənin repertuarından muğam və xalq mahnıları təqdim olunacaq.
Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanmışdı. Elə bu şöhrət sayəsində müğənni 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən "Arşın mal alan" filmində Telli roluna çəkilir. Yaratmış olduğu Telli obrazı Mehrəliyevanın yaradıcılığında böyük rol oynayır.
Fatma Mehrəliyevanın oxuduğu muğamlar arasında "Kəsmə şikəstə"nin özünəməxsus yeri var. Musiqişünas alim Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb. Xalq və bəstəkar mahnılarının mahir ifaçısı olan müğənni "Qatar" və "Segah-zabul" muğamlarını ifa edərək Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib.
4 iyun 1926-cı ildə Qubada anadan olan sənətkar 4 yanvar 2000-ci ildə Bakıda dünyasını dəyişib.