Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2023 14:10
Sinan Oğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi onun ikinci turda alacağı səslərin artmasında mühüm rol oynayacaq.
Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli siyasi ekspert Can Acun deyib.
"Sinan Oğan siyasi partiyası olmasa belə seçkiqabağı dönəmdə milliyətçi fikirləri, Türkiyəyə gələn mühacir və qaçqınlarla bağlı məsələlərlə gündəmə gələn siyasətçidir. O, həm də Türk Dünyasına böyük önəm verən bir şəxs kimi gənclərin, xüsusilə seçicilərin diqqətini çəkməyi bacarıb", - deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, Türkiyənin Memleket Partiyasının rəhbəri Muharrem İncənin prezident namizədliyindən çəkilməsi nəticəsində Sinan Oğan seçkilərin ilk turunda 5 % səs toplayıb.
"Düşünürəm ki, bu elə də böyük bir şey deyil, lakin prezident Ərdoğanın qalib gəlməsində və rəqibinə qarşı əhəmiyyətli üstünlük əldə etməsində rol oynayacaq. S.Oğan, həmçinin, seçkilərdən sonra da qaçqınlarla bağlı məsələlərdə mübarizəyə davam edəcək", - deyə C.Acun bildirib.
Qeyd edək ki, Sinan Oğan dünən prezident seçkilərinin ikinci turunda Rəcəb tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.