Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident “Laçın” şəhər yarımstansiyasının açılışını edib - FOTO

Prezident “Laçın” şəhər yarımstansiyasının açılışını edib - FOTO

Tarix: 27 May 2023 22:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq "Laçın" şəhər yarımstansiyasının açılışında iştirak edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına yarımstansiya barədə məlumat verildi.

Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerjisisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində tikilən 110/35/10 kV-luq "Laçın" şəhər yarımstansiyası rəqəmsal qaydada ən müasir texnologiyalardan istifadə olunmaqla ərsəyə gətirilib. Paralel olaraq, Laçın şəhərinə "Qubadlı" yarımstansiyasından başlayaraq və "Güləbird" Su Elektrik Stansiyasından keçməklə ümumilikdə 40 kilometr məsafədə 110 kV-luq ötürmə xətti çəkilib.

İşğaldan azad edilən ərazilərdə indiyədək "AzərEnerji" ASC tərəfindən 11 yerdə tikilən 110 kV-luq yarımstansiyalardan "Laçın" şəhər yarımstansiyasının xüsusi fərqi ondan ibarətdir ki, bu yarımstansiya həm də işğaldan azad olunan ərazilərin qovşaq yarımstansiyası funksiyasını daşıyacaq. Belə ki, yeni istifadəyə verilən 330 kV-luq "Cəbrayıl" Enerji Qovşağından və Füzulidəki "Şükürbəyli" yarımstansiyasından çıxaraq 110 kV-luq "Cəbrayıl", "Zəngilan", "Qubadlı" yarımstansiyaları, oradan isə "Güləbird" Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq xətt artıq "Laçın" şəhər yarımstansiyasına birləşdirilib.

Digər istiqamətdən "Daşkəsən", "Kəlbəcər" və "Qorçu" yarımstansiyalarına, o cümlədən "Şükürbəyli" yarımstansiyasından "Füzuli" və "Şuşa" yarımstansiyalarına çəkilmiş mövcud 110 kV-luq ikidövrəli xətlər də gələcəkdə "Laçın" qovşaq yarımstansiyası ilə əlaqələndiriləcək. Bununla da Qarabağın və Şərqi Zəngəzurun 110 kV-luq ikidövrəli xətlərinin dairəvi elektrik təchizatı yaradılacaq və hansısa xəttə qəza baş versə belə, enerji təchizatında fasiləsizlik təmin ediləcək.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Məlumat verildi ki, strateji əhəmiyyətli "Laçın" şəhər yarımstansiyasında ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu və rəqəmsal idarəetmə mərkəzi tikilib. 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğularla təchiz olunmuş İdarəetmə Mərkəzində yaradılan SCADA dispetçer idarəetmə sistemi rəqəmsal qaydada enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Bunun üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik şəbəkə yaradılıb. Eyni zamanda, yarımstansiyada yanğın və partlayışa qarşı SERJİ sistemi qurulub.

Yarımstansiya ərazisində əməkdaşlar üçün xüsusi yataqxana korpusu tikilib.

Qeyd edək ki, dövlətimizin başçısının Böyük Qayıdış strategiyasına uyğun olaraq işğaldan azad edilən ərazilərdə "AzərEnerji" tərəfindən tikilən bütün stansiya və yarımstansiyalarda əməkdaşlar yerli kadrlardan seçilir, onların işlə təminatı və məskunlaşmaları üçün digər zəruri tədbirlər görülür.

Prezident İlham Əliyev yolüstü balıq istehsalı müəssisəsinə də baxdı.


Etiketlər:  Prezident Laçın şəhər yarımstansiyasının açılışını edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ