Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 10:58
Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə ermənilərin təxribatçı hücumlarının sayı artmaqdadır. Separatçı rejimin tör-töküntüləri əsgərlərimizə atəş açır, qarşıdurma yaratmağa çalışırlar. Sülhyaratma funksiyasını öz üzərinə götürən Qarabağdakı rus sülhməramlıları isə nəinki buna reaksiya verir, əksinə, onların təxribatçı əməllərini genişlənməsinə göz yumurlar. Xüsusən də, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq etməsi Xankəndidə qalan qondarma qurumun tör-töküntüləri ilə İrəvan arasında gərginlik yaradıb.
Erməni mediasının yaydığı xəbərlərə görə separatçılar Xankəndidə qiyama hazırlaşırlar. Və bu qiyamın arxasında separatçı rejimin keçmiş funkisonerləri dayanır. "Qraparak" qəzeti yazır ki, qondarma "DQR"in keçmiş funksionerlərindən olan, Qarabağda qanunsuz formalaşdırılmış "hərbi birləşmənin sabiq komandiri" Samvel Babayan ərazidə kütləvi etitaz aksiyaları həyata keçirməyə çalışır. Bundan əvvəl Xankəndidə keçirilən aksiyada qondarma rəhbərlik qarşısında ona "nazir" postunun verilməsini tələb edib. Azsaylı şəxslər onun "dövlət naziri" təyin edilməsini tələb ediblər. Erməni qəzeti yazır ki, "hədəf 2018-ci ildə Xankəndidə yaşanan inqilabi ssenarinin təkrarlanmasıdır". Qəzet yazır ki, separatçıların lideri Araik Arutunyanın ərazidə "hərbi vəziyyət" dövründə söz azadlığının məhdudlaşdırılması ilə bağlı son "qərarları" Rusiya sülhməramlılarının təklifi ilə qəbul edilib. Məqsəd də daxili gərginliyin qarşısını almaqdır.
Daşnaklar da qiyamçılara dəstək verəcək
Yeri gəlmişkən, Babayanın mümkün ssenarisini reallaşdırmaqda Erməni Milli Federasiyası - "Daşnaksutyun" Partiyası da yardımçı ola bilər. Bundan əvvəl onların nümayəndəsi İşxan Saqatelyan deyib ki, onun partiyası hökumətin hakimiyyətdən kənarlaşdırılması məqsədilə "yeni mübarizəyə" başlayır. Saqatelyan Azərbaycanla imzalanacaq istənilən sənədin etibarsız olacağını göstərmək üçün Ermənistanda və Qarabağda kütləvi aksiyalara çağırıb. Bununla belə o aksiyaların konkret tarixləri barədə heç nə deməyib: "Bu hakimiyyət başqa seçim qoymur: ya təslim olmaq, ya da vətən uğrunda mübarizə aparmaq lazımdır. Mən zorakı hərəkətlərə çağırmıram, amma qiyam - xalqı əsir etmiş hökumətə qarşı xalqın itaətsizliyi və müqəddəs hüququdur".
Ötən il parlament müxalifətinin təşkil etdiyi "Müqavimət" hərəkatı günlərlə davam edən küçə aksiyalarından sonra Paşinyanın istefasına nail ola bilməyib. Lakin iqtidaryönlü deputat Artur Ovannisyan Saqatelyanın bəyanatını şərh edərkən deyib ki, müxalifət artıq bütün resurslarını tükəndirib: "Heç kəs heç kəsin iradəsinin sərbəst ifadəsinə maneçilik törətməyəcək. Sadəcə bizim bu dairələrə rica və çağırışımız budur ki, onlar öz hərəkətləri ilə birdən Ermənistan Respublikasının maraqlarına və Qarabağ ermənilərinin maraqlarına ziyan vurmasınlar. Çünki belə olarsa, bu dəfə bizim bu hərəkətlərə qarşı tədbirlərimiz qanun çərçivəsində, amma daha sərt olacaq".
Azər Nuriyev