Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2023 16:03
"Həmrəylik Halqası" adlandırılan digər bir layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında bildirib.
"Bizim təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq. Sərmayələri də əlaqələndirməliyik ki, bazar imkanları nəzərə alınsın", - deyə dövlətimizin başçısı qeyd edib.
Bu işdə beynəlxalq maliyyə institutlarının dəstəyinə ehtiyac olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: "Bilirik ki, bu gün "yaşıl enerjiyə" gəldikdə, bəzi beynəlxalq maliyyə institutları neft-qaz sahəsini maliyyələşdirməyi dayandırıb. Amma mən hesab edirəm ki, biz bir balaca realist olmalıyıq. Çünki qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam olaraq təmin edilə bilməz".