Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lerikdə Mərakeş çəyirtkələri yayılıb

Lerikdə Mərakeş çəyirtkələri yayılıb

Tarix: 1 Iyun 2023 12:04

​Lerik rayonunun kəndlərində kütləvi şəkildə çəyirtkə​ yayılıb. Çəyirtkələrin hektarlarla taxıl və əkin sahələrini məhv etmək təhlükəsi yaranıb. ​

Milli.Az APA-ya istinadən bildirir ki, bir neçə gündür Lerik rayonunun Blaband kənd ərazi dairəsinə daxil olan Barzavu və Ambu kəndlərindəki əkin sahələrinə Mərakeş çəyirtkələri daraşıb. Ziyanvericilər ilk olaraq ərazidə çobanlar tərəfindən aşkar olunub. Yerli sakinlər ilk dəfədir ki, belə bir halla qarşılaşdıqlarını bildiriblər. Onlar ziyanvericilərə qarşı qısa müddət ərzində tədbir görülməsə, əkdikləri məhsulların məhv olacağından narahatdırlar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki ​mühafizə və fumiqasiya mərkəzin rəisi Ceyhun İbrahimov APA-ya bildirib ki, ərazidə kütləvi şəkildə Mərakeş çəyirtkələri yayılıb: "Əvvəlki illərin müşahidələrinə əsasən burda ümumiyyətlə, çəyirtkənin miqrasiyası müşahidə edilməyib. Ərazidə çəyirtkələrin yaranma səbəbi keçən ilki nəsildən yetkin fərdlər miqrasiya edərək gəlib, bu ərazidə kütləvi şəkildə yumurta qoymasıdır. Bu çəyirtkələr məhz həmin yumurtalardan çıxan çəyirtkələrdir. Hazırda onların məhv edilməsi işləri aparılır. Çəyirtkələr məhv edildikdən sonra gələcəkdə bir daha müşahidə edilməyəcək".

​Qeyd edək ki, Blaband kənd ərazi dairəsinə daxil olan ərazidə 300 hektar əkin sahəsi var. Hazırda ziyanvericilər 50 hektara yaxın əkin sahəsinə yayılıb.

Milli.Az


Etiketlər:  Lerikdə Mərakeş çəyirtkələri yayılıb


RƏYLƏR