Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 11:45
Bakı. Ləman Zeynalova - Trend:
Bərpa olunan enerji mənbələrinin fəal istifadə olunması bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Prəviz Şahbazov bu gün Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumunun açılışında bildirib.
Nazir deyib: "Bərpa olunan enerji mənbələrinin fəal istifadə olunması, həm daxili, həm də xarici investisiyaların bu prosesə cəlb edilməsi, enerji sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə keçid, eyni zamanda ətraf mühitin mühafizəsi üzrə öhdəliklərin yerinə yetirilməsi əsas vəzifələrimizdəndir".
P.Şahbazov qeyd edib ki, hazırda bərpa olunan enerji mənbələrinin istifadəsi hesabına enerji transformasiyası baş verir.
Daha sonra nazir vurğulayıb ki, Bakının genişmiqyaslı enerji forumları və konfransların keçirilməsi üçün məkan olaraq seçilməsi onun tarixi və dünya enerji arxitekturasındakı müasir rolu ilə bağlıdır:
"Tarixi müstəvidə Bakı dünyanın enerji paytaxtı, müasir dövrdə isə aparıcı enerji mərkəzlərindən biridir".
Qeyd edək ki, foruma 13 ölkənin-Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəmənin yüksək səviyyəli dövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət 200-ə yaxın şəxs qatılıb.
55 üzv ölkəni birləşdirən Beynəlxalq Enerji Xartiyası ilə Azərbaycan 20 ildən çoxdur ki, əməkdaşlıq edir. 2018-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulması ilə təşkilatla münasibətlərdə yeni mərhələ başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin