Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 13:24
Azərbaycanın Olimpiya mükafatçılarının sayı hazırda 35 nəfərdir. Bu siyahıda onların adı yoxdur, amma ola bilərdi və olmalıydı: Rəsul və Nurəddin Səlimovların... Təəssüf ki, idmanda bəxt amili də əsasdır. İstedad, zəhmət və ustalıqla yanaşı... Amma Səlimov qardaşlarının idman karyerasının çox erkən başa çatmasını təkcə bu amillə bağlamaq, bilmirəm, nə qədər doğrudur?..
Deyək ki, Rəsulunku bəxt məsələsidi: güləşərkən sağ çiyninin zədələnməsi və bir müddət əhəmiyyət verməməyə çalışdığı bu zədənin sonrakı fəsadları onu cəmi iyirmi üç yaşında tatamidən uzaqlaşmaq məcburiyyətində qoydu. Bəs Nurəddin niyə idman uğurlarını davam etdirmək, artırmaq istəmədi və özündən cəmi bir yaş böyük olan qardaşının ardınca o da peşəkar idmana əlvida demək qərarına gəldi?.. Axı hələ çox gənc idi, gücü və sağlamlığı yerindəydi, heç bir zədə-filan da almamışdı. Ən başlıcası, qardaşının çəkisində cüdo üzrə Azərbaycan yığma komandasının iki nömrəsi idi...
Həmin vaxtdan illər keçib...
Sonradan hər ikisi yenidən idmana qayıdıblar. Bu dəfə böyük idmana yox. Böyüklər - ustalar, veteranlar arasında keçirilən yarışlara... Rəsul veteran ustalar arasında üçqat dünya çempionudur hətta! Nurəddinin də bu kateqoriya üzrə beynəlxalq yarışlardan mükafatları var.
Bunlar var.
Amma bu gün əsas məlumat mənbəyi kimi hər kəsin gen-bol istifadə etdiyi internet resurslarında Səlimov qardaşları haqqında heç nə yoxdur. Yəni nəsə varsa da, elə heç nəyə bərabərdir. Rəsulun veteran cüdoçuların bir neçə gün əvvəl Mərakeşdə keçirilən dünya çempionatından vətənə qızıl medalla qayıtması barədə xəbəri oxuyandan və onun on beş-on altı il əvvəl Azərbaycanın ən ümidverici idmançıları sırasında olduğunu xatırlayandan sonra apardığım virtual araşdırma zamanı belə qənaətə gəldim.
Səlimov qardaşları ilə realda görüşərkən onlar barədə məlumat qıtlığının səbəbini özlərindən soruşdum. Bəri başdan deyim ki, əslində, qardaşların hər ikisinin həddən ziyadə təvazökarlığı bu məsələyə az-çox aydınlıq gətirirdi. Sualım Rəsulun çöhrəsində yüngül bir təbəssüm doğurdu, cavabı isə Nurəddin belə verdi: "O gün dünya çempionatından qayıdanda da Rəsul jurnalistlərin gözünə görünməmək üçün hamıdan arxaya çəkilmişdi".
Hə, bu qədər sadə...
Yəni onlar üzdə olmağa, kimlərinsə diqqətini cəlb etməyə çalışmayıblar...
Nə o vaxt, nə də indi...
Bizim görüşmək, söhbətləşmək istəyimizə isə ümumi tanışlarımızın xahişi ilə razılıq vermişdilər, özü də məhdud bir zaman ayırmaqla...
... Çox əvvələ qayıdırıq. 1980-ci illərə. O illərə ki, Dağıstandan Bakıya köçərək, 61 saylı orta məktəbdə idman müəllimi işləyən, respublikamızda tanınmış voleybolçularından biri olan Alik Səlimov əvvəlcə böyük oğlu Rəsulu, sonra da kiçik oğlu Nurəddini cüdoya yazdırmışdı... "Atam, necə deyərlər, idmanla nəfəs alan adamdı. Bizi - hər iki oğlunu çempion görmək onun arzusu idi. 1987-ci il ildə, altı yaşım olarkən gənc məşqçi Adil Əliyevin "Lokomotiv" cəmiyyətindəki cüdo bölməsinə getməyə başladım. Altı il burada məşğul oldum. 1993-cü ildən isə Azərbaycanın əməkdar məşqçisi İbadulla Şabanovun rəhbərliyi altında məşqlərimi davam etdirdim", - deyə Rəsul cüdoya necə gəldiyini xatırlayır.
Həmin dövrdə yenicə müstəqillik qazanmış respublikamızda vəziyyət, necə deyərlər, hələ idmanlıq deyildi. Beynəlxalq arenalara çıxmazdan öncə ölkəni ictimai-siyasi, sosial-iqtisadi böhrandan çıxarmaq lazım idi. Bununla belə, cüdoçu Nazim Hüseynovun 1992-ci ildə İspaniyadan, Barselonadan müstəqil Azərbaycana ilk Olimpiya qızılı gətirməsi, respublikada idmanın bu növünün daha da populyarlaşmasına səbəb olmuşdu. Böyük idmana doğru kövrək, lakin inamlı addımlar atmağa başlayan Rəsul üçün də, onun ardınca gələn, uğurlarını təkrarlayan Nurəddin üçün də Nazim Hüseynov bir ideal idi.
Özləri belə deyir...
Artıq 1997-ci ildə Rəsul ilk beynəlxalq yarışda - gənclər arasında Avropa çempionatında gücünü sınadı və bürünc medal qazandı. Yaxşı başlanğıc idi. Bir il sonra Moskvada keçirilən birinci Ümumdünya Gənclər Oyunlarında isə 81 kq çəki dərəcəsində həmyaşıdları arasında dünya birincisi oldu. Azərbaycan cüdosuna yeni Olimpiya ümidi gəlirdi. Çox gənc və əzmkar... Rəsul böyüklər arasında növbəti respublika çempionatında birinci yeri tutmaqla yığma komandanın tərkibinə düşdü və 1999-cu ildə hələ "gənc idmançı" kateoriyasında olmasına baxmayaraq, böyüklər arasında Avropa çempionatında (Bratislava, Slovakiya) iştirak edərək, 90 kq çəki dərəcəsində üçüncü yeri tutdu. Bir il sonra bu uğurunu Polşada, Vrotslavada keçirilən qitə birinciliyində təkrarladı. Bürünclər seriyası 2001-ci ildə Parisdə qitə, Münhendə dünya çempionatında davam etdi...
Qitə və dünya çempionatları ilə yanaşı, Rəsul həmin illərdə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi hərbçilər arasında keçirilən beynəlxalq yarışlarda da ölkəmizin idman şərəfini qoruyurdu. 1999-cu ildə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Hərbçilərin Ümumdünya Oyunlarında bürünc medala sahib olmuşdu.
Üfüqdə XXVII Yay Olimpiya Oyunları və Rəsulun da bu mötəbər yarışlara lisensiyası vardı. 2000-ci ildə Avstraliyanın paytaxtı Sidneyə yollanan komandamızda mükafata namizədlər sırasında onun da adı çəkilirdi. On doqquz yaşlı cüdoçumuz ilk qarşılaşmada tatamini məğlub tərk etsə də, sonrakı dörd görüşün hamısında qələbə qazanaraq, bürünc medal uğrunda mübarizəyə çıxacaqdı. "Bundan əvvəl amerikalı cüdoçuyla qarşılaşmamız çox gərgin keçmişdi. İlk dəqiqələrdə tətbiq etdiyim fəndi hakimlər qeydə alsaydılar, görüş, yəqin ki, beş dəqiqə çəkməyəcəkdi. Axırda qələbə mənə verilsə də, əməlli-başlı yorulmuşdum. Belə vəziyyətdə fransalı rəqiblə qarşılaşdım və bürünc medalı əldən verdim", - deyə xəyalən yenidən o anlara qayıdan Rəsul təəssüflə gülümsəyir. Və həmin anlarda Milli Olpimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Mehriban xanımla birlikdə Sidneydə, cüdo yarışlarının keçirildiyi arenanın tribunasında onun mübarizəsini həyəcanla izlədiyini və ürəkdən dəstəklədiyini minnətdarlıq hissi ilə xatırlayır. Yeri gəlmişkən, Sidneydən qayıtdıqdan sonra Rəsul Nurəddinlə birlikdə Rusiyaya qayıtmaq, idman karyeralarını orada davam etdirmək fikrinə düşür. Yalnız cənab İlham Əliyevin onu şəxsən qəbul etməsindən sonra Azərbaycanda qalmağı qərara alır və MOK-un prezidentinə qarşıdakı qitə çempionatında mükafatçılar sırasında olacağına söz verir, vədini də yerinə yetirir. 2001-ci ildə Parisdə keçirilən Avropa çempionatında gümüş medal qazanır.
Onu qarşıda yeni olimpiadalar gözləyirdi. Təəssüf ki, qitə çempionatından az sonra Rəsulun idman karyerasını uğurla davam etdirməsini əngəlləyən və gücünün, ustalığının, gələcəyə inamının ən yüksək həddə olduğu bir vaxtda tatamidən uzaqlaşmasına gətirib çıxaran hadisə baş verdi.
... O, Nurəddinlə birlikdə hərbçilərin Niderlandda keçirilən dünya çempionatına yollanmışdı. Bu dəfə 90 kq çəkidə Nurəddin yarışırdı və nəticəsi də sevindirici oldu: bürünc medal qazandı. Rəsul isə 100 kq çəki dərəcəsində güləşirdi.
Niderlandan vətənə gümüş medalla və... çiynindəki zədə ilə qayıdan Rəsul bir il heç nə olmayıbmış kimi məşqlərini davam etdirir, yarışlara da çıxırdı. "Respublikadakı yarışlarda elə bir fiziki gərginliyim olmurdu. Lakin 2002-ci ildə Avropa çempionatına çiynimdəki ağrılar və bunun doğurduğu psixoloji rahatsızlıqla getdim. Çətinliklə güləşirdim, amma bürünc medal uğrunda mübarizəyədək irəliləyə bildim. Bu mərhələdə rəqibim olimpiya çempionu Mark Huzinq oldu və ona qalib gələ bilmədim", - Rəsulun dediklərində yenə bir təəssüf hissi duyulur.
Bu dəfə də perspektivli idmançının taleyi ilə MOK-un prezidenti cənab İlham Əliyevin özü şəxsən maraqlanır və onun müalicəsi, işlə təmin edilməsi barədə tapşırıq verir. Rəsula dünyanın ən yaxşı klinikalarından birinə getmək təklif olunur. Özü Moskvanı seçir... Orada müalicə olunur, Bakıya qayıdır, yenidən məşqlərə başlayır. Hədəf - 2004-cü ildə Afinada keçiriləcək XXVIII Yay Olimpiya Oyunlarında iştirak etməkdir.
Yeri gəlmişkən, çiynindəki zədənin Rəsulu narahat etdiyi vaxtlarda, eləcə də əməliyyatdan sonrakı dövrdə Nurəddin, sözün həqiqi mənasında, özünə yer tapa bilməyib. Məşqlərdə, tatami üzərində bütün diqqəti qardaşında olub, onun yenidən böyük idmana qayıtmasına hər vəchlə yardım göstərməyə çalışıb, ona sparrinq-tərəfdaşlıq edib. Bircə istəyi olub: qardaşı olimpiadada iştirak edə bilsin.
Və 2003-cü ilin sentyabrında Yaponiyanın Osaka şəhərində keçirilən dünya çempionatı Rəsulun idman karyerasında sonuncu mötəbər yarış oldu. O, planetin ən güclü idmançılarının mübarizəsində mükafat əvəzinə, çiynində şiddətlənən ağrılar "qazandı". Bu dəfə MOK müalicə üçün onu Almaniyaya göndərdi. Rəsulun olimpiya ümidləri hələ qalırdı. Lisenziyası olmasa da, olimpiadada vayt-kartla iştirakı təmin ediləcəkdi. "Tez bir vaxtda məşqlərə başlamaq lazım gəldi. Məni tələsdirirdilər... Amma məşq prosesində anladım ki, bacarmayacağam. Yenidən əməliyyata düşməkdən ehtiyatlanırdım və beləcə, cüdoya əlvida deməli oldum".
Rəsul idmançı karyerası haqqında hökm verdikdən sonra Nurəddinin qarşısında bir yol vardı: qardaşının uğursuzluğunun əvəzini çıxmaq, onun arzularını gerçəkləşdirmək, olimpiadalarda mükafatlar qazanmaq... Amma o, bu yolu seçmədi. Rəsulun yerinə birinci olmaq istəmədi. Məncə, Nurəddinin seçimində Səlimovovların müqəddəs dinimizə qəlbən bağlılığı da az rol oynamayıb. İmamlarımızdan birinin buyurduğu "Qardaşın sənin izzətin və gücündür" kəlamı sanki bu məqam üçün deyilib... Nurəddin üçün şərəf də, şan da qardaşıdır. Bəlkə elə buna görədir ki, o, Rəsulun illər sonra cüdo veteranları hərəkatına qoşulmasına vasitəçilik edib. Bu hərəkatın ölkəmizdəki himayədarı, veteran ustalar arasında dəfərlərlə qitə və dünya çempionu, hazırda Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü olan Azər Əsgərovla tanışlıqldan sonra Rəsul usta cüdoçuların beynəlxalq yarışlarında iştirak etməyə başlayıb. İndi o, "Judo Klub 2012" idman klubunun üzvü kimi həvəslə bu yarışlara hazırlaşır.
... İdman karyerası çox gənc yaşında bitsə də, Rəsul həyatda uğurlu bir insandır. Sevimli ailəsi, beş övladı var. Gömrük xidməti mayorudur, dövlətimizin iqtisadi təhlükəsizliyini qoruyur. Təbii ki, onun Azərbaycan cüdosuna bir məşqçi kimi töhfələri də böyük ola bilər. Əlbəttə, buna dəvət olsa, şərait yaradılsa...
Hələlik isə, iki oğul övladında - Osman və Ömərdə cüdoya maraq və sevgi aşılamağa çalışır. Alik müəllim də övladlarından gözlədiklərini indi nəvələrindən umur... İnşallah, Azərbaycanın olimpiya mükafatçılarının siyahısında Səlimovların da adı olacaq. Mütləq olacaq!
Elşən ƏLİYEV