Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Budapeştdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert təşkil olunub

Budapeştdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert təşkil olunub

Tarix: 17 Iyun 2023 14:00

İyunun 16-da Heydər Əliyev Fondu, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Ferens List Musiqi Akademiyasında klassik musiqi konserti və sərgi təşkil olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tanınmış azərbaycanlı dirijor, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun müşayiəti ilə Macarıstanın məşhur Solnok Simfonik orkestri, gənc və istedadlı solist Selcan Nəsibli dahi Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Asəf Zeynallının, eləcə də macar bəstəkar Bela Bartok və Cakomo Puççininin əsərlərini ifa ediblər.

Konsertdə Macarıstanın Baş nazirinin ofisinin, Milli Assambleyanın, Xarici İşlər və Ticarət, Müdafiə, İqtisadi İnkişaf və Mədəniyyət nazirliklərinin, digər dövlət qurumlarının və Budapeştdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyət və KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısa sənədli filmin nümayişi ilə başlayıb. Daha sonra açılış nitqi ilə çıxış edən səfir Tahir Tağızadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və cəmiyyətinin inkişafının bütün sahələrində, o cümlədən Azərbaycan musiqisinin dünyada tanıdılmasında mühüm rol oynadığını qeyd edib. Ulu Öndər tərəfindən əsası qoyulmuş uzaqgörən siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyi diqqətə çatdırılıb. Həmçinin T.Tağızadə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində uğurlu fəaliyyətini vurğulayıb.

Konsert zamanı səsləndirilən ifalar tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla müşayiət olunub.

Konsertdən sonra Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin əsas mərhələlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi qonaqlara təqdim olunub.

Daha sonra tədbir ziyafətlə davam edib.

Milli.Az


Etiketlər:  Budapeştdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert təşkil olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ